Yeni tikililər və yeni infrastruktur layihələri tarixi binalar və tarixi abidələr üçün müəyyən təhlükələr yarada bilər.
“Füyuzat” xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda təşkil olunmuş konfrans zamanı deyib.
O bildirib ki, layihələrin icrası zamanı xüsusi həssaslığın göstərilməsi və elmi yanaşmaların tətbiqi olduqca önəmlidir:
“Təbii ki, burada zaman amili də mühüm əhəmiyyət daşıyır. Eyni zamanda tarixi abidələrin orijinallığının qorunması, onların mühafizəsinin təmin edilməsi, bərpa və konservasiya işlərinin həyata keçirilməsi bir-biri ilə sıx əlaqəli olmalı və koordinasiyalı şəkildə aparılmalıdır. Bütün bu proseslər elə tənzimlənməlidir ki, biri digərinə zərər vurmasın”.
Nazir qeyd edib ki, inteqrasiya məsələsi də burada xüsusi əhəmiyyət kəsb edir:
“Yeni binalar tikilir, yeni şəhərsalma görkəmi formalaşır. Lakin tarixi binaların bu yeni şəhər mühitinə inteqrasiyası çox vacib məsələlərdən biridir. Bu həm müəyyən təhlükə, həm də yeni çağırışlar yaradır. Düşünürəm ki, xüsusilə şəhərsalmanın intensiv olduğu bölgələrdə tarixi-dini abidələrin və ümumiyyətlə, mədəni irs nümunələrinin qorunması ilə müasir şəhərsalma arasında xüsusi bir balans formalaşdırılmalıdır”.
Adil Kərimli bildirib ki, şəhərsalma ilə mədəni irsin qorunması arasında düzgün balansın yaradılması həm dövlət qurumlarının, həm özəl sektorun, həm də elmi ictimaiyyətin birgə və koordinasiyalı fəaliyyətini tələb edir.



