Rusiyanın klassik musiqi üzrə dövlət radiostansiyası “Orfey” Milli Musiqi Günü münasibətilə Azərbaycanın Moskvadakı səfirliyi ilə birgə Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq irsi haqqında material hazırlayıb.
“Füyuzat” xəbər verir ki, maarifləndirici materialda görkəmli bəstəkarın Şərq və Qərbin musiqi ənənələrinin birləşdirilməsindəki roluna xüsusi diqqət yetirilib. Verilişin müəllifləri onun uşaqlıq illərini keçirdiyi Şuşadan başlayaraq dünya mədəniyyətinin sərvətinə çevrilmiş əsərlərin yaradılmasına qədər olan yaradıcılıq yolunu izləyiblər.
Rusiya radiostansiyasının efirində qeyd olunub ki, gələcək bəstəkar məhz Şuşada küçə satıcısının “Arşın mal alan” çağırışını ilk dəfə eşidib. İllər sonra həmin sözlər Üzeyir Hacıbəyliyə dünya şöhrəti qazandıran musiqili komediyanın adına çevrilib. 1913-cü ildə yaradılmış əsər onlarla dilə tərcümə olunub və bir çox ölkələrin teatrlarında səhnələşdirilib. 1945-ci ildə çəkilmiş və baş rolunu Rəşid Behbudovun ifa etdiyi eyniadlı film də geniş şöhrət qazanıb.
Proqramın ayrıca hissəsi 1908-ci ildə Bakıda premyerası keçirilmiş “Leyli və Məcnun” operasına həsr olunub. Üzeyir Hacıbəyli 22 yaşında yazdığı bu əsərdə Avropa opera formasını ilk dəfə Azərbaycan muğam ənənələri ilə birləşdirib. Bu əsər müsəlman Şərqində ilk opera kimi tarixə düşüb və yeni janrın – muğam operasının əsasını qoyub.
Radiostansiya, həmçinin bəstəkarın 1936-cı ildə tamamladığı və yaradıcılığının zirvələrindən biri hesab edilən “Koroğlu” operası haqqında məlumat verib. Üzeyir Hacıbəyli bu əsərdə müasir musiqi mədəniyyətinin nailiyyətlərindən istifadə etməklə forma baxımından milli opera yaratmağa çalışıb.
Bəstəkarın maarifçilik və pedaqoji fəaliyyətinə xüsusi diqqət yetirilib. Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik edib, dərs deyib, milli musiqi ənənəsinin öyrənilməsi ilə məşğul olub və aralarında Qara Qarayevin də olduğu görkəmli musiqiçilər nəsli yetişdirib. Onun fundamental əsəri olan “Azərbaycan xalq musiqisinin əsasları” milli musiqişünaslığın inkişafında mühüm rol oynayıb.
Verilişdə vurğulanıb ki, Üzeyir Hacıbəylinin yaradıcılığı Şərqlə Qərb arasında mədəni körpüyə çevrilib, onun əsərləri isə bu gün də dünyanın hər yerindən dinləyiciləri Azərbaycan musiqi mədəniyyətinin zənginliyi ilə tanış edir.
Bəstəkarın doğum günü – 18 sentyabr Azərbaycanda hər il Milli Musiqi Günü kimi qeyd olunur. “Orfey” radiosu ənənəvi olaraq bu tarix münasibətilə maestronun əsərlərinin ifasını və onun irsi haqqında maarifləndirici materialları efirdə təqdim edir.



