Xəbərlər

Rəsul Həsənin “Ə” kitabının təqdimat mərasimi keçirilib

Oktyabrın 23-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı, qrafik dizayner və tədqiqatçı Rəsul Həsənin “Ə” kitabının təqdimat mərasimi keçirilib.

“Füyuzat” xəbər verir ki, təqdimat mərasimində yazarın qələm dostları və oxucular iştirak ediblər.

Təqdimatda çıxış edən Dilqəm Əhməd kitabın unikal xarakterindən danışaraq Rəsul Həsənin bu əsərlə həm də ciddi bir tədqiqatçı kimi tanındığını vurğulayıb. O qeyd edib ki, müəllif “Ə” işarəsinin tarixini çox detallı şəkildə araşdırıb, faktiki nümunələr ortaya qoymaqla həm tarixçi, həm də qrafik dizayner missiyasını uğurla yerinə yetirib.

PR mütəxəssisi Sərxan Rüstəmov çıxışında bu nəşrin cari ilki kitab sərgisinin ən unikal və qeyri-adi layihələrindən biri olduğunu diqqətə çatdırıb. O, “MİMTA Yayımları” tərəfindən nəşr olunan kitabın yüksək poliqrafik tərtibatı ilə seçildiyini, nəşrin ilk gündən oxucuların böyük marağına və rəğbətinə səbəb olduğunu bildirib

Kitabın müəllifi Rəsul Həsən çıxış edərək Azərbaycan dilinə xas olan “ə” hərfinin tarixi yolundan, ümumiyyətlə bir hərfə həsr olunmuş bu tədqiqatın yaranma səbəblərindən bəhs edib. Bu il Birinci Türkoloji Qurultayın 100 illiyini olduğunu xatırladan müəllif həm də ortaq türk əlifbası içərisində “ə” hərfinin yaranmasının 100 illiyi ilə bağlı kitabın bu yubileyə gözəl hədiyyə olduğunu qeyd edib.

Qeyd edək ki, kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisçiliyi ilə ərsəyə gələn “MİMTA Yayımları”nda nəşrə hazırlanıb.