Ədəbiyyat • Xəbərlər

Vaqif Bayatlı Odər – Şairlər qəribdi bu yer üzündə

 Bu gün Azərbaycanın böyük şairi Vaqif Bayatlı Odərin doğum günüdür. Bu münasibətlə şairin poeziya nümunələrindən bir qismini  Fuyuzat.az oxucularına təqdim edirik:

Unutdular məni, unutdular…

könül bağladığım adamlar,
sirr verib sirrini saxladığım adamlar,

yanlarında ağladığım adamlar, dünya gələ-gedə
çıxmaz yadımdan.
əlim əllərindən çəkilməmiş
yıxıq könüllər tikilməmiş,
qonur gözlərimə
qara torpaqlar tökülməmiş
unutdular, məni unutdular…
görünmədim gözlərinə,
görünmədim gözlərinə

göz görmədi
könül unutdu…
görünmərəm gözüm dörddü,
bu dünyada yaman dərddi
görünməzsən, unudarlar.
düşünürəm öz dalımca

gözüm dolur.
hamı səni unudanda
bu yalanlı dünyada
ölümlər gerçək olur..

Şairlər qəribdi bu yer üzündə

Şairlər qəribdi bu yer üzündə
Küçədə, bayırda, evdə, eşikdə
Meşənin içində, çölün düzündə,
Oğul, qız yanında, ata yanında
Qəribik şairim, bu yer üzündə.
Hara getsək, ayrılıq
bir qəmli axşamtək
çökər qəlblərə, –
Qəribik, şairim, qəribik, sözüm.
Qəribik, şairim, bu yer üzündə
Odun yığmaq olmur ipimiz üstə,
Odu yığmaq olmur sözlərimizdən.
Keçib gəldiyi
Göyüzü kimidi şairin üzü –
işığı saralar, buludu keçər…
Haraya, haraya gedəsi olsaq,
yenə könlümüzdən, ürəyimizdən
göy üzünə dönmək ümidi keçər.

Bir uşaq əllərinə

Dünya səndən bezəndə
sən də dünyadan bezib
endirəsən başını.
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
söykəyərsən başını,
qırış-qırış üzünü
qıyma-qıyma gözünü
itdən-qurddan,
qəmdən-dərddən,
dostan-tanışdan
dastan-dastan alın yazını
bir uşaq əllərinə.
nə göz yaşı bilinər,
nə alın yazısı silinər.
endirərsən başını
böyük dualar üçün
bu balaca əllərə.
böyük andlar içməyə.
günahlardan keçməyə
endirərsən başını
haqq qapısın açmağa,
qanadlanar mələyin,
bəlkə də
bağışlandı günahın
qəbul oldu diləyin.
ancaq hələ…
dünya səndən bezəndə
sən də dünyadan bezib
fit çala-çala gəzib
endirərsən başını
yorğun-arğın dizinə.
bir uşaq əlləri
toxunacaq üzünə.
söykəyərsən başını
bir uşaq əllərinə
saxlarsan göz yaşını
bir uşaq əllərindən.

Təqdim etdi: Günel Natiqqızı