Uncategorized

Azərbaycanın milli mədəni irsi Bursada keçirilən tədbirdə təmsil edilib

Azərbaycanın milli mədəni irsi Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsinin şəhərin Zafer-Atıcılar orta məktəbində təşkil etdiyi tədbirdə təmsil edilib. Bu məqsədlə Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyi tərəfindən tədbirin keçirildiyi məkanda ölkəmizə aid xüsusi stend açılıb.

“Füyuzat”  AZƏRTAC-a  istinadən xəbər verir ki, bununla bağlı açıqlama verən dərnəyin rəhbəri sədri Latifə Nağdalıyeva proqramda Azərbaycanı təmsil etməkdən qürur duyduqlarını vurğulayıb.

O deyib: “Azərbaycanın zəngin tarixi, mədəniyyəti və milli dəyərlərinin tanıdılması məqsədilə hazırladığımız stend şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Mən çıxışımda Qarabağın rəmzlərindən biri olan “Xarıbülbül” çiçəyi haqqında işturakçılara ətraflı məlumat verdim, onun Qarabağ müharibəsi və Azərbaycanın tarixi Zəfəri ilə bağlı mənəvi əhəmiyyətindən bəhs etdim. Bu dəyərli tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edir, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə töhfə verən belə layihələrin davamlı olmasını arzulayırıq”.

Latifə Nağdalıyeva dərnəyə rəhbərlik etdiyi dövr boyunca onu ən çox qürurlandıran məqamlardan birinin Azərbaycanı gələcək nəsillərə tanıtmaq, uşaqların ölkəmizə, mədəniyyətimizə və milli dəyərlərimizə göstərdikləri səmimi maraq və sevgiyə şahid olmaq olduğunu bildirib.

Proqramda Azərbaycan xalq rəqsləri də təqdim edilib.