Çatalhöyük təxminən 9 min il əvvəl, yəni e.ə. 7400–6200-cü illərdə mövcud olmuş və bu gün Türkiyənin Konya bölgəsində yerləşən ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Ərazi Neolit dövrünə aiddir və insanların ovçuluq-yığıcılıq həyat tərzindən oturaq kənd həyatına keçidini ən aydın şəkildə göstərən nümunələrdən biridir. Çatalhöyük, əslində, ilk şəhər tipli yaşayış formalarından biri kimi qiymətləndirilir, çünki burada minlərlə insan birlikdə, müəyyən sosial və iqtisadi sistem daxilində yaşayırdı.
İki əsas hissədən – Şərq və Qərb höyükdən ibarət idi. Şərq hissə daha qədim olub Neolit dövrünə aiddir, Qərb hissə isə daha sonrakı mərhələləri əhatə edir. İnsanlar burada uzun müddət, təxminən 2000 ilə yaxın fasiləsiz yaşamışlar. Maraqlı cəhətlərdən biri odur ki, onlar köhnə evləri dağıdaraq eyni yerin üzərində yenilərini tikirdilər. Nəticədə zamanla torpaq qatları qalınlaşmış və bu gün “höyük” adlandırılan təpələr formalaşmışdır.
Çatalhöyükdə yaşayış sistemi digər qədim məskənlərdən xeyli fərqlənirdi. Burada küçələr demək olar ki, yox idi və evlər bir-birinə sıx şəkildə bitişik tikilmişdi. İnsanlar evlərinə damdan daxil olurdu. Damlar bir növ keçid yolu rolunu oynayırdı. Evlər, əsasən, kərpicdən tikilir, içərisində yaşayış sahələri, saxlama yerləri və gündəlik həyat üçün lazım olan bütün şərait yaradılırdı.
Qədim icmanın mədəni həyatı da olduqca zəngin idi. Evlərin daxili divarlarında müxtəlif rəsmlər, ov səhnələri, heyvan fiqurları və xüsusilə buğa başları təsvir olunmuşdur. İnsanların inancları, dünyagörüşü və dini düşüncələri haqqında mühüm məlumat verir. Bundan əlavə, burada çox sayda “ana ilahə” heykəlciyi tapılmışdır ki, bu da məhsuldarlıq və həyatın davamlılığı ideyasının cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını göstərir.
Çatalhöyükün ən diqqətçəkən xüsusiyyətlərindən biri dəfn adətləri ilə bağlıdır. İnsanlar ölülərini evlərin içində, əsasən döşəmənin altında basdırırdılar. Bəzən cəsədlər əvvəlcə açıq sahədə saxlanılır, sümüklər təmizləndikdən sonra yenidən evə gətirilərək dəfn olunurdu. Bu ənənə insanların ailə bağlarına və əcdadlara olan dərin hörmətini əks etdirir. Eyni zamanda evlər müqəddəs məkan kimi qəbul edilirdi.
İqtisadi baxımdan Çatalhöyük artıq inkişaf etmiş bir kənd təsərrüfatı sisteminə malik idi. İnsanlar buğda və arpa kimi bitkilər yetişdirir, heyvanları tədricən əhliləşdirirdilər. Bununla yanaşı, obsidian adlı vulkanik şüşədən alətlər hazırlanır və material digər bölgələrlə ticarətdə istifadə olunurdu. Erkən iqtisadi əlaqələrin və mübadilə sisteminin formalaşdığını göstərir.
Çatalhöyük insanlıq tarixində mühüm mərhələni – köçəri həyat tərzindən oturaq və təşkilatlanmış cəmiyyətə keçidi əks etdirir. Məkan insanların ilk dəfə birlikdə yaşamağı, sosial münasibətlər qurmağı, incəsənət yaratmağı və iqtisadi fəaliyyətləri sistemləşdirməyi öyrəndiyi bir mərkəz kimi böyük əhəmiyyət daşıyır. Çatalhöyük bugünkü şəhər həyatının ilkin təməlini təşkil edən ən qədim nümunələrdən biri hesab olunur.
Hazırladı: Mədinə Məcidli



