Son günlər ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə təhsil müddətinin azaldılması məsələsi geniş müzakirə mövzusuna çevrilib. Belə ki, ölkəmizdə bakalavr pilləsində təhsil müddətinin azaldılması ilə bağlı Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi təklif olunur.
Təhsil eksperti Ruslan Bayramlının “Füyuzat”a bildirdiyinə görə, dünyada özünü doğrultmuş bu təcrübənin Azərbaycanda da tətbiq olunması təhsilin gələcək perspektivləri baxımından olduqca önəmlidir. Lakin ekspert hesab edir ki, bu dəyişikliyin təhsil sistemində dərhal ciddi sıçrayış yaradacağını söyləmək çətindir, çünki təhsil özlüyündə ətalətli və tədrici inkişaf tələb edən bir prosesdir.
Mövzuya konkret misalla diqqət çəkən ekspert qeyd edib ki, hazırda qısamüddətli mühasibatlıq kurslarının təqdim etdiyi proqramı universitetlər təklif olunan yeni müddət ərzində daha rahat və əhatəli şəkildə verə bilərlər.
Bununla yanaşı, müddətin azaldılması bütün ixtisaslar üçün eyni dərəcədə səmərəli olmaya bilər. Hətta bəzi istiqamətlər üzrə təhsil müddətinin artırılması zərurətinin də yaranacağı istisna edilmir. Bununla belə, qlobal təcrübə göstərir ki, müəyyən ixtisaslar üzrə təhsil müddətinin optimallaşdırılması mümkündür. Müasir dövrdə zaman amilinin önəmini vurğulayan ekspert bildirib ki, bu addım gənclərin əmək bazarına və iş həyatına daha tez inteqrasiya olunmasına imkan yaradacaq. Burada əsas şərt təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris proqramlarının effektivliyinin təmin olunmasıdır.
Qeyd edib ki, sözügedən modelə keçid mürəkkəb və uzunmüddətli hazırlıq prosesi tələb edir. Bu çərçivədə kredit sisteminin və tədris proqramlarının yenilənməsi, eləcə də qanunvericilik bazasında müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Ciddi araşdırmalara söykənən bu islahatın reallaşması üçün ilk növbədə hüquqi çərçivə formalaşdırılmalı, daha sonra modelin mərhələli tətbiqinə başlanılmalıdır.



