AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsində elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Folklor nəzəriyyəsi şöbəsinin əməkdaşları da iştirak ediblər. Elmi seminarda şöbənin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Ramil Əliyev “Kitabi-Dədə Qorqud”un mifoloji obrazları” mövzusunda məruzə ilə çıxış edib.
“Füyuzat” xəbər verir ki, məruzədə “Kitabi-Dədə Qorqud” dastanındakı mifoloji obrazların mənşəyi, onların bədii zamanla əlaqəsi və qədim mifoloji təsəvvürlərdəki yeri araşdırılıb. Bildirilib ki, dastanın mifoloji obrazları degenerativ zamanla bağlıdır. Bu zaman növü obrazların mifoloji mənşəyini üzə çıxaran bədii zaman forması kimi səciyyələndirilib.
Ramil Əliyev Dirsə xan, Buğac, Beyrək, Əgrək, Səgrək, Dəli Domrul və Basat kimi obrazların mifoloji mənşəyinin əjdaha obrazı ilə əlaqəsini diqqətə çatdırıb. O, Dirsə xan adının etimoloji izahı üzərində dayanaraq “Əjdər” və “əjdaha” sözlərinin qədim tanrı anlayışı ilə bağlılığını qeyd edib. Həmçinin Əgrək və Səgrək adlarının tərkibindəki “Əg” komponentinin əjdaha məzmununu qoruduğunu, “rək” hissəciyinin isə qəhrəman adlarının formalaşmasında iştirak etdiyini vurğulayıb.
Məruzəçi Səgrəyin evlənərkən araya qılınc qoyması motivini də mifoloji kontekstdə şərh edib. Bu davranışın Aşağı Dünyada (Ölülər dünyası) əsir olan qardaşının dirildilməsi ilə bağlı potensiyanın qorunması mənası daşıdığını bildirib.
Seminarda, həmçinin Dəli Domrul, Beyrək, Aruz və Qazan kimi obrazların alt mifoloji şüurda Əjdaha Tanrısı ilə əlaqəsi məsələsinə toxunulub. Onların təmsil etdikləri it-quş, at-quş və qurd-quş hipostazlarının əjdaha obrazı ilə bağlılığı izah edilib.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.





