Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Beynəlxalq əmək standartlarının təşviqində və dayanıqlı inkişafın təmin edilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
“Füyuzat” xəbər verir ki, tədbirdə Türkmənistanın dövlət qurumlarının, Birləşmiş Millətlər Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, eləcə də Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan və Monqolustanın həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.
Konfransın “Sosial dialoq dayanıqlı inkişafın və sosial sabitliyin təmin olunması vasitəsi kimi” sessiyasında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan-Avropa Regional Şurasının icraçı katibi Anton Leppik, Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və digər nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.
Sahib Məmmədov çıxışında Azərbaycanda kollektiv müqavilənin tarixinin 1904-cü ildən başladığını qeyd edərək əmək münasibətlərinin tənzimlənməsində, işçilərin hüquqlarının qorunmasında və layiqli əmək şəraitinin yaradılmasında sosial dialoqun əhəmiyyətini vurğulayıb.
Azərbaycanda kollektiv müqavilə sisteminin, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin həmkarlar ittifaqlarında rəqəmsal texnologiyaların tətbiqi istiqamətində görülən işlər barədə də məlumat verilib.
Konfederasiya sədri həmçinin Baş Kollektiv Sazişdə məşğulluq və əməyin təhlükəsizliyi məsələləri ilə yanaşı, iqlim dəyişikliyi, süni intellekt və rəqəmsallaşma mövzularının da yer aldığını diqqətə çatdırıb, texnoloji tərəqqinin insan amilinə, yeni və keyfiyyətli iş yerlərinin yaradılmasına xidmət etməsinin vacibliyini bildirib.
Konfransda “Müasir dövrdə layiqli əməyin və sosial ədalətin təmin olunmasında həmkarlar ittifaqlarının rolu”, “Beynəlxalq əmək standartları dayanıqlı sosial-iqtisadi inkişafın əsası kimi” və “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında həmkarlar ittifaqlarının rolu” mövzularında sessiyalar da təşkil olunub.
Sessiyalarda beynəlxalq əmək standartlarının tətbiqi, inklüziv iqtisadiyyat, rəqəmsallaşma və yeni məşğulluq formalarının yaratdığı çağırışlarla bağlı fikir mübadiləsi aparılıb.





