“Mən çox nikbinəm və çox inaniram, əminəm ki, biz Azərbaycan üçün olan ağır məsələni həll edəcəyik! HƏLL EDƏCƏYİK! İşğal olunmuş torpaqlar azad olunacaq! İnsanlar öz doğma torpaqlarına qayıdacaq! Bu torpaqlarda viran olunmuş, dağıdılmış şəhərlər, kəndlər, evlər – insan yaşayışı üçün hər şey bərpa olunacaq”.
Heydər Əliyev
Vətən nədir?
Ayaq basdığımız torpaqdırmı? Nəfəs aldığımız hava, içdiyimiz su, ata–analarımızın ayaq səsi, həyətimizdəki ağacdırmı Vətən? Vətən insanın aid olduğu yerdir. Anaların duasıdır… Ataların nigaran baxışıdır. Məktəbə gedən uşağın çantasındakı bayraq, öz doğma yurduna qayıtmaq ümidi ilə yaşayan qocanın gözlərindəki yaşdır. Vətən uğrunda döyüşə gedən əsgərin cibində gəzdirdiyi övladının şəklidir. Şəhid anasının illər keçsə də, toxunmağa ürək eləmədiyi övladının otağıdır. Uğrunda yaşamağa, qorumağa və lazım gəldikdə canından keçməyə hazır olduğumuz müqəddəs dəyərdir. Vətən Azərbaycandır!
Buna görə də işğal olunmuş torpaqlarımızın həsrəti illər ötdükcə qəlbimizdə daha da alovlanır, o torpaqlar öz doğma sahiblərini haraylayırdı. 27 sentyabrda bu həsrət böyük mübarizəyə çevrildi. Xalqımız dirayətli, qələbəyə inamlı idi. Hər evdən “Allahım, bu dəfə qayıdaq” duaları səslənirdi. Hər azad edilən kənd, yüksəklik, şəhər xəbəri insanlara yeni ümid verirdi.
Hamının hər şeydən xəbərsiz, dərin yuxuya getdiyi gecə idi… Birdən elə güclü səs eşidildi ki, sanki bütün şəhər silkələndi. Binalar titrədi, göy üzü qəfil parladı. İlk anda nə baş verdiyini anlamadım. Sonradan öyrəndik ki, bu da atılan raketlərdən biri imiş. Hava hücumundan müdafiə qüvvələrimiz onu zərərsizləşdirmişdi. Həmin an qəribə hiss keçirdim. Biz sadəcə bir neçə saniyəlik gurultudan qorxmuş, təşvişə düşmüşdük. Gözümün önündə Gəncə, Bərdə canlandı. Ora atılan raketlər, dağıdılan evlər, gecənin bir aləmində vahimə içində küçələrə çıxan insanlar, doğmalarını axtaran ailələr… Həmin gecələri yaşayan insanlar nə hiss etmişdilər? Körpə uşaqların, qadınların, qocaların üzərinə raketlər yağanda onların qorxusu necə idi? Bəs aylarla, günlərlə cəbhədə həmin partlayış səslərini eşidən, hər an ölümlə üz–üzə qalan əsgərlərimiz? Bəlkə də, o an müharibənin nə qədər ağır olduğunu, bizə uzaqdan görünən xəbərlərin arxasında necə dəhşətli insan talelərinin dayandığını ilk dəfə bu qədər dərindən hiss etdim. Televizoru açdım. Və budur Qələbə…
Hər şeyin dəyişəcəyinə inanaraq yaşadığımız günlər bitmişdi. İllərlə çəkilən həsrət gözlənilən xəbərlə sonlandı. Xalq bu tarixi dövlətlə birgə yazdı. Zəfərin arxasında neçə–neçə gecə yuxusuz qalan analar, səngərlərdə səhəri açan əsgərlər, dağılan evlər, yarımçıq qalan ömürlər və geri dönməyəcək insanlar dayanırdı. Anaları son dəfə “narahat olma, ana, hər şey yaxşı olacaq” sözlərini eşitdi, son dəfə ata oğluna “özünüzdən muğayət olun, oğul” dedi. Əgər bu gün şəhidlərimiz yanımızda olsaydılar, ilk olaraq hara gedərdilər? Bəlkə, analarının yanlarına qaçardılar, ya da Vətənimə baxıb sadəcə gülümsəyərdilər. Amal uğrunda arzuları yarımçıq qaldı. Bəlkə də, qazilərimiz qələbə xəbərini eşidəndə döyüş yoldaşlarını xatırladılar, yaralarına baxıb həmin günlərdən yenidən keçdilər. Onlar Vətən torpaqlarında əbədi yaşayacaqlar.
“ZƏFƏR GÜNÜ BİZİM BAYRAMIMIZDIR! Rəşadət bayramıdır, Cəsarət bayramıdır, Ədalət bayramıdır. Milli qürur, Milli ləyaqət bayramıdır. Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacayıq! Cəbrayil bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
İlham Əliyev
Şüuarlar hələ də qulaqlarımızdadır, sevinc hələ də bizimlə yaşayır, gözlərimiz yenə dolur, yenə qürurlanır, qəhərlənirik… Qarabağ xalqın yaddaşı, mədəniyyəti, ata–babalarımızın izi, yarımçıq qalmış arzuları idi. Şuşa adı çəkiləndə belə insanın qəlbində qəribə hiss oyanırdı. Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın şəhəri. Azərbaycan musiqisinin, mədəniyyətinin, tarixin ən müqəddəs ünvanlarından biri. Ana oğlunun şəklini qucaqlayıb “eşidirsənmi, bala Şuşa azaddır” dedi. Biz tarixi sevinci yaşadıq. Bu gün qürurla bayrağımız Qarabağda dalğalanır deyə bilirik. Otuz ilə yaxın ürəyində Qarabağı dua kimi yaşadan xalq həmin gün sevincini ürəyinə sığdıra bilmədi. İnsanlar küçələrə axışdılar. Kimisi əllərində, kimisi avtomobilinin pəncərəsindən dalğalandırdığı bayraqla yollara çıxdı. Maşınların siqnal səsləri, insanların “Qarabağ Azərbaycandır!”, “Şuşa bizimdir!” qışqırıqları gecənin səssizliyini pozdu. Bir–birini tanımayan insanlar qucaqlaşır, göz yaşlarını gizlətmədən ağlayırdılar. Hər evdən Vətən mahnısı eşidilirdi. Sanki illərlə ürəklərdə saxlanılan bütün sözlər həmin gün dilə gəlmişdi. Müharibə bitsə də, yeni məsuliyyətli mərhələ başladı. Yenidən Qarabağa həyat vermək lazim idi. Qarabağ və Şərqi Zəngəzurda genişmiqaslı bərpa və quruculuq işlərinə başlanıldı. Böyük Qayıdış həyata keçirildi. Bütün çəkilən əziyyətlərdən sonra bizə nə qalır? Bizə Vətən əmanət edilib. Hansı ki şəhidlərimizin son nəfəsi, qazilərimizin sağalmaz yaraları, anaların duaları, ataların qüruru, uşaqların gələcəyi. Onu qorumaq üçün hər birimizin əlində silah olmasına ehtiyac yoxdur. Miras aldığımız torpaqları bizdən sonrakı nəsillərə bütöv, güclü və təhlükəsiz şəkildə ötürməliyik. İlk öncə isə bir–birimizə sahib çıxmağı bacarmalıyıq. Bizi güclü edən birlik şüurumuzdur. Heç kimin bizi əzməsinə, dəyərimizi unutdurmasına, özümüzə olan inamımızı itirməyimizə imkan verməməliyik. Torpağımıza sahib çıxmalı, tariximizi bilməli, dilimizi, təbiətimizi qorumalı, yurdumun insanına dəyər verməliyik. Şəhidlərimizin bizə əmanət etdiyi gələcəkdə savadsızlığa, laqeydliyə, ədalətsizliyə və bir–birimizə qarşı düşmənçiliyə yer olmamalıdır.
Zəfərin mübarək, Azərbaycan! Unutmayaq ki, zəfər xalqımızın ən böyük fədakarlığı idi…
Müəllif: Mədinə Məcidli



