Torpağı – türbət,
Suları – şərbət,
Günəşi – məlhəm,
Ayrılığı – qəm,
Azərbaycanım!
Bu misralar Mirvarid Dilbazinin Vətən sevgisini, doğma yurda bağlılığını və poeziyasının əsas ruhunu əks etdirir. Azərbaycan poeziyasında elə şairlər var ki, onların adı çəkilən kimi insanın ağlına ilk növbədə səmimiyyət, Vətən sevgisi və milli dəyərlər gəlir. Mirvarid Dilbazi də məhz belə sənətkarlardandır. Onun yaradıcılığı ilə tanış olduqca hiss edirsən ki, yazdığı hər misra yaşadığı həyatın və keçirdiyi duyğuların əks-sədasıdır. Elə buna görə də onun poeziyası bu gün də öz dəyərini itirmir.
Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunun Musaköy kəndində, indiki Xanlıqlar kəndində anadan olub. O, Azərbaycanın tanınmış Dilbazilər nəslinin nümayəndəsi idi. Tarixi mənbələrdə bu nəslin mənşəyinin Nadir şah dövrünə gedib çıxdığı qeyd olunur. Dilbazilər igidliyi, Vətənə bağlılığı və milli-mənəvi dəyərlərə sədaqəti ilə tanınıblar. Düşünürəm ki, Mirvarid Dilbazinin vətənpərvər ruhunun formalaşmasında böyüdüyü ailə mühitinin böyük rolu olub.
Şairənin atası Paşa bəy, anası isə Cavahir xanım idi. Atasını erkən yaşda itirdikdən sonra onun tərbiyəsi babası Mustafa ağanın himayəsində davam edib. Mənə elə gəlir ki, uşaqlıqda yaşanan hadisələr insanın gələcək həyatına və yaradıcılığına ciddi təsir göstərir. Mirvarid Dilbazinin həyatında da bunu aydın görmək mümkündür.
Dilbazilər nəsli tarix boyu müxtəlif çətinliklərlə üzləşmişdi. Ailə 1937-ci il repressiyalarının ağrı-acısını yaşamış, babası Mustafa ağa repressiya qurbanı kimi Qazaxıstana sürgün edilmişdi. Bu hadisələr şairənin dünyagörüşünə təsirsiz ötüşməmiş, əsərlərində Vətən, ədalət, insan taleyi və milli-mənəvi dəyərlərin güclü əks olunmasına səbəb olmuşdu.
1921-ci ildə Mirvarid Dilbazi anası və bacısı ilə birlikdə Bakıya köçür. Təhsilini əvvəlcə Qızlar Seminariyasında, daha sonra Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində davam etdirir. Bu illər onun gələcək yaradıcılığının möhkəm bünövrəsini qoyur.
Ali təhsilini başa vurduqdan sonra Quba Partiya Məktəbində ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Müəllimlik peşəsi də onun yaradıcılığına təsir göstərmiş, həm dərslərində, həm də şeirlərində Vətən sevgisi və mənəvi dəyərləri aşılamışdı.
Şairənin şəxsi həyatı da asan keçməmişdi. İlk həyat yoldaşı Rəşid bəy Dilbazi olmuşdu. Sonralar isə alim və pedaqoq Həsi Abdullayevlə ailə həyatı qurmuşdu. Yaşadığı hadisələr onun yaradıcılığında da öz əksini tapmışdı.
Məni xüsusilə təsirləndirən məqamlardan biri də Mirvarid Dilbazinin ana dilinə və milli-mədəni irsə münasibətidir. O, ömrünün sonuna qədər əsərlərini əvvəlcə əski Azərbaycan əlifbası ilə yazır, daha sonra onların müasir qrafikaya köçürülməsini məqsədəuyğun hesab edirdi. Məncə, bu, onun ana dilinə və milli kimliyinə dərin hörmətinin göstəricisi idi.
Mirvarid Dilbazinin ədəbi fəaliyyəti çox erkən yaşlarından başlayıb. Məktəb illərindən kitaba və mütaliəyə böyük maraq göstərməsi onun gələcəkdə tanınmış şairə olacağından xəbər verirdi. İlk çap olunan şeiri “Qadınların hürriyyəti” olmuş və 1927-ci ildə “Oktyabr alovları” məcmuəsində dərc edilmişdi. Sonralar digər şeirləri də həmin nəşrdə işıq üzü görərək onun yaradıcılıq yolunun əsasını qoymuşdu.
Mirvarid Dilbazinin əsərlərini oxuduqda diqqəti cəlb edən ilk cəhət onların səmimiliyidir. O, Vətəni, doğma torpağı, zəhmətkeş insanları və təbiəti böyük sevgi ilə tərənnüm edirdi. “Xəzər üstə şəhərim var”, “Abşeronda gün doğanda”, “Günəş kimi” kimi əsərlərində adi insanların həyatını sadə və təbii şəkildə təsvir etmişdir. Onun poeziyasını fərqləndirən əsas xüsusiyyət də məhz bu təbiilik və səmimiyyətdir.
Mirvarid Dilbazinin yaradıcılığında İkinci Dünya müharibəsi xüsusi yer tutur. O, xalqın yaşadığı ağrıları dərindən hiss edərək qələmə alırdı. Müharibə illərində nəşr olunan yeddi kitabından altısının bu mövzuya həsr edilməsi onun Vətənə və xalqa bağlılığını bir daha göstərir.
Şairənin “Məhsəti”, “Əlcəzairli qız” və “Partizan Aliyə” poemalarında təkcə qəhrəmanlıq deyil, qadının gücü, iradəsi, Vətən sevgisi və milli qüruru da əks olunur. Mənim fikrimcə, Mirvarid Dilbazi qadın obrazlarında həm zərifliyi, həm də mübariz ruhu böyük ustalıqla göstərmişdir.
Mirvarid Dilbazi uşaqlar üçün də dəyərli əsərlər yazmışdır. “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar” kimi kitablarında uşaqlara sevgi və tərbiyəvi fikirlər sadə dillə çatdırılmışdır. Düşünürəm ki, uşaqlar üçün bu qədər səmimi və anlaşıqlı yazmaq hər yazıçıya nəsib olmur.
Məni təəccübləndirən məqamlardan biri də onun tərcüməçilik fəaliyyətidir. Mirvarid Dilbazi Nizami Gəncəvi, Xaqani Şirvani, Aleksandr Puşkin və digər görkəmli müəlliflərin əsərlərini Azərbaycan dilinə çevirmişdir. Məncə, yaxşı tərcüməçi olmaq üçün yalnız dili bilmək deyil, müəllifin ruhunu da hiss etmək lazımdır və o, bunu bacaran sənətkarlardan biri idi.
Onun yaradıcılığında Qarabağ dərdi və milli azadlıq ideyaları da mühüm yer tutur. “Ağla kamanım, ağla”, “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbristanında” kimi əsərlərində xalqın yaşadığı faciələr, şəhidlərin xatirəsi və Vətən sevgisi böyük ustalıqla ifadə olunmuşdur. Mən bu əsərləri oxuyarkən hiss edirəm ki, Mirvarid Dilbazi təkcə şair kimi deyil, həm də xalqının ağrılarını yaşayan bir vətəndaş kimi yazırdı.
Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar mədəniyyət işçisi” və “Xalq şairi” fəxri adlarına layiq görülmüş, Azərbaycan SSR Dövlət Mükafatı, “İstiqlal” ordeni və bir sıra digər orden-medallarla təltif olunmuşdur. Bu mükafatlar onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətlərin nəticəsi idi.
Lakin bir insanı dəyərli edən təkcə aldığı mükafatlar deyil. Mirvarid Dilbazini tanıyanlar onu həmişə sadə, təvazökar, səmimi və yüksək mənəvi keyfiyyətlərə malik insan kimi xatırlayıblar. Mənə elə gəlir ki, onun qazandığı hörmət təkcə yazdığı əsərlərdən deyil, həm də insanlığından qaynaqlanırdı.
2001-ci il iyulun 12-də Mirvarid Dilbazi vəfat etdi. O, vəsiyyətinə uyğun olaraq Bakıda Dağüstü qəbiristanlıqda anası Cavahir xanımın və bacısı Yaqut xanımın yanında dəfn olundu. Mən düşünürəm ki, sənətkarlar fiziki olaraq aramızdan ayrılsalar da, əsərləri ilə yaşamağa davam edirlər. Mirvarid Dilbazi də məhz belə sənətkarlardandır.
Onun yaradıcılığı haqqında araşdırma aparan alimlər də bu fikri dəfələrlə vurğulamışlar. Tədqiqatçı İsmayıl Umudlu qeyd edirdi ki, Mirvarid Dilbazi ömrünün son gününə qədər yaradıcılığını davam etdirmişdir. Professor Aqşin Babayev isə onun əsərlərinin bu gün də oxucular tərəfindən sevilərək oxunduğunu bildirirdi. Məncə, bir sənətkar üçün bundan böyük qiymət ola bilməz.
Mirvarid Dilbazinin yaradıcılığı dövrünün görkəmli ədibləri tərəfindən də yüksək qiymətləndirilmişdir. M.S. Ordubadi onun gələcəyinə böyük ümid bəsləmiş, Ə.Cəmil isə əsərlərindəki səmimiyyəti xüsusi vurğulamışdır. Bu fikirlər bir daha göstərir ki, Mirvarid Dilbazi həm yaşadığı dövrdə, həm də sonrakı illərdə Azərbaycan ədəbiyyatında xüsusi yer tutmuş sənətkarlardan biridir.
Bütün bunları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, Mirvarid Dilbazi təkcə XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi deyil, həm də milli-mənəvi dəyərlərimizi yaşadan söz ustalarındandır. Onun yaradıcılığında Vətən sevgisi, insanlıq, xeyirxahlıq, milli birlik və humanizm əsas yer tutur. Mənim fikrimcə, onun əsərləri bu gün də aktuallığını qoruyur. Çünki qələmə aldığı mövzular hər dövrdə insanı düşündürən və mənəvi cəhətdən zənginləşdirən dəyərləri əks etdirir. Elə buna görə də Mirvarid Dilbazinin adı Azərbaycan ədəbiyyatı tarixində həmişə böyük hörmətlə çəkiləcək, zəngin ədəbi irsi isə gələcək nəsillər üçün qiymətli mənəvi xəzinə olaraq yaşayacaq.
Müəllif: Aysun Musayeva



