Azərbaycan təhsilə beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi kimi yanaşır, bu siyasətin əsas mexanizmlərindən biri isə əcnəbi tələbələr üçün qrant proqramlarıdır.
“Füyuzat” xəbər verir ki, bu barədə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş “Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans”da bildirib.
Onun sözlərinə görə, 2018-2023-cü illərdə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün xüsusi təhsil qrantı proqramları 200-ə yaxın əcnəbi tələbənin Azərbaycanda ali təhsil almasına imkan yaradıb.
Bu təcrübə əsasında 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yeni, daha genişmiqyaslı təşəbbüs – Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Proqramı təsis edilib.
Proqram beş il müddətinə nəzərdə tutulub və 500 əcnəbi tələbəyə Azərbaycanda ali təhsil almaq imkanı verir.
Onun icrasının ilk ilində qrantlar 35 ölkədən 100 tələbəyə verilib. Növbəti ildə proqramın coğrafiyası 51 dövlətə qədər genişlənib.
“Bu göstəricilər vacibdir, lakin belə proqramların dəyərini yalnız rəqəmlərlə ölçmək mümkün deyil”, – nazir bildirib.



