Vaşinqtonda Azərbaycanın tarixi, mədəni irsi, milli adət-ənənələri və turizm imkanlarının tanıdılmasına həsr olunan “Global Bridges – Discover Azerbaijan” (“Qlobal körpülər – Azərbaycanı kəşf et”) adlı tədbir keçirilib.
“Füyuzat” xəbər verir ki, tədbir “Global Education, Culture & Society Alliance “(GECSA) təşkilatının təşəbbüsü, Bay Atlantik Universitetinin əməkdaşlığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi Amerika ictimaiyyətini Azərbaycanın zəngin tarixi, mədəni müxtəlifliyi, milli irsi və müasir inkişafı ilə tanış etmək, xalqlar arasında mədəni dialoqu və təhsil əlaqələrini genişləndirmək olub.
Tədbiri açan GECSA-nın təsisçisi və prezidenti Vüsal Quliyev bildirib ki, “Global Bridges” təşəbbüsü müxtəlif ölkələrin mədəniyyətlərini tələbələrə və yerli icmalara tanıtmaq məqsədi daşıyır.
“Azərbaycan bu proqramın başlanğıc nöqtəsidir, lakin son dayanacağı deyil. Gələcəkdə digər ölkələri və mədəniyyətləri də təqdim etməyi planlaşdırırıq. Bəzən müxtəlif ölkələrdən olan iki tələbə arasında sadə bir söhbət belə uzunmüddətli dostluğun başlanğıcına çevrilə bilər”, – deyə o vurğulayıb.
Bay Atlantik Universitetinin professoru, Qlobal Siyasət İnstitutunun prezidenti Paolo fon Şirak Azərbaycana səfərlərindən danışaraq ölkənin zəngin mədəni irsinin və xalqının qonaqpərvərliyinin onda dərin təəssürat yaratdığını bildirib. Şuşada keçirilən Qlobal Media Forumlarında iştirak etdiyini xatırladan professor Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirib.
O, Azərbaycan mədəniyyətində poeziyanın xüsusi yer tutduğunu vurğulayaraq ölkədə şairlərə ucaldılan abidələrin diqqətini çəkdiyini bildirib. Professor həmçinin Zəngəzur üzərindən nəqliyyat bağlantısının yaradılmasının regional ticarət və investisiyalar üçün yeni imkanlar açacağını, Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş olmaq potensialına malik olduğunu qeyd edib.
Amerika Azərbaycan Təşkilatları Alyansının (AAAO) icraçı direktoru Nigar İbrahimova Azərbaycanın tarixi, coğrafiyası, multikultural ənənələri, musiqisi, memarlığı və turizm potensialı haqqında təqdimatla çıxış edib.
O, Azərbaycanda müxtəlif etnik və dini icmaların əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını vurğulayıb. Təqdimatda Novruz bayramı, milli rəqslər, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğam sənəti, Üzeyir Hacıbəylinin yaradıcılığı, eləcə də ölkənin tarixi və müasir memarlıq nümunələri barədə məlumat verilib.
N.İbrahimova Azərbaycanın 1918-ci ildə qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi olduğunu, neft sənayesinin inkişaf tarixini və Qarabağda həyata keçirilən yenidənqurma layihələrini də diqqətə çatdırıb. O, Azərbaycan xalqının qonaqpərvərliyinin milli mədəniyyətin ayrılmaz hissəsi olduğunu bildirib.
Tədbir çərçivəsində iştirakçılara Azərbaycanın tarixi abidələrini, milli geyimlərini, musiqisini və mədəni irsini əks etdirən vizual materiallar nümayiş olunub.
Sonda qonaqlara Azərbaycan çayı və şirniyyatları təqdim edilib.



