Xəbərlər

Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Leyli və Məcnun” tamaşası nümayiş olunub

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operası əsasında Prezident mükafatçısı, rejissor Samir Qulamovun quruluşunda hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

“Füyuzat” xəbər verir ki, tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılovadır.

Səhnə əsərində Əməkdar artist Nadir Xasiyev, respublika və beynəlxalq muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova, Orxan Hüseynli və digər aktyorlar, həmçinin xor və balet artistləri iştirak ediblər.