Noyabrın 6-da Azərbaycan Milli Kitabxanasında “Zəfər zalı”nın açılışı və “8 Noyabr – Zəfər Günü” adlı Elektron Məlumat Bazasının təqdimatı keçirilib.
Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.
“Füyuzat” xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, akademik Nizami Cəfərov, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının milli birliyinin, dövlətimizin gücünün və Ordumuzun qəhrəmanlığının təntənəsi olduğu vurğulanıb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu qələbə ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, xalqımızın yaddaşında əbədi yaşayacaq.
Bildirilib ki, Zəfər tarixinin gələcək nəsillərə çatdırılması, Vətən müharibəsi həqiqətlərinin qorunması və təbliği, şəhidlərimizin xatirəsinin yaşadılması mühüm mənəvi və ictimai vəzifədir. Bu baxımdan, Milli Kitabxanada “Zəfər zalı”nın yaradılması xüsusi əhəmiyyət daşıyır. Zal Zəfər tariximizin sənədlər, kitablar, fotoşəkillər və digər informasiya materialları vasitəsilə sistemli şəkildə təqdim edilməsinə, bu sahədəki nəşrlərin və tarixi faktların bir məkanda toplanaraq oxuculara çatdırılmasına xidmət edir.
Vurğulanıb ki, kitabxanalar milli yaddaşın qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm mədəniyyət ocaqlarıdır. “Zəfər zalı” bu missiyanın həyata keçirilməsinə töhfə verəcək.
Sonra “8 Noyabr – Zəfər Günü” adlı Elektron Məlumat Bazası təqdim olunub. Bildirilib ki, elektron resurs Zəfər tariximizlə bağlı məlumatların vahid platformada toplanması, sistemləşdirilməsi və istifadəçilər üçün əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyətlidir.
Daha sonra tədbir iştirakçıları “Zəfər zalı” ilə tanış olublar. Burada Vətən müharibəsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, tarixi Zəfərə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş kitablar, nəşrlər və digər materiallar nümayiş etdirilir.
Qeyd edək ki, Milli Kitabxanada yaradılan “Zəfər zalı” və elektron məlumat bazası Zəfər tariximizin öyrənilməsi, sənədləşdirilməsi və təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, eləcə də gələcək nəsillərin Vətən müharibəsinin tarixi əhəmiyyəti barədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.





