Yüz il öncə – 1926–cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay türkologiya elmi tarixində dönüş nöqtəsi oldu. Qurultay yalnız dövrünün ən böyük elmi toplantılarından biri deyildi; o, ortaq əlifba, terminologiya, dil siyasəti, təhsil və elmi əməkdaşlıq kimi məsələlər ətrafında türk xalqlarının ümumi intellektual baxışını formalaşdıran mühüm platformaya çevrildi. Sonrakı siyasi hadisələr həmin ideyaların bir qisminin həyata keçirilməsini ləngitdi, amma onların elmi əhəmiyyəti və strateji dəyəri qorunub saxlanıldı.
Aradan keçən yüz il ərzində türk dünyasının siyasi mənzərəsi köklü şəkildə dəyişdi. Türk dövlətlərinin müstəqilliklərini elan etməsi, əməkdaşlıq institutlarının formalaşması və ortaq humanitar məkanın genişlənməsi XX əsrin əvvəllərində irəli sürülən bir çox ideyanın yeni tarixi şəraitdə yenidən aktuallaşmasına imkan yaratdı. Vaxtilə elmi müzakirələrin predmeti olan məsələlər bu gün dövlətlərarası əməkdaşlığın və beynəlxalq türk təşkilatlarının fəaliyyət istiqamətlərindən birinə çevrildi.
Bu mənada 2026–cı il iyunun 29–dan iyulun 3–dək Bakı, Şuşa və Xankəndidə keçirilən Türk Dünyası Həftəsi yalnız yubiley tədbirləri silsiləsi deyildi. I Türkoloji Qurultayın yüz illiyi münasibətilə təşkil olunan bu beynəlxalq platforma tarixi irsi yenidən dəyərləndirmək, müasir türkologiyanın prioritetlərini müəyyənləşdirmək və gələcək əməkdaşlığın yeni istiqamətlərini müzakirə etmək məqsədi daşıyırdı. Əsas diqqət yüz il əvvəl irəli sürülmüş ideyaların XXI əsrin elmi, texnoloji və geosiyasi reallıqları fonunda necə inkişaf etdirilə biləcəyinə yönəlmişdi.
Türk Dünyası Həftəsinin proqramı əvvəlcədən düşünülmüş aydın konsepsiya üzərində qurulmuşdu. Beş gün ərzində Bakıda və Xankəndidə keçirilən plenar iclaslar, panel müzakirələri, beynəlxalq konfranslar, kitab təqdimatları, sərgilər və mədəni tədbirlər I Türkoloji Qurultayın elmi irsini müxtəlif istiqamətlərdə yenidən nəzərdən keçirməyə xidmət edirdi. Məqsəd keçmişi xatırlamaqla kifayətlənmək deyil, müasir türkologiyanın qarşısında duran vəzifələri müəyyənləşdirmək və türk dünyasının elmi əməkdaşlığının gələcək istiqamətlərini müzakirə etmək idi.
Tədbirin ilk günündə keçirilən plenar iclaslarda türk dünyasında elmi, mədəni və humanitar əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri geniş müzakirə olundu. Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Yunus Əmrə İnstitutu və digər beynəlxalq qurumların rəhbərlərinin çıxışları göstərdi ki, XX əsrin əvvəllərində türkoloqların irəli sürdüyü əməkdaşlıq ideyaları bu gün artıq beynəlxalq institutlar vasitəsilə sistemli şəkildə həyata keçirilir. Bu, 1926–cı ildə səsləndirilən nəzəri fikirlərin praktiki əməkdaşlığa keçidinin ən mühüm göstəricilərdən biridir.
Sonrakı panel və konfranslarda türk dillərinin inkişafı, tarix və filologiyanın aktual problemləri, ortaq mədəni irsin qorunması, təhsildə əməkdaşlıq, eləcə də beynəlxalq elmi əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Diqqəti cəlb edən cəhət ondan ibarət idi ki, müzakirələr klassik türkologiyanın ənənəvi mövzuları ilə məhdudlaşmırdı. Rəqəmsallaşma, ortaq elektron resursların yaradılması, akademik mobillik, gənc tədqiqatçıların hazırlanması və elmi şəbəkələrin genişləndirilməsi kimi məsələlər də müasir türkologiyanın prioritet istiqamətləri kimi təqdim olunurdu.
Beləliklə, Türk Dünyası Həftəsi yubiley tədbiri çərçivəsini aşaraq I Türkoloji Qurultayın ideyalarının müasir mərhələdə necə davam etdirildiyini göstərən genişmiqyaslı elmi və mədəni platformaya çevrildi. 1926–cı ildə əsas məqsəd ortaq elmi düşüncə formalaşdırmaq, yüz il sonra isə həmin düşüncəni davamlı elmi əməkdaşlıq, beynəlxalq institutlar və yeni texnoloji imkanlar vasitəsilə inkişaf etdirmək idi.
Türk Dünyası Həftəsi yalnız elmi müzakirələrlə yadda qalmadı. Kitab təqdimatları, “Divanü lüğat–it–türk” sərgisi, I Türkoloji Qurultaya həsr olunmuş nəşrlərin təqdimatı, film nümayişləri və digər mədəni tədbirlər türkoloji irsin təkcə akademik araşdırma mövzusu deyil, ortaq tarixi yaddaşı və mədəni kimliyi yaşadan əsas dəyərlərdən biri olduğunu göstərdi. Elmi sessiyalarla mədəni proqramların paralel təşkili türk dünyasında inteqrasiyanın siyasi və iqtisadi maraqlarla yanaşı, ortaq mədəniyyətə, tarixə və intellektual irsə söykəndiyini bir daha təsdiqlədi.
Tədbirin coğrafiyası da dərin simvolik məna daşıyırdı. Bakıdan başlayan elmi-mədəni yol Şuşadan keçərək Xankəndidə yekunlaşırdı. Bu marşrut təsadüfi seçilməmişdi. Bakı I Türkoloji Qurultayın keçirildiyi şəhər kimi müasir türkoloji düşüncənin tarixi başlanğıcını təmsil edirdi. Şuşa Azərbaycan və bütövlükdə türk dünyasının mədəni yaddaşını yaşadan mühüm mərkəzlərdən biri kimi çıxış edirdi. Xankəndi isə azad Qarabağda formalaşan yeni elmi mühitin, akademik əməkdaşlığın və türkoloji araşdırmaların gələcək inkişaf istiqamətinin rəmzinə çevrilirdi.
Bu mənzərənin ən mühüm məqamı Türk Dünyası Həftəsinin əsas tədbirinin Qarabağ Universitetində keçirilməsi idi. Burada söhbət yalnız tədbirin keçirildiyi məkandan getmirdi. Bir əsr əvvəl Bakıda başlanan elmi ənənənin yüz il sonra Qarabağda davam etdirilməsi Azərbaycanın azad olunmuş ərazilərində elmi və mədəni həyatın bərpasının, eyni zamanda yeni akademik mühitin formalaşmasının ifadəsinə çevrilmişdi. Müxtəlif ölkələri təmsil edən türkoloqların Qarabağ Universitetində bir yerə toplanması Xankəndinin beynəlxalq elmi əməkdaşlığın yeni ünvanlarından birinə çevrilmə potensialını da nümayiş etdirirdi.
Bu hadisə mənim üçün həm də xüsusi mənəvi əhəmiyyət daşıyır. Hələ 2021–ci ildə Türkiyə mətbuatına verdiyim müsahibədə I Türkoloji Qurultayın yüz illik yubileyinin Qarabağda keçirilməsinin əhəmiyyətini vurğulayaraq demişdim: “I Bakı Türkoloji Qurultayının ikincisi və 100 illiyi 2026–cı ildə Şuşada keçirilə bilər. Bu, çox mənalı olar. Şuşa Azərbaycanla birlikdə Türk dünyasının mədəniyyət və elm şəhərinə çevriləcək”.
Həmin vaxt bu fikir gələcəyə ünvanlanmış bir arzu olmaqla yanaşı, tarixi zərurətdən doğan elmi baxışı da ifadə edirdi. Beş il sonra I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirlərin əvvəlcə Bakıda, sonra isə Xankəndidə – Qarabağ Universitetində keçirilməsi həmin baxışın gerçəkliyə çevrildiyini və xüsusi rəmzi məna daşıdığını göstərirdi. Bununla I Türkoloji Qurultayın elmi irsi öz tarixi və mənəvi məkanına qayıtdı, Qarabağ isə yenidən beynəlxalq elmi dialoqun və türkoloji düşüncənin mühüm ünvanlarından biri kimi öz sözünü deməyə başladı.
Qarabağ Universitetində keçirilən beynəlxalq konfransın ən mühüm nəticəsi “Xankəndi bəyannaməsi”nin qəbul edilməsi oldu. Bu sənəd Türk Dünyası Həftəsinin yekun sənədi olmaqla yanaşı, müasir türkologiyanın qarşısında duran əsas vəzifələri sistemləşdirən strateji proqram kimi diqqət çəkir. Türkoloji ideyaların XXI əsrin elmi, texnoloji və geosiyasi reallıqları şəraitində yeni məzmun qazandığını göstərir.
Bəyannamədə irəli sürülən təkliflər türkoloji əməkdaşlığın artıq fərdi təşəbbüslər çərçivəsindən çıxaraq institusional xarakter aldığını nümayiş etdirir. Birgə elmi layihələrin genişləndirilməsi, ortaq doktorantura proqramlarının yaradılması, akademik mobilliyin gücləndirilməsi və gənc türkoloqlar üçün yeni tədqiqat imkanlarının formalaşdırılması gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilir.
Sənədin mühüm cəhətlərindən biri də rəqəmsal türkologiyaya xüsusi yer ayırmasıdır. Ümumtürk elektron lüğətlərinin hazırlanması, dil korpuslarının yaradılması, əlyazma irsinin rəqəmsallaşdırılması və türk dillərinin müasir informasiya texnologiyalarında daha geniş təmsil olunması artıq klassik filoloji tədqiqatların davamı deyil, onların yeni mərhələyə keçididir. Süni intellekt, böyük həcmli verilənlər bazası və rəqəmsal humanitar elmlərin sürətlə inkişaf etdiyi şəraitdə türk dillərinin bu prosesdən kənarda qalmaması strateji zərurət kimi qiymətləndirilir.
Bəyannamədə ortaq mədəni yaddaşın qorunması da mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Milli kitabxana fondlarının rəqəmsallaşdırılması, fundamental mənbələrin vahid platformalarda istifadəyə verilməsi və türk xalqlarının ortaq mədəni irsinin beynəlxalq miqyasda tanıdılması elmi əməkdaşlığın mədəni əsaslarını daha da möhkəmləndirməyə xidmət edir.
Sənədi fərqləndirən xüsusiyyətlərdən biri qəbul edilən qərarların icrası üçün koordinasiya və monitorinq mexanizmlərinin nəzərdə tutulmasıdır. Bu yanaşma bəyannaməni yalnız tövsiyələr toplusu kimi deyil, həyata keçirilməsi nəzərdə tutulan konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirən proqram sənədi kimi xarakterizə edir.
Əslində, I Türkoloji Qurultay ilə “Xankəndi bəyannaməsi” arasında aydın ideya varisliyi mövcuddur. 1926–cı ildə ortaq əlifba, terminologiya, elm və təhsil sahəsində əməkdaşlıq prioritet hesab olunurdusa, yüz il sonra həmin məqsədlər rəqəmsal texnologiyalar, beynəlxalq elmi layihələr, akademik mobillik, ortaq təhsil proqramları və mədəni diplomatiya vasitəsilə davam etdirilir. Dəyişən ideyaların özü deyil, onların həyata keçirilmə imkanları və miqyasıdır.
Bu baxımdan “Xankəndi bəyannaməsi”
I Türkoloji Qurultayın müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsinin ifadəsidir. O, türkologiya elminin ikinci yüzilliyi üçün əsas prioritetləri müəyyənləşdirən strateji yol xəritəsi kimi dəyərləndirilə bilər.
Türk Dünyası Həftəsi göstərdi ki, bu gün türkologiya artıq yalnız keçmişi araşdıran elm sahəsi deyil. O, ortaq elmi siyasətin formalaşdırılmasında, humanitar inteqrasiyanın dərinləşdirilməsində, mədəni diplomatiyanın inkişafında və rəqəmsal gələcəyin qurulmasında fəal iştirak edən strateji istiqamətə çevrilməkdədir. Bu baxımdan “Xankəndi bəyannaməsi” təkcə yubiley tədbirinin yekun sənədi deyil, türkologiya elminin qarşıdakı onilliklər üçün fəaliyyət proqramıdır.
Hər bəyannamənin dəyəri təkcə onun qəbul edilməsi yox, həm də həyata keçirilməsi ilə ölçülür. Qarşıdakı illərdə əsas məsələ sənəddə əks olunan müddəaların ortaq elmi layihələrə, universitetlərarası əməkdaşlığa, doktorantura proqramlarına, rəqəmsal dil resurslarına və gənc tədqiqatçıların yetişdirilməsinə çevrilməsidir. Bu məqsədlərə nail olunarsa, “Xankəndi bəyannaməsi” də I Türkoloji Qurultayın qərarları kimi türkologiya elminin inkişaf tarixində mühüm mərhələ kimi xatırlanacaq.
Yüz il əvvəl I Türkoloji Qurultayın nümayəndələri gələcəyə baxaraq ortaq elm və mədəniyyət ideyasının əsaslarını müəyyənləşdirmişdilər. Bu gün həmin ideya daha geniş imkanlar, daha güclü institutlar və daha əlverişli siyasi şərait hesabına inkişafını davam etdirir. Dövr dəyişsə də, türk dünyasının elmi, dili və mədəniyyəti ətrafında ortaq düşüncə məkanının formalaşdırılması məqsədi bu gün də aktuallığını qoruyur.
Türkologiya elmi ikinci yüzilliyinə bu cür məsuliyyətlə qədəm qoyur. I Türkoloji Qurultay ümumtürk elmi düşüncəsinin manifesti, “Xankəndi bəyannaməsi” isə onun XXI əsr üçün yenilənmiş fəaliyyət proqramıdır. İndi əsas vəzifə yüz il əvvəl müəyyən edilmiş böyük ideyaları müasir dövrün imkanları ilə həyata keçirməkdir.
Türkologiyanın ikinci yüzilliyi artıq başlanıb. Onun uğuru həyata keçirilən ortaq elmi layihələr, yetişdirilən yeni nəsil tədqiqatçılar və qurulan davamlı əməkdaşlıq mexanizmləri ilə ölçüləcək.



