Şübhəsiz ki, ədəbiyyat bəşəriyyətin ortaq dilidir. O, insanların daxili aləmini, mənəviyyatını, ruhunda yaşatdıqlarını, eləcə də cəmiyyəti, şəhəri, ölkəni və dünyanı əks etdirən hekayələr toplusudur.
“Füyuzat” xəbər verir ki, bunu “FÜYUZAT tv”yə açıqlamasında Türkiyənin yazar-ssenaristi Tarık Tufan söyləyib.
O bildirib ki, ruhumuzu yaxın hiss etdiyimiz coğrafiyaların hekayəsini dinləmək üçün tələbkar olmaq lazımdır. Yazarın sözlərinə görə, xalqların bir-birini daha yaxından tanıması üçün dillərimiz arasında qarşılıqlı tərcümə fəaliyyətlərinin genişləndirilməsi son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Tarık Tufan Azərbaycan ədəbiyyatından əvvəl musiqisinin, xüsusilə Azərbaycan türkülərinin və qədim türkü ənənəsinin onun həyatında çox böyük rol oynadığını qeyd edib. Türkiyədə Azərbaycanın böyük şairlərinin sevildiyini, lakin müasir Azərbaycan ədəbiyyatını kifayət qədər tanımadıqlarını, bu səbəbdən əsərlərin qarşılıqlı tərcümə olunmasının bu boşluğu dolduracağını vurğulayıb.



