Muxtar Cəfərli • Xəbərlər

Muxtar Cəfərlinin yeni kitabı işıq üzü görüb

Araşdırmaçı-yazar Muxtar Cəfərlinin “Mərhəmət bəstəsi” kitabı işıq üzü görüb.

“Füyuzatdan kitablar” seriyasına daxil olan yeni nəşr Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisçiliyi ilə ərsəyə gələn “MİMTA Yayımları”nda çap olunub.

Müəllif bu kitabında müxtəlif mənəvi-əxlaqi dəyərlər və ali insani keyfiyyətləri oxucuya təqdim edərək onu daxili dünyası haqqında düşünməyə sövq edir. “Füyuzat” və “İşıq” dərgilərində dərc edilmiş silsilə məqalələr əsasında tərtib olunmuş nəşrdə qəlb, ağıl, mərhəmət, fədakarlıq, sədaqət və həya kimi ülvi dəyərlərə toxunulub. Kitab oxucunun mənəvi dünyasına sirayət etməklə onun həyatında müsbət dəyərlərin əhəmiyyətini vurğulayır.

“Füyuzat” xəbər verir ki, kitabı əldə etmək istəyənlər 27 oktyabra qədər XII Bakı Beynəlxalq Kitab Sərgisində MİMTA stendinə yaxınlaşa bilərlər. Sərgidən sonra isə nəşri “MİMTA Yayımları”ndan və ya “Litera” kitab evindən əldə etmək mümkündür.

Qeyd edək ki, Muxtar Cəfərli “MİMTA Yayımları” tərəfindən işıq üzü görən “İdrak işığı”, “Azərbaycan elm və irfan sərdarları” və “Qəlbini nəsihətlə dirilt” kitablarının da müəllifidir.