Dünyanın ən cəlbedici kitabxanaları memarlıq, tarix, incəsənət və biliklərin unikal vəhdətidir. Bəziləri əsrlər öncədən qalan barokko və rokoko üslubunda tikilib, bəziləri isə müasir dövrün futuristik memarlığını əks etdirir.

Triniti kolleci kitabxanası (İrlandiya)
Tarixi kitabxanalar arasında ən məşhurlarından biri Dublin şəhərində yerləşən Trinity College kitabxanasıdır. Kitabxana minilliklərə yaxın yaşı olan nadir əlyazmaların qorunduğu məkandır. Onun “Uzun otaq” adlı zalı 65 metr uzunluğunda olub, taxta rəflərlə əhatələnmiş möhtəşəm bir məkandır. Burada saxlanılan “Kells kitabı” kimi əsərlər dünya mədəni irsinin ən qiymətli nümunələri sayılır.
Admont monastırı kitabxanası (Avstriya)
Avstriyada yerləşən Admont Monastery kitabxanası isə barokko memarlığının zirvələrindən biri hesab olunur. XVIII əsrdə tikilən bu kitabxana dünyanın ən böyük monastır kitabxanasıdır. Onun tavanındakı freskalar, qızılı ornamentlər və geniş, işıqlı zalı insanı sanki saray atmosferinə aparır.
Strahov monastırı kitabxanası (Çexiya)
Praqadakı Strahov Monastery kitabxanası isə daha qədim tarixə malikdir və XVII əsrdə formalaşmışdır. Burada yüz minlərlə kitab qorunur və tavanı bəzəyən dini və elmi mövzulu freskalar kitabxananı həm elmi, həm də estetik baxımdan unikal edir.

Joanina Kitabxanası (Portuqaliya)
Portuqaliyadakı Biblioteca Joanina isə maarifçilik dövrünün simvollarından biridir. XVIII əsrdə tikilən bu kitabxana 70 mindən çox nadir kitabı özündə saxlayır və barokko üslubunda zəngin dekorasiyası ilə seçilir.

Tianjin Binhai kitabxanası(Çin)
Müasir dövr kitabxanaları isə memarlıq baxımından tam fərqli istiqamətdə inkişaf edib. Çində yerləşən Tianjin Binhai kitabxanası futuristik dizaynı ilə diqqət çəkir. Onun daxilində yerləşən böyük sferik quruluş “Göz” adlanır və dalğavari rəflər kitabxanaya qeyri-adi vizual effekt verir. Açıldığı ilk vaxtlarda gündə on minlərlə ziyarətçi cəlb etməsi onun nə qədər maraqlı məkan olduğunu göstərir.
Ştutqart şəhər kitabxanası (Almaniya)
Almaniyadakı Ştuttqart şəhər kitabxanası isə minimalist yanaşmanın nümunəsidir. Tam ağ interyeri, kub formasında quruluşu və piramida şəkilli oxu zalı ilə bu kitabxana sanki müasir incəsənət əsərini xatırladır.
Deichman Kitabxanası (Norveç)
Norveçdə yerləşən Deichman kitabxanası isə yeni nəsil kitabxanaların simvoludur. Şüşə və polad materiallardan istifadə edilərək qurulan bu məkan yalnız kitab oxumaq üçün deyil, həm də sosial fəaliyyətlər, tədbirlər və görüşlər üçün nəzərdə tutulub.

Beytou ictimai kitabxanası (Tayvan)
Ekoloji baxımdan “yaşıl kitabxana” kimi tanınır. Taxta konstruksiyası və enerji qənaətli sistemi ilə fərqlənir.
Kral portuqal oxu zalı (Braziliya)
Dünyanın ən fərqli kitabxanalarından biri Braziliyadakı kral portuqal oxu zalıdır. Bu kitabxana saray interyerinə bənzər quruluşu, vitraj pəncərələri və qotik üslubu ilə seçilir. Burada saxlanılan kolleksiya Portuqaliya ədəbiyyatının ən zəngin arxivlərindən biridir.
Starfield kitabxanası (Cənubi Koreya)
Seulda ticarət mərkəzinin içində yerləşən bu kitabxana nəhəng kitab rəfləri və açıq məkanı ilə ziyarətçiləri cəlb edir.
İsgəndəriyyə kitabxanası (Misir)
Qədim İsgəndəriyyə kitabxanasının müasir davamçısıdır. Həmçini burda muzeylər və elmi mərkəzlər də fəaliyyət göstərir.
Hazırladı: Mədinə Məcidli



