Mədinə Məcidli • Xəbərlər

Sahib olduqlarımızın fərqindəyikmi?

İnsan bəzən nəyəsə görə narazılıq edir…

Ofisiant sifarişimizi səhv gətirəndə dərhal əsəbləşirik. Sərt danışır, üzümüzü turşudur, günümüzün korlandığını düşünürük. Halbuki bir anlıq dayanıb düşünsək, görərik ki, həyatımızda narazılıq etdiyimiz şeyləri böyük problem etməməliyik. Dünyada təxminən 2,2 milyard insan təhlükəsiz idarə olunan içməli su xidmətlərindən məhrumdur. Biz isə restoranda suyun gec gətirilməsinə görə narazılıq edə, evdə kranı açıb suyun gəlməməsi ehtimalını belə düşünmədən yaşaya bilərik. Bizim üçün suya çatmaq sadəcə əlimizi uzatmaq qədər asandır. Başqa insanlar üçün isə təmiz su tapmaq günün böyük hissəsini alan, fiziki güc, vaxt və təhlükə tələb edən mübarizədir. Bəzən insanlar içməyə yararlı su tapmaq üçün kilometrlərlə yol gedirlər. Eyni dünyada yaşasaq da həyatın bizə təqdim etdiyi imkanlar nə qədər fərqlidir. Bəs biz nə vaxt bu qədər narazı olmağa başladıq? Nə vaxt əlimizdə olanlar gözümüzdə kiçildi, əlimizdə olmayanlar isə həyatımızın ən böyük probleminə çevrildi? Niyə bəzən bir saatlıq gecikməni faciə kimi yaşayırıq, hər gün sahib olduğumuz sağlamlığın, təhlükəsizliyin, isti evin, qarşımızda duran yeməyin və sevdiklərimizin varlığının dəyərini düşünmürük?

Səhər oyanırıq, telefonumuzu əlimizə alırıq, sosial şəbəkələrə baxırıq. Kiminsə yeni telefonu var, kiminsə gözəl evi, kiminsə bahalı geyimləri, kiminsə səyahət etdiyi ölkələr… Öz həyatımıza baxırıq və birdən-birə bizdə olmayan şeyləri görməyə başlayırıq. Dünənə qədər bizi xoşbəxt edən telefon artıq köhnə görünür, geyimlərimiz kifayət etmir, evimiz başqalarının evi ilə müqayisədə kiçik gəlir. Başqasının həyatına baxaraq öz həyatımızdan narazı qalırıq. Halbuki bir vaxtlar bu gün sahib olduqlarımızın xəyalını qururduq. Bir vaxtlar arzuladığımız şeylərə çatdıqdan sonra belə, gözümüzü növbəti arzuya dikirdik. Sanki xoşbəxtlik həmişə bir addım irəlidədir və biz ona heç vaxt çata bilmirik.

Əslində, insanın daha yaxşı həyat istəməsində qəbahət yoxdur. Daha yaxşı təhsil almaq, yaxşı işdə çalışmaq, maddi vəziyyətini yaxşılaşdırmaq, səyahət etmək, gözəl evdə yaşamaq və arzularına çatmaq istəyi tamamilə təbiidir. Problem isə arzularımızın bizi sahib olduğumuz hər şeyə qarşı kor etməsidir. İnsan gələcəyini qurmağa çalışarkən bu gününü yaşamağı unutmamalıdır. Bəzən bütün həyatımızı daha yaxşı günlərin gəlməsini gözləməklə keçiririk, əlimizdə olan günlərin də bir vaxtlar gözlədiyimiz gözəl günlər olduğunu anlamırıq.

Məsələn, yağış yağanda küçədə gəzmək istəmirik, hava soyuq olanda şikayət edirik, yayda istidən bezirik. Bir gün evdə qalmaqdan sıxılırıq, başqa gün işə və ya dərsə getməkdən yoruluruq. İstirahət günlərində vaxtımızın necə keçdiyindən narazı qalır, iş günlərində isə istirahətin nə vaxt gələcəyini gözləyirik. Səhər tez oyanmaq istəmirik, gec yatanda yorğunluqdan şikayət edirik. Bir sözlə, həyatın demək olar ki, hər mərhələsində narazı qalmağa səbəb tapa bilirik. Bəlkə də problem hadisələrə yanaşma tərzimizdədir.

Bir insan restoranda sifariş verdiyi yeməyin gecikməsinə görə əsəbiləşir. Xidmətin keyfiyyətinə gorə narazılıq edir və bunu nəzakətlə bildirməkdə haqlıdır. Amma həmin restorandan çıxıb evə gedərkən süfrəsində yemək olmayan ailənin yanından keçsə, görəsən, öz narazılığını necə qiymətləndirərdi? Əlbəttə, insanların çətinlikləri bir-biri ilə müqayisə edilərək ölçülməməlidir. Ancaq başqa insanların həyat reallıqlarını düşünmək bizə öz narahatlığımızın miqyasını daha düzgün anlamağa kömək edir. Dünyada hər gün yemək tapmaq üçün mübarizə aparan insanlar var. Elə uşaqlar var ki, məktəbə getmək əvəzinə ailələrinə kömək etmək, su daşımaq və ya işləmək məcburiyyətində qalırlar. Bəzi uşaqlar üçün məktəbə getmək adi gündəlik həyatın bir hissəsidir, digərləri üçün isə əlçatmaz arzudur. Biz dərslərin çoxluğundan, imtahanların çətinliyindən, müəllimin verdiyi tapşırıqlardan şikayət edirik. Bəzən kitabı açmağa belə həvəsimiz olmur. Amma oxumaq istəyib imkanı olmayan uşağın arzusu ilə bizim dərsə getmək istəməməyimiz arasında böyük fərq var. Bizim çətin hesab etdiyimiz imkanlar başqasının ən böyük arzusu ola bilər.

Eyni vəziyyət sağlamlığımıza münasibətimizdə də özünü göstərir. Səhər yuxudan yorğun oyanır, gün ərzində bir neçə dəfə əsnəyir və günün nə qədər uzun olmasından şikayət edirik. İşdən, dərsdən, məsuliyyətlərdən yoruluruq. Sağlamlığın dəyərini çox vaxt onu itirmək təhlükəsi ilə üzləşəndə anlayırıq. Rahat nəfəs almaq, öz ayaqlarımızla yerimək, sevdiyimiz insanların səsini eşitmək, səhər oyanıb günəş işığını görmək… Bunların hamısı o qədər adi görünür ki, bəzən onların özlüyündə nə qədər böyük nemət olduğunu unuduruq.

İnsan münasibətlərində də çox vaxt düşüncəsizlik edirik. Bizə dəyər verən birinin diqqətini adi qəbul edir, onun bizim üçün etdiklərini zaman keçdikcə təbii borc kimi görürük. Bizə mesaj yazanda, halımızı soruşanda, çətin günümüzdə yanımızda olanda bunu normal hesab edirik. Amma gec cavab verəndə, istədiyimiz anda yanımızda olmayanda inciyirik. Adi cümləyə görə münasibətləri korlayır, kiçik anlaşılmazlıqları böyüdür, qürurumuzun bizi sevdiyimiz insanlardan uzaqlaşdırmasına icazə veririk. Sonra isə zaman keçir və anlayırıq ki, əslində, mübahisə etdiyimiz şey o qədər də vacib deyilmiş.

Bəlkə də insanın ən böyük problemlərindən biri sahib olduqlarının müvəqqəti olduğunu unutmasıdır. Elə yaşayırıq ki, sanki hər şey həmişə belə qalacaq. Valideynlərimizin hər zaman yanımızda olacağını, sağlamlığımızın dəyişməyəcəyini, bu gün danışdığımız insanlarla sabah da görüşəcəyimizi, sabah yenə oyanıb yeni günə başlayacağımızı düşünürük. Həyatın adi axarına o qədər güvənirik ki, onun özünün nə qədər qiymətli olduğunu unuduruq. Halbuki həyatın heç bir anı bizə əbədi vəd edilməyib. Bu gün adi hesab etdiyimiz söhbət, birgə içilən çay, ailə ilə keçirilən axşam, sevdiyimiz insanların gülüşü sabah ən gözəl xatirələrimizdən birinə çevrilə bilər.

Niyə sahib olduğumuz nemətlərin dəyərini çox vaxt onların yoxluğu ilə üzləşəndə hiss edirik? Niyə sağlamlığımız yerində olanda onu düşünmür, xəstələnəndə bütün arzularımızı kənara qoyub yalnız sağalmağı istəyirik? Niyə sevdiklərimiz yanımızda olanda onların varlığına öyrəşir, uzaqlaşanda isə birlikdə keçirdiyimiz adi günləri belə darıxaraq xatırlayırıq?

Dünyada hər kəsin eyni imkanlara sahib olmadığı həqiqətdir. Biz harada doğulduğumuzu, hansı ailədə böyüdüyümüzü, hansı şəraitdə yaşadığımızı tamamilə özümüz seçmirik. İnsanın təhlükəsiz evdə böyüməsi, təhsil alması, təmiz suya və tibbi yardıma çıxışının olması onun üçün böyük üstünlükdür. Başqa insan isə bunların hər biri üçün mübarizə aparmalı ola bilər. Bu fərqləri dərk etmək bizi həm daha minnətdar, həm də daha məsuliyyətli edə bilər.

Müəllif: Mədinə Məcidli