Xəbərlər

Tarixə düşən 5 böyük oğurluq hadisəsi

Dünya tarixində elə oğurluq hadisələri baş verib ki, onların miqyası, hazırlanma üsulu və oğurlanan sərvətin dəyəri insanları heyrətə gətirib. Bəziləri bankların ən ciddi təhlükəsizlik sistemlərini belə keçə bilib, bəziləri isə aylarla, hətta illərlə planlaşdırılıb.

1. Binance kiberhücumu – 40 milyon dollarlıq Bitkoin oğurluğu

2019-cu il mayın 7-də dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance ciddi kiberhücuma məruz qaldı. Hakerlər birjanın təhlükəsizlik sistemlərinə müdaxilə edərək təxminən 7 min Bitcoin ələ keçirdilər. Həmin dövrün məzənnəsi ilə oğurlanan vəsaitin dəyəri təxminən 40 milyon ABŞ dolları idi. Hücumun maraqlı tərəfi ondan ibarət idi ki, cinayətkarlar sadəcə bir istifadəçinin hesabını ələ keçirməmişdilər. Onlar fişinq hücumları, viruslar və digər üsullardan istifadə edərək birjanın təhlükəsizlik mexanizmlərini hədəfə almışdılar. Binance rəhbərliyi hadisədən sonra platformadakı bütün istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün addımlar atdı və itkiləri özünün təhlükəsizlik fondu hesabına qarşıladı. Birja fəaliyyətini müvəqqəti məhdudlaşdırsa da, istifadəçilərin vəsaitlərinin oğurlanmış hissəsinin əvəzinin ödəniləcəyini açıqladı.

2. Bybit kiberhücumu

2025-ci il fevralın 21-də kriptovalyuta dünyası daha böyük bir hücumla üzləşdi. Dubayda yerləşən kriptovalyuta birjası Bybit kiberhücuma məruz qaldı. Bu dəfə oğurlanan vəsaitin dəyəri təxminən 1,5 milyard ABŞ dolları təşkil edirdi. Hücum zamanı birjanın Ethereum aktivlərinin saxlanıldığı pul kisəsi hədəfə alındı. Cinayətkarlar texniki təhlükəsizlik mexanizmlərindən və imza prosesindəki zəiflikdən istifadə edərək əməliyyatın təsdiqlənməsini manipulyasiya etdilər. Böyük həcmdə Ethereum və digər rəqəmsal aktivlər hücum edənlərin nəzarətinə keçdi. Araşdırmalarda hücumun Şimali Koreya ilə əlaqələndirilən “Lazarus Group” adlı haker qrupu tərəfindən həyata keçirildiyi bildirildi. Qrup daha əvvəl də müxtəlif maliyyə qurumlarına və kriptovalyuta platformalarına qarşı hücumlarla əlaqələndirilmişdi. Hadisədən sonra Bybit rəhbərliyi istifadəçilərin vəsaitlərinin çıxarılmasında ciddi problem yaranmaması üçün likvidlik tədbirləri gördü və oğurlanmış aktivlərin izlənilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başladı. Bybit hücumu göstərdi ki, müasir dövrdə bankı fiziki şəkildə qarət etmədən də milyardlarla dollar dəyərində sərvəti ələ keçirmək mümkündür.

3. İraq Mərkəzi Bankının qarət edilməsi

2003-cü ildə İraqda baş verən hadisə dünya tarixinin ən qeyri-adi bank qarətlərindən biri hesab olunur. Hadisə 2003-cü il martın 18-də, ABŞ-ın İraqa hərbi müdaxiləsindən bir neçə saat əvvəl baş verdi. İraqın o zamankı prezidenti Səddam Hüseyn Mərkəzi Bankdan böyük məbləğdə pulun çıxarılması barədə göstəriş vermişdi. Onun oğlu Qusay Hüseyn və prezidentin yaxın köməkçisi Abid Hamid Mahmud banka gələrək pulu götürmək üçün göstərişi icra etdilər. Məlumatlara görə, bankdan təxminən 920 milyon ABŞ dolları və 90 milyon avro çıxarılmışdı. Ümumi məbləğ 1 milyard dollardan artıq idi. Pulun həcmi o qədər böyük idi ki, onu daşımaq üçün üç yük maşınından istifadə olunmuşdu. Bank işçiləri pulları saatlarla maşınlara yükləmişdilər. Hadisədən sonra ABŞ qüvvələri Bağdadda müxtəlif yerlərdə pul qutuları aşkar etdilər. ABŞ rəsmilərinin açıqlamalarına görə, oğurlanmış vəsaitin böyük hissəsi tapılmışdı, lakin müəyyən məbləğin taleyi uzun müddət müzakirə mövzusu olaraq qaldı. Adi bank qarətindən fərqlənirdi. Çünki burada bankın təhlükəsizlik sistemini gizli şəkildə keçməkdən daha çox, dövlət hakimiyyətinin imkanlarından istifadə edilərək ölkənin Mərkəzi Bankından külli miqdarda vəsait çıxarılması baş vermişdi. Hadisə müharibə ərəfəsində dövlət maliyyəsinin və institutlarının nə qədər həssas vəziyyətə düşə biləcəyini göstərdi.

4. Dəniz qulduru Sem Bellaminin xəzinəsi – Dənizlərin ən məşhur quldurlarından birinin sərvəti

Oğurluq tarixindən danışarkən dəniz quldurlarını unutmaq olmaz. XVIII əsrdə dəniz yolları ticarətin əsas istiqamətlərindən biri idi. Gəmilər vasitəsilə qızıl, gümüş, qiymətli daşlar, ədviyyatlar və digər bahalı mallar daşınırdı. Tarixin ən məşhur quldurlarından biri Samuel Bellami idi. O, daha çox “Black Sam” (Qara Sem) adı ilə tanınırdı. Bellami 1689-cu ildə İngiltərədə anadan olmuş və qısa müddət ərzində Atlantik okeanında fəaliyyət göstərən ən tanınmış quldurlardan birinə çevrilmişdi. Onun ən məşhur gəmisi “Whydah Gally” adlanırdı. Gəmi əvvəlcə qul ticarəti üçün istifadə edilmiş, sonradan Bellami tərəfindən ələ keçirilərək quldur gəmisinə çevrilmişdi. Bellami və dəstəsi Karib dənizi və Şimali Amerikanın şərq sahillərində müxtəlif ticarət gəmilərinə hücum edərək onların sərvətlərini ələ keçirirdilər. Gəmilərdəki qızıl, gümüş, zinət əşyaları və digər qiymətli əşyalar quldurların xəzinəsinə əlavə olunurdu. Lakin Bellaminin sərvətlə dolu həyatı uzun çəkmədi. 1717-ci il aprelin 26-da onun gəmisi ABŞ-ın Massaçusets sahilləri yaxınlığında güclü fırtınaya düşərək batdı. Gəmidə təxminən 146 nəfər var idi və onların böyük əksəriyyəti həlak oldu. Bellami də ölənlər arasında idi. Əsrlər boyu gəminin xəzinəsinin harada olduğu sirr olaraq qaldı. Nəhayət, 1984-cü ildə sualtı arxeoloq Barri Klifford gəminin qalıqlarını aşkar etdi. 1985-ci ildə isə gəminin kimliyini təsdiqləyən zəng tapıldı. Sonrakı illərdə burada qızıl sikkələr, silahlar, zinət əşyaları və müxtəlif tarixi əşyalar üzə çıxarıldı. Xəzinənin dəyəri ilə bağlı müxtəlif hesablamalar mövcuddur. 1980-ci illərdə onun yükünün dəyərinin təxminən 400 milyon dollar ola biləcəyi qeyd edilmişdi. Daha yeni araşdırmalarda Bellaminin quldurluq fəaliyyəti dövründə topladığı sərvətin müasir dəyərlə təxminən 140 milyon dollar olduğu təxmin edilir. Hadisənin maraqlı tərəfi odur ki, söhbət sadəcə oğurlanmış xəzinədən getmir. Burada yüzillərlə dənizin dibində qalmış bir tarixin yenidən üzə çıxmasından danışırıq. “Whydah Gally” bu gün də dəniz arxeologiyasının ən məşhur araşdırma mövzularından biridir.

5. Braziliya Mərkəzi Bankının qarət edilməsi – 80 metrlik gizli tunel

2005-ci ilin avqust ayında Braziliyanın Fortaleza şəhərində yerləşən Mərkəzi Bankın filialında baş verən oğurluq dünya mətbuatının diqqətini cəlb etdi. Cinayətkarlar banka qapıdan daxil olmamış, yerin altından gizli tunel qazaraq birbaşa pul anbarına çatmışdılar. Hadisədən təxminən üç ay əvvəl bankın yaxınlığında bir ev kirayələmişdilər. Onlar həmin evdə süni ot örtükləri satışı ilə məşğul olan şirkət görüntüsü yaratmışdılar. Bu görüntü onlara diqqət çəkmədən fəaliyyət göstərmək imkanı verirdi. Əslində isə evin altından Mərkəzi Bankın pul anbarına doğru tunel qazılırdı. Təxminən 78–80 metr uzunluğunda olan bu tuneldə elektrik işıqlandırması və havalandırma sistemi qurulmuşdu. Cinayətkarlar yerin təxminən dörd metr dərinliyində işləyərək bankın gücləndirilmiş beton döşəməsinə qədər irəliləmişdilər. 2005-ci il avqustun 5-dən 6-na keçən həftəsonunda onlar bankın pul anbarına daxil olaraq külli miqdarda pul götürdülər. Braziliya Mərkəzi Bankının rəsmi məlumatına əsasən, oğurlanan məbləğ 164 milyon 755 min 150 Braziliya realı idi. Pulun çəkisi təxminən 3,5 ton təşkil edirdi. Ən təəccüblü məqam isə hadisənin dərhal aşkar edilməməsi idi. Bank cümə günü bağlanmış, oğurluq isə işçilər bazar ertəsi işə gəldikdə üzə çıxmışdı. Cinayətkarlar pulları müxtəlif istiqamətlərə daşımağa çalışmışdılar. Sonrakı araşdırmalar nəticəsində pulun bir hissəsi geri qaytarıldı, bir sıra şübhəlilər həbs edildi. Braziliya Federal Prokurorluğunun məlumatına görə, cinayətin planlaşdırılmasından pulun yuyulmasına qədər müxtəlif mərhələlərdə çoxsaylı şəxslər iştirak etmiş, ümumilikdə 129 nəfər barəsində ittiham irəli sürülmüşdü. Braziliya tarixinin ən böyük bank oğurluqlarından biri kimi yadda qaldı. Cinayətkarların üç ay ərzində gizli tunel qazması və bankın təhlükəsizlik sistemlərinə baxmayaraq pul anbarına çatması hadisəni dünya miqyasında məşhurlaşdırdı.

Müəllif: Mədinə Məcidli