Xəbərlər

“MİMTA Yayımları” XII Bakı Beynəlxalq Kitab Sərgisində növbəti günün proqramını təqdim edib

XII Bakı Beynəlxalq Kitab Sərgisinin növbəti günündə “MİMTA Yayımları” oxucularını fərqli tədbirlərlə qarşılamağa davam edir.

“Fuyuzat.az” saytı olaraq 24 oktyabr tarixində gün ərzində müxtəlif auditoriyaları əhatə edəcək tədbirlərin siyahısını sizə təqdim edirik:

11:00 – Coşqun Kərimovun fantastik əsəri ilə bağlı müzakirə təşkil olunacaq: Fərdi inkişaf və ünsiyyət mövzusunda əsərləri ilə tanınan yazıçı Coşqun Kərimov “MİMTA Yayımları”nın stendində oxucularını “Koani – İşığın qoruyucusu” kitabının fantastik aləminə dəvət edir. Ziyarətçilər müəlliflə həmsöhbət olmaq və kitabı imzalatmaq imkanı əldə edəcəklər.

12:00 – Əməkdar jurnalist Yunis Orucov oxucuları ilə görüşəcək: Nəşriyyatın stendində tanınmış jurnalist və yazıçı Yunis Orucovun yeni qələmə aldığı “Zəfəran ətri” romanının təqdimatı və imza saatı baş tutacaq.

14:00 – Əziz Sultanın “Kapsul 2” kitabının imza saatı keçiriləcək: “MİMTA Yayımları”nın stendində yazıçı Əziz Sultan yeni ərsəyə gətirdiyi “Kapsul 2” əsərini mütaliəsevərlərə təqdim edəcək və oxucular üçün kitablarını imzalayacaq.

15:00-15:45 – Miyase Sertbarutun “Kitabxanadakı kamera” əsəri təqdim ediləcək: “Nizami Gəncəvi” təqdimat zonasında uşaq və yeniyetmə ədəbiyyatı üzrə beynəlxalq mükafatlar laureatı, türkiyəli yazıçı Miyase Sertbarutun “Kitabxanadakı kamera” kitabının rəsmi təqdimat mərasimi təşkil olunacaq.

17:00-17:45 – Ayşegül Dede ilə nağıl saatı və interaktiv görüş olacaq: “Nizami Gəncəvi” təqdimat zonasında türkiyəli uşaq yazarı Ayşegül Dede azyaşlı oxucular və kitabsevərlər üçün xüsusi nağıl saatı keçirəcək, interaktiv ünsiyyət quracaq.