Həyatımız boyu müxtəlif sahələrlə bağlı müxtəlif təqvim adları ilə rastlaşırıq. İşdə istehsalat təqvimi, efirlərdə yeni mövsümün təqvimi kimi. Ağaclardan qaçmağa çalışan yarpaqlarla gəldiyini xəbər edən payız hansı təqvimdədir bəs? Bu suala cavab axtararkən çox da uzaq olmayan keçmiş canlanır gözümün önündə.
Həmin illərdə təqvim bizim üçün fəsillərin dəyişməsi deyil, sadəcə məktəb həyəcanının, o günlərin özünəməxsus ovqatının başlanğıcı idi. Sentyabrın gəlişi ilə havada yaranan o xəfif sərinlik uşaqlığımızın ən unudulmaz anlarını pıçıldayırdı.
Axşamdan hazırlanmış məktəbli çantalarımız, su içmək adı ilə aldırdığımız, ancaq ən sevimli aksesuar kimi istifadə etdiyimiz su qabları. Və ovcumuzdan da böyük olan ağ bantlar. Onlar yeni tədris ilinin başlanması ilə özümüzdən bixəbər həyatımıza rəng qatırdı. O vaxt bilmirdik ki, həmin kiçik əşyalar illər sonra ən böyük xatirəyə çevrilər.
Onların içində ən sevdiyim ağ bantlar idi. Çünki o, sadə görünən, sevgi ilə hörülən saçların ən saf bəzəyi idi. Ananın isti əllərinin toxunuşu var idi o hörüklərdə. Elə vaxtlar olurdu ki, hörüklərimi pozmamaq üçün axşama kimi bantlarımı çıxarmırdım.
Həmin anları yada salanda sosial mediada qarşıma birinci sinfə gedən məktəblilərin valideynlərinin arxasınca ağladıqları görüntülər çıxır. Gözümdə hər an çay kimi çağlamağa hazır olan damlalarla birgə üzümdə xəfif bir təbəssüm yaranır.
Necə də qəribədir. Məktəbin ən kövrək qızı birinci sinifdə anası onu məktəbdə qoyub gedəndə heç ağlamamışdı. Çünki bilirdi ki, zəng çalınanda, dərs bitəndə o mehriban sima yenə məktəb həyətində görünəcək, o isti əllər yenidən onun əllərindən tutacaq.
Amma illər sonra ağladı. Anası onu həyat məktəbində tək qoyub cismən tərk etdiyi gün. O gün başa düşdü ki, həqiqi ayrılıq məktəb qapısında deyil, həyatın o sərt və geridönməz astanasında baş verirmiş.
İllər keçdi, dəyişən təqvimlər qızın payız hörüklərini həyatın çılğın küləkləri ilə birgə dağıtdı. Zaman keçdikcə ağ bantların yerini həyatın qayğıları, uşaqlıq təbəssümünün yerini isə daha dərin, düşüncəli baxışlar aldı.
Ancaq hələ də bu təqvim ona uşaqlığının qayğısız günlərindən yadigar qalan payız hörüklərini xatırladır. Hər payız küləyi əsəndə, hər sarı yarpaq yerə düşəndə o ağ bantlı qız uşağı təzədən xatirələrdə canlanır və anasının nəvazişli əllərinin istisini öz saçlarında yenidən hiss edir…



