Bəzən kiminsə verdiyi qərarı sorğulayır, atdığı addımı mühakimə edir, yaşadığı çətinliyin səbəbini öyrənmədən onu günahlandırırlar. Elə bilirlər ki, hər kəsin yolu eyni yerdən başlayır, hər kəs eyni imkanlara sahibdir və insan qarşısına çıxan bütün çətinliklərdən asanlıqla yan keçə bilər. Halbuki həyat heç kəsə eyni sınaqları, eyni şərtləri, eyni seçim imkanlarını təqdim etmir. Birinin rahatlıqla keçdiyi yoldan digəri ayaqyalın, yaralı halda keçməyə çalışır.
Ən acısı isə budur ki, insan çox vaxt başqasının yaşadıqlarını deyil, həmin yaşantıların kənardan görünən hissəsini mühakimə edir. Bir qadının ailəsini tərk etməsini qınayırlar, amma onun o evdə neçə gecə göz yaşı tökdüyünü, neçə dəfə susaraq özünü qorumağa çalışdığını bilmirlər. Bəlkə də o, illərlə hər şeyin düzələcəyinə inanıb, övladları üçün dözüb, ətrafındakıların nə deyəcəyindən çəkinib. Bir gün isə anlayıb ki, insan bəzən ailəsini qorumaq üçün əvvəlcə özünü xilas etməlidir. Kənardan baxanlar onun gedişini görür, lakin qalmaq üçün göstərdiyi səylərdən xəbərsiz olurlar.
Bəzən bir insanın susmasını zəiflik, digərinin sərt danışmasını tərbiyəsizlik hesab edirik. Halbuki susan insanın içində söyləməyə cəsarət etmədiyi minlərlə söz, sərt görünənin qəlbində isə gizlətməyə çalışdığı saysız-hesabsız yaralar ola bilər. Hər kəs ağrısını eyni cür ifadə etmir. Kimisi dərdini danışaraq yüngülləşir, kimisi təbəssümünün arxasında gizlədir, kimisi də heç kimə yük olmamaq üçün özünü yaxşı göstərməyə çalışır. Biz isə bəzən həmin təbəssümə aldanıb onun heç bir dərdi olmadığını düşünürük.
Təsəvvür edin, bir ana övladına istədiyi oyuncağı ala bilmir. Uşaq mağazanın qarşısında dayanıb ağlayır, ana isə başını aşağı salaraq onun əlindən tutur və yoluna davam edir. Ətrafdakılardan biri dərhal hökm verir: “Uşağının bir istəyini də yerinə yetirə bilmir. ” O adam haradan bilsin ki, həmin ana evə çatanda süfrəyə nə qoyacağını düşünür? Bəlkə də cibindəki son pulu çörəyə verəcək, öz ehtiyacını yenə təxirə salacaq. Uşağının göz yaşlarını görmək ona yad birinin sözlərindən daha ağır gəlir. Amma maddi çətinliyin nə olduğunu yaşamayan biri üçün bütün bunları anlamaq çətin ola bilər. Çünki bəzi həqiqətlər yalnız insanın öz qapısını döyəndə görünür.
Bəzən də bir ata övladının həyatında arzuladığı qədər yanında ola bilmir. İnsanlar onu məsuliyyətsiz adlandırırlar. Halbuki bəlkə də o, ailəsi üçün gecə–gündüz çalışır, övladının gələcəyi naminə öz həyatından, rahatlığından, hətta onunla keçirəcəyi qiymətli saatlardan belə keçir. Əlbəttə, hər yoxluğun arxasında fədakarlıq dayanmır. Lakin səbəbini bilmədiyimiz hər davranışa eyni adı vermək də ədalət deyil. Bəzən bir insanın səhvini görmək asandır, həmin səhvə gətirib çıxaran şəraiti anlamaq isə daha çox düşüncə və mərhəmət tələb edir.
Həyatın ən böyük həqiqətlərindən biri budur ki, insan hər zaman istədiyini seçmir. Bəzən əlində qalan imkanlar arasından ən az ağrıdan yolu axtarır. Heç kim maddi sıxıntı içində yaşamağı, sevdiyi insandan ayrılmağı, xəstəliklə mübarizə aparmağı, ailəsinin dağılmasını və ya ömrünün müəyyən çağında yenidən sıfırdan başlamağı arzulamır. Heç kim səhər yuxudan oyananda özünə “Bu gün həyatımı çətinləşdirən bir qərar verəcəyəm” demir. Bəzən hadisələr insanı elə bir nöqtəyə gətirir ki, dünən qətiyyətlə rədd etdiyi seçim bu gün onun yeganə çıxış yoluna çevrilir.
Bir vaxtlar “Mən heç vaxt belə etmərəm”, “Mənim başıma gəlsə, buna dözmərəm”, “Mən olsaydım, başqa cür davranardım” deyən insanları düşünün. Onlar həmin sözləri söyləyərkən özlərini tanıdıqlarına inanırlar. Ancaq insanın özünü tanıması ilə çətinlik qarşısında necə davranacağını bilməsi eyni şey deyil. Aclıq çəkmədən çörəyin dəyərini, tənhalıq yaşamadan bir səsin insan üçün nə qədər əhəmiyyətli olduğunu tam anlamaq mümkün deyil. Bəzən insan yalnız yaşadıqdan sonra əvvəllər qınadığı davranışın səbəbini dərk edir.
Tutaq ki, bir qadın illərlə yaxın bildiyi bir insanın səhvini bağışlamır. Ətrafındakılar onu amansızlıqda günahlandırırlar. “Bir dəfəlik səhvi idi, bağışlayardı”,– deyirlər. Amma heç kim bilmir ki, həmin qadın o səhvdən əvvəl neçə dəfə bağışlayıb, neçə dəfə öz qürurunu kənara qoyub, neçə dəfə eyni vədin gerçəkləşəcəyinə inanıb. Bəzən bir münasibəti bitirən son hadisə deyil, o hadisəyə qədər yığılan, dilə gətirilməyən ağrılardır. Kənardan kiçik görünən bir damla bəzən çoxdan dolmuş qabın daşmasına səbəb olur.
Elə insanlar da var ki, başqasının çətinliyini öz uğuru ilə müqayisə edərək ona yuxarıdan baxırlar. “Mən bacardım, o da bacarmalıdır”, – deyirlər. Ancaq unudurlar ki, hər kəsin arxasında ona dayaq olan bir ailə, əlindən tutan bir insan, üzünə açılan bir qapı olmur. Biri yıxılanda onu qaldıran tapılır, digəri isə dizinin qanını özü silib yoluna davam edir. Biri səhv etmək üçün dəfələrlə fürsət qazanır, digərinin bircə səhvi bütün imkanlarını əlindən alır. Eyni nəticəyə çatmayan iki insanın eyni başlanğıcdan gəldiyini düşünmək böyük ədalətsizlikdir.
Empatiya məhz burada başlayır. Öz həyatımızın şərtlərini başqasının həyatına ölçü etmədiyimiz yerdə. Empatiya hər kəsin davranışını doğru hesab etmək, yanlışları görməzdən gəlmək, yaxud bütün qərarları haqlı çıxarmaq deyil. Bu, hökm verməzdən əvvəl dayanıb düşünməkdir. Özümüzə “Görəsən, bu insan nələrdən keçib?”, “Mən onun yerində olsaydım, həqiqətən başqa cür davrana bilərdimmi?”, “Bilmədiyim hansı səbəb onun bu qərarı verməsinə gətirib çıxarıb?” suallarını verməkdir.
Çünki mərhəmət insanın səhvini görməmək deyil, onu yalnız səhvi ilə məhdudlaşdırmamaqdır. Bir insanın yanlış qərarı onun bütün həyatını, bir uğursuzluğu bütün qabiliyyətlərini, bir zəif anı isə xarakterinin bütövünü müəyyənləşdirmir. Biz özümüzə ikinci şans verilməsini istəyiriksə, başqalarının da həyatında hər şeyi yenidən başlamaq üçün bir yer saxlamalıyıq.
Hər kəsin həyatına hökm verməzdən əvvəl özümüzə bir sual verək. Mən bu insanın yaşadıqlarını həqiqətən bilirəm, yoxsa yalnız gördüklərimə əsasən qərar verirəm? Çünki həyatın hansı döngəsində kiminlə qarşılaşacağımızı, hansı sınağın bizi gözlədiyini bilmirik. Bu gün uzaqdan baxıb qınadığımız bir yol sabah bizim də yolumuz ola bilər. O zaman qarşımızda bizi mühakimə edən insanların deyil, bizi anlamağa çalışan birinin olmasını istəyəcəyik.
Bəlkə də elə buna görə insanın böyüklüyü başqalarının səhvlərini sadalamağında deyil, onların ağrısını anlamağa çalışmasındadır. Heç kəsin hekayəsini bilmədən son cümləsini yazmayaq. Çünki bəzən ən sərt görünən insan ən ağır sınaqlardan keçib, ən yanlış hesab etdiyimiz qərar isə insanın özünü qorumaq üçün tapdığı son çıxış yolu olub.
Qınamaq asandır. Anlamaq isə ürəyin, düşüncənin və vicdanın birgə əməyidir.
Müəllif: Hürzət Təhməzli



