Ədəbiyyat • Günel Natiqqızı • Xəbərlər

Göy qurşağı

Yayın yandırıcı istisindən sonra payız günəşi ağaclara sığal çəkir sanki. Pəncərədən bu kövrək mənzərəyə baxaraq növbəti yazımın adını telefonuma qeyd edirəm. Fəsillərin yerini dəyişməyə qıymayan havalar kimi yazımın başlığının da qəribə olduğunu düşünə bilərsiz. Ancaq bu yazının səbəbi qarışmış fəsillər deyil. Həyatın rənglərini mənə tanıdan “anamın mətbəx qeydləri”dir…

Bu hekayə “anamın mətbəx” qeydlərini məndən öncə duyan çiçəkləri ilə başlayır. Onun çiçəklərinə olan sevgisi, hər səhər yarpaqlarına toxunub pıçıldadığı şirin sözlər mənə həyatın bütün rənglərini özündə daşıyan təbiəti və baharın rəngi yaşılı sevməyi öyrədir. Evimizin hər küncündə nəfəsi hiss olunan o gül–çiçəklər sanki anamın ruhunun bir parça əksi idi. Onun bu sevgisi uşaqlıq geyimlərimizdə də öz əksini tapırdı. İllər keçib böyüsəm də, o rəngli uşaqlıq içimdə yaşamaya davam edir. Qırmızı, narıncı, çəhrayı, mavi. Göy qurşağı kimi…

O illərin uşaqlıq fotolarına baxanda üzümüzdəki təbəssümün o rənglərin içindən süzülüb gəldiyini düşünürəm. İndi isə zaman başqa cür axır, amma anamın o qeydləri hər dəfə qəlbimin ən dərin küncünü isitməyə bəs edir.

“Anamın mətbəx qeydləri”ndən bir neçə sətir.

Qışdır. Birgə alış–veriş edirik. Havalar soyuyub deyə boz, qara çalarlı geyimlərə daha çox nəzər yetirirəm. Anamla baxışlarımız toqquşanda içimdəki sualı duyaraq deyir:

– Qışda rənglərə qadağa qoymurlar ha, mən bilən. İçindəki baharı üzərində daşımaqdan gözəl nə ola bilər ki?!

O sözlər sadəcə bir məsləhət yox, ruhuma vurulan ilk rəngli naxış idi. Beləcə, bu fikirlərdən sonra bütün qarderobum rəngarəng olur. Dünyanın rənglərini itirdiyini hiss etdirən o gün belə həmin rənglərin içində itəcək qədər.

İndi düşünürəm ki, elə ən gözəl rənglər içimizdədir. Həyatımıza toxunan insanların da öz rəngi, dünyamıza qatdıqları boyalar var. Kimi həyatımıza səssizcə gəlib bir damla su kimi durulur, kimi isə tufan qabağı göy üzü kimi şimşəklər çaxdırır. “Anamın mətbəx qeydləri”ndən yola çıxaraq onun həyatımdakı rənginin ağ olduğunu düşünürəm. Varlığı ilə sevgini, saflığı; yoxluğu ilə isə ağ vərəqlər açmalı olub yenidən başlamağı öyrətdiyi üçün. Çünki bəzən həyat insanı elə bir nöqtəyə gətirib çıxarır ki, hər şeyə ağ səhifədən başlamalı olursan. Anamın mənə miras qoyduğu güc də məhz budur.

Həyatımda yaşıl rəngli insanlar da var. Təbiət kimi ümid, ilham verən, hər baxışı ilə ruhuma su səpən. Qara və bozlar da olub, əlbəttə. Həyatın enişli–yoxuşlu yollarında sərtliyi, dözümlü olmağı öyrətmək üçün. Qırmızılar da olub; risk etməyi, qorxmadan sevinməyi öyrədənlər.

Özüm isə ağ ilə ayrı qala bilməyən mavi. Göy üzü və bulud, dəniz və çağlayan ağ ləpələri kimi.

Bəs göy qurşağı? O isə hər kəs kimi öz içimdədir. Yağışlardan sonra parlayan günəşi gözləyib yenidən canlanacaq səmada. Həyatın nə qədər çətin, yağmurlu və sərt keçməsindən asılı olmayaraq, içimizdəki ümid heç vaxt solmamalıdır. Çünki ən gözəl mənzərələr ən şiddətli yağışlardan sonra açılır…

Müəllif: Günel Natiqqızı