Xəbərlər

Ənənəvi həsirçilik sənətinə qayğı

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Musakücə kəndində həsirçilik sənəti ilə məşğul olan qadın sənətkarlarla görüşüb.

Görüş zamanı A.Əhmədov qadın sənətkarların hazırladıqları əl işləri ilə tanış olub, həsir toxuma prosesi ilə maraqlanıb və onların fəaliyyəti barədə məlumat alıb.

Bildirilib ki, Musakücə kəndində həsirçiliklə məşğul olan qadınlar təbii qamış bitkilərini toplayır, qurudur və ənənəvi üsullarla müxtəlif həsir nümunələri hazırlayırlar. Nəsildən-nəslə ötürülən bu qədim sənət Masallı rayonunun sənətkarlıq ənənələrinin yaşadılmasında mühüm rol oynayır.

Səmimi görüş zamanı sənətkar qadınlar həsir toxuma prosesini nümayiş etdirib, hazırladıqları əl işləri barədə məlumat veriblər. Görüşdə həsirçilik sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Araz Əhmədov qadın sənətkarların fəaliyyətini yüksək qiymətləndirib, bu qədim sənət növünün yaşadılmasının və sənətkarların fəaliyyətinə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Əlihüseyn ŞÜKÜROV, Masallıda çıxan “Yeni həyat” qəzetinin və eyni adlı saytın baş redaktoru.
Rəşad Fərəcov, Nurşad Bayramov (foto, video).