Türkiyə-Azərbaycan Universitetində (TAU) təhsil alan hər bir gəncin uğuru Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın gələcəyə daşınmasına xidmət edir.
“Füyuzat” Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan TAU-da baş tutan Bilik Günü ilə bağlı tədbirdə deyib.
Y.Aydoğan TAU-da təhsil alan tələbələrə müraciət edərək bildirib:
“Dəyərli tələbələrimizə səslənmək istəyirəm. Siz yalnız bir universitetdə təhsil almırsınız. Siz iki ölkənin ortaq gələcəyinin formalaşdırıldığı bir mühitdə yetişirsiniz. Bir gün Azərbaycanda texnologiya şirkəti qurduğunuzda, Türkiyədə laboratoriyada araşdırma apardığınızda, Bakıda bir layihəyə imza atdığınızda və ya Ankara, İstanbul, Gəncə, Şəki, Qarabağda yeni bir təşəbbüsün parçası olduğunuzda, bu gün burada qurduğunuz əlaqələrin nə qədər dəyərli olduğunu daha yaxşı anlayacaqsınız”.
Müşavir qeyd edib ki, iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlıq məktəbəqədər təhsildən ibtidai təhsilə, orta təhsildən ali təhsilə qədər uzanan geniş bir təhsil ekosistemini əhatə edir:
“Bu ekosistemin hər bir halqası Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın gələcəyə daşınmasına xidmət edir”.



