Kültür-sənət • Xəbərlər

Əzizə Mustafazadə Frankfurtda “Altın Ü” mükafatına layiq görülüb

Azərbaycan musiqisi Frankfurt şəhərində təşkil olunan “KULTÜR 2026” Beynəlxalq Türk-Alman Mədəniyyət və İncəsənət Festivalında təmsil olunub. Dünyaca məşhur azərbaycanlı musiqiçi Əzizə Mustafazadə festival çərçivəsində “MUSIC” kateqoriyası üzrə “Altın Ü” mükafatına layiq görülüb.

“Füyuzat” xəbər verir ki, “Almanya Türk Expatlar e. V.” tərəfindən “Internationales Theater Frankfurt”da təşkil olunan tədbirdə diplomatik korpus nümayəndələri, eləcə də Almaniya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İrlandiya, Polşa, Tatarıstan və Çexiyadan sənətçilər bir araya gəliblər.

Festival proqramında azərbaycanlı musiqiçilərdən Könül Qasımova, Malik Hünərvəri və Elşən Qarayev də çıxış edərək tamaşaçıların böyük rəğbətini qazanıblar.

Tədbirin ən yaddaqalan məqamlarından biri festivalın direktoru və bəstəkar Fırat Cem Tuncelin Türk xalqlarının ortaq mədəni köklərini birləşdirən “Türk Elleri Marşı” layihəsi olub. Əsər konsertin sonunda azərbaycanlı musiqiçilərin də iştirakı ilə birgə səsləndirilib.

Festival Azərbaycan sənətçilərinin rəqs, piano, skripka və qarmon ifaları ilə yekunlaşıb.