Xəbərlər

Xalq yazıçısı Əzizə Cəfərzadənin ədəbi irsinə həsr olunmuş görüş keçirilib

Bakı Ekspo Mərkəzində təşkil edilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq yazıçısı Əzizə Cəfərzadənin zəngin yaradıcılığına və ədəbi irsinə həsr olunmuş görüş baş tutub.

“Füyuzat” xəbər verir ki,  tədbir Əzizə Cəfərzadənin Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisçiliyi ilə ərsəyə gələn “MİMTA Yayımları” tərəfindən nəşr olunmuş kitabların təqdimatı məqsədilə təşkil edilib.

Görüşün moderatoru yazıçının oğlu, onun ədəbi irsinin varisi Turan İbrahimov olub. O, Əzizə Cəfərzadənin kitablarının ərsəyə gəlməsi, hazırlanması və çap prosesi ilə bağlı maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu nəşriyyatın Əzizə Cəfərzadə irsinin toplanması, yenidən nəşri və gənc nəslə çatdırılması istiqamətində həyata keçirdiyi layihələrdən söhbət açıb, görkəmli ədibin əsərlərinin milli təfəkkürün formalaşmasındakı müstəsna rolunu vurğulayıb.

Daha sonra çıxış edən professor Vaqif Sultanlı Əzizə Cəfərzadə ilə bağlı xatirələrini bölüşüb. O, vaxtilə görkəmli yazıçının tələbəsi olduğunu, sonrakı illərdə isə onunla həmkar kimi fəaliyyət göstərdiyini bildirərək ədibin elmi-ədəbi mühitdəki nüfuzu barədə maraqlı faktları diqqətə çatdırıb.

Əzizə Cəfərzadənin nəşr olunan kitablarının üz qabığı tərtibatını verən rəssam Fuad Tahir Manaflı isə yazıçının irsinə necə böyük həssaslıqla yanaşmasından söz açıb. Rəssam məhz Əzizə Cəfərzadə yaradıcılığına olan dərin heyranlığı sayəsində ilk dəfə kitab üz qabığı tərtibatı işinə qədəm qoyduğunu xüsusi qeyd edib.

Tədbir çərçivəsində digər iştirakçılar və oxucular da çıxış edərək Xalq yazıçısının Azərbaycan ədəbiyyatında qoyduğu silinməz izlərdən danışıb, təəssüratlarını bölüşüblər.