Kültür-sənət • Xəbərlər

Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı üçün təkliflər irəli sürüb

Azərbaycan Türk dövlətlərinin birgə film istehsalı və kino sahəsində əməkdaşlığı üçün bir sıra təkliflər irəli sürüb.

“Füyuzat” “Report”a istinadən xəbər verir ki, 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində keçirilən kino zirvəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Kino Agentliyi nəzdində Nizami Kino Mərkəzinin direktoru Turan Məmmədli Türk dövlətlərinin kino sahəsində birgə istehsala diqqətini artırmağın vacibliyini bildirib.

O, kino sahəsində birgə tədbirlərin təşkili və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin, eləcə də ortaq film layihələrinin maliyyələşdirilməsi üçün birgə fondun yaradılmasının zəruriliyini vurğulayıb:

“Həmçinin hesab edirik ki, Türk dövlətləri arasında birgə peşəkar təlim proqramlarının təşkili və kino mütəxəssislərinin qarşılıqlı mübadiləsi, birgə istehsal olunan film layihələrinin sayının artırılması kino sahəsində perspektivimizi artıra bilər”.

T.Məmmədli türkdilli uşaq auditoriyası üçün birgə animasiya layihələrinin istehsalının da mümkünlüyünü ifadə edib:

“Bu müstəvidə beynəlxalq film marketlərində birgə stendlərin qurulması və ortaq təmsilçiliyin təmin edilməsi də vacibdir”.