“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu dəfə “Həftənin əsəri” nominasiyası üzrə seçilən Katrin Mansfildin “Oyuncaq evi” hekayəsidir. Xoş mütaliələr!
İngilis dilindən tərcümə: Fidan Vahid
Sevimli yaşlı xanım Missis Hey, Börnellərdə qonaq qaldıqdan sonra şəhərə qayıdanda uşaqlara oyuncaq evi hədiyyə göndərdi. Bu ev o qədər böyük idi ki, hambal və Pet onu həyətə kimi birlikdə gətirdilər. Onu yem üçün nəzərdə tutulmuş otağın qapısının yanındakı iki taxta yeşiyin üzərinə qoydular. Həyətdə qalmasının eybi yox idi – axı indi yay idi. Evə aparana qədər, bəlkə, boya qoxusu da çəkilib gedərdi. Ah, bu boya qoxusu! Əlbəttə, sevimli yaşlı xanım Missis Hey dünyanın ən mehriban və səxavətli insanı idi, amma xala Berilin fikrincə, belə boya qoxusundan adam ciddi şəkildə xəstələnə bilərdi. Hətta evin üstündəki çuval parça götürülməsə belə. Götürüləndən sonra isə…
Yağlı boya ilə tünd ispanaq yaşılına boyanmış oyuncaq evi parlaq sarı naxışlarla bəzədilmişdi. Damına yapışdırılmış iki bütöv balaca tüstü bacası qırmızı və ağ rəngə boyanmışdı, sarı lakla parıldayan qapısı isə balaca iris konfetinə bənzəyirdi. Dörd pəncərəsi var idi və onlar geniş yaşıl zolaqla gözlərə bölünmüşdü. Sarıya boyanmış balaca bir eyvanı da var idi, eyvanın kənarlarından quruyub bərkiyən qalın boya parçaları sallanırdı.

Amma o necə möhtəşəm, necə mükəmməl bir ev idi! Axı belə gözəlliyin qarşısında boya qoxusuna kim fikir verərdi ki?! O qoxu da özlüyündə adama sevinc bəxş edir, evin təzə və yeni olmasını daha da hiss etdirirdi.
– Tez olun, açın onu!
Yan tərəfdəki qarmaq ilişib qalmışdı. Pet cib bıçağı ilə onu açdı və evin bütün ön divarı arxaya doğru açıldı. Beləcə, bir anda qonaq otağı, yemək otağı, mətbəx və iki yataq otağı göründü. Bax, ev məhz belə açılmalıdır! Görəsən, niyə evlərin hamısı bu cür açılmır? Necə də həyacanvericidir! İçində papaq asılqanı və iki çətir yerləşən sönük, balaca dəhlizə qapının dar yarığından baxmağa nə ehtiyac var ki?
Məgər evlərin qapısını döyəndə bilmək istədiyimiz şey məhz bu deyilmi?
– Heyyyy!
Burnellin uşaqları sanki ümidsizlikdən inildəyirdilər. Ev həddindən artıq möhtəşəm idi; onlar üçün belə… Həyatlarında heç vaxt belə bir şey görməmişdilər. Bütün otaqlar divar kağızları ilə örtülmüşdü. Evin divarlarındakı qızılı çərçivələrə salınmış rəsmlər göz oxşayırdı. Mətbəxdən başqa bütün otaqların döşəməsinə qırmızı xalça salınmışdı; qonaq otağında qırmızı təmtəraqlı məxmər stullar, yemək otağında isə yaşıl stullar vardı. Masalar, örtüklü çarpayılar, bir beşik, soba, üstündə balaca boşqablar və iri bir səhəng olan mətbəx bufeti… Amma Keziyanın ən çox sevdiyi, heyran qaldığı şey stolun üstündəki çıraq idi. O, yemək otağındakı masanın üstünə qoyulmuşdu: ağ abajurlu, nəfis, balaca, kəhrəba rəngli bir çıraq. Onu yandırmaq olmazdı. Amma içərisində yağa bənzəyən bir şey vardı və çırağı silkələyəndə həmin şey parıldayaraq yerini dəyişirdi.
Qonaq otağında ata və ana gəlinciklər hərəkətsizcə uzanıb qalmışdılar, sanki huşlarını itirmişdilər. İkinci mərtəbədə yatan balaca uşaqları isə gəlincik evi üçün həddindən artıq böyük idi və sanki bu evə aid deyildilər…

Amma çıraq… Çıraq möhtəşəm idi. Elə bil Keziyaya gülümsəyir və deyirdi: “Mən burada yaşayıram”. Çıraq həqiqi idi.
Ertəsi gün səhər Burnell uşaqları var gücləri ilə məktəbə qaçdılar. Hamıya oyuncaq evindən danışmaq istəyirdilər. Zəng vurulana qədər evi təsvir edib ürəkdən öyünməyə səbirsizliklə can atırdılar.
– Oyuncaq evi barədə mən danışacam, – İzabel bildirdi. – Çünki böyük mənəm. Siz ikiniz söhbətə sonra qoşularsınız. Amma birinci mən danışacağam!
Buna nə cavab verəsən ki?! İzabel əmr etməyi sevirdi, həmişə də haqlı olurdu. Lotti ilə Keziya böyük bacının hansı səlahiyyətlərə malik olduğunu yaxşı bildiklərindən yolun kənarındakı sıx qaymaqçiçəyi kollarının arasından dinməz-söyləməz keçirdilər.
– Bir də oyuncağa kimin gəlib baxacağını da ilk mən seçəcəm. Ana icazə verib.
Belə razılaşdırılmışdı ki, gəlincik evi həyətdə qaldığı müddətdə hər dəfə iki nəfərdən çox olmamaq şərtilə məktəbdən qızları ona baxmağa gətirə bilərlər. Əlbəttə, uşaqlar baxdıqdan sonra çay içməyə qalmamalı, evin içində avara-avara dolaşmamalı idilər. Sadəcə, İzabel evciyin bütün gözəlliklərini tərifləyib göstərərkən həyətdə sakitcə dayanmalı, Lotti ilə Keziya isə bundan zövq almalı idilər…
Amma nə qədər tələssələr də, oğlanların oyun meydançasının qatranlanmış taxta çəpərinə çatan kimi zəngin gurultulu səsini eşitdilər. Papaqlarını başlarından çıxarıb sıraya düzülməyi güclə çatdırdılar. Eybi yox. İzabel itirilmiş fürsətin əvəzini çıxmaq qərarına gəldi: özünə vacib və sirli bir görkəm verdi, sonra da əlini ağzına tutub yanında dayanan qızlara pıçıldadı:
– Vacib bir xəbər var. Tənəffüsdə deyəcəyəm.
Tənəffüs başlayan kimi İzabeli dövrəyə aldılar.

Sinif yoldaşları onu qucaqlamaq, onunla gəzmək, gözünə girmək, yaltaq təbəssümlə üzünə gülümsəmək, ən yaxın rəfiqəsi olmaq üçün az qala yarışa girmişdilər. İzabel oyun meydançasının yanındakı nəhəng şam ağaclarının altında kraliçalara layiq qəbul təşkil etmişdi. Balaca qızlar bir-birini dirsəkləyərək, xısın-xısın gülərək sıx dairə yaratmışdılar. Bu dairədən kənarda qalan yeganə qızlar Kelvilərin balaca bacıları idi. Onlar bilirdilər ki, Börnellərə yaxınlaşmaq olmaz.
Məsələ burasında idi ki, Börnelllərin seçim imkanları olsaydı, heç vaxt qızlarını bu məktəbə qoymazdılar. Amma ətrafda cəmi bir məktəb vardı. Buna görə də bütün məhəllənin uşaqları – hakimin, həkimin, baqqalın və südçünün uşaqları istər-istəməz eyni məktəbdə bir araya gəlmişdilər. Kobud, nadinc oğlanları demirik hələ. Amma onları bir-birindən ayırmaq lazım idi axı. Bu sərhədi Kelvi bacılarından çəkmişdilər. Börnellər də daxil olmaqla, bir çox uşağa onlarla danışmağa icazə verilmirdi. Uşaqlar başlarını dik tutaraq onların yanından ötüb keçirdilər. Davranış qaydalarını məhz Börnellər müəyyənləşdirdikləri üçün Kelvi bacılarından hamı uzaq dururdu. Hətta müəllim də onlarla başqa cür danışırdı. Lil Kelvi onun üçün əlində bir dəstə bayağı görünüşlü, ucuz çiçək dəstəsi ilə gəldikdə müəllim başqa uşaqlara baxıb gülümsəyirdi.
Onlar evdən-evə gəzərək gündəlik muzdla camaşır yuyan zəhmətkeş, paltar yumaqla dolanan balaca bir qadının qızları idilər. Bu da özlüyündə kifayət qədər dəhşətli idi. Bəs mister Kelvi harada idi? Heç kim dəqiq bilmirdi. Amma hamı onun həbsdə olduğunu deyirdi. Deməli, onlar camaşırçı qadının və həbsxanaya düşmüş bir adamın qızları idilər. Hörmətli ailələrin uşaqları üçün necə də “gözəl” yoldaşlıq! Görünüşləri də buna uyğun idi. Xanım Kelvinin onları niyə elə geyindirdiyini demək çətindir. Dərhal gözə çarpırdılar. Amma düzünü desək, onlar xanım Kelvinin işlədiyi evlərin sahiblərinin kasıblığına görə ona verdikləri paltarları geyinirdilər.
Məsələn, iri çilləri olan kök, sadə görkəmli Lil məktəbə yaşıl keçədən tikilmiş paltarda gedirdi. Bu parça vaxtilə Burnelllərin evində süfrə kimi istifadə olunmuşdu, paltarın qolları isə Loqanların qırmızı məxməri pərdələrindən tikilmişdi. Hündür alnının üstündə yöndəmsiz görünən papaq əvvəllər yetkin bir qadına – poçt şöbəsinin müdiri miss Lekiyə məxsus idi. Papağın arxa kənarı bükülmüş, üzərinə böyük al-qırmızı lələk bərkidilmişdi. Necə də qəribə görünürdü! Belə vəziyyətdə gülməkdən özünü necə saxlayasan?!
Kiçik bacısı, bizim Els isə gecə köynəyinə daha çox bənzəyən uzun ağ paltar və bir cüt oğlan çəkməsi geyinirdi. Amma məsələ geyimdə deyildi. Bizim Els istənilən geyimdə qəribə görünərdi. O, çəngələ bənzəyən kiçik bir sümüyü xatırladan çəlimsiz uşaq idi. Çox qısa saçları, iri, ciddi və qəmgin gözləri, şübhəsiz, onu balaca bayquşa bənzədirdi.
Heç kim onun gülümsədiyini görməmişdi; o, demək olar ki, heç vaxt danışmırdı. Lilin ətəyindən yapışaraq, əlində onun ətəyindən bir parça sıxıb tutaraq irəliləyirdi. Lil hara gedirdisə, bizim Els də onun ardınca gedirdi. Oyun meydançasında, məktəbə gedən və məktəbdən qayıdan yolda Lil öndə addımlayır, bizim Els isə bacısından yapışaraq arxasınca gəlirdi. Yalnız nəyəsə ehtiyacı olanda və ya yeriyərkən nəfəsi daralanda Els Lilin ətəyini dartışdırırdı. Lil dayanıb ona tərəf dönürdü. Kelvi bacıları bir-birini həmişə yaxşı anlayırdılar.
İndi onlar bir qədər kənarda dayanıb qulaq asırdılar, uşaqlara yaxınlaşmağa cürət etmirdilər. Qulaq asmağı da qadağan etməyəcəkdilər ki! Balaca qızlar dönüb istehza ilə güldükdə Lil həmişəki kimi axmaq, xəcil bir təbəssümlə gülümsədi, bizim Elz isə sadəcə baxdı. İzabelin səsi inanılmaz dərəcədə qürurla səslənərək danışmağa davam edirdi. Xalça böyük heyranlıq doğurmuşdu. Həqiqi yataq örtükləri olan çarpayılar və sobanın qapısı da uşaqların böyük marağına səbəb olmuşdu. İzabel sözünü bitirəndə Keziya onun sözünü kəsdi:
– İzabel, lampanı demədin!
– Hə, hə, – İzabel dilləndi. – Orada bir də lap balaca stolüstü lampa var. Tamamilə sarı şüşədən düzəldilib, ağ abajuru var. Yemək otağındakı masanın üstündədir. Onu həqiqi lampadan ayırmaq mümkün deyil.
– Ən gözəli elə lampadır! – deyə Keziya qışqırdı.
Ona elə gəldi ki, İzabel balaca lampanın gözəlliyindən yetərincə danışmadı.

Amma heç kim buna əhəmiyyət vermədi. İzabel artıq həmin gün günortadan sonra onlarla birlikdə gəlib balaca evciyə baxacaq iki qızı seçirdi. O, Emi Koul və Lena Loqanı seçdi. Digər qızlar da özlərinin bu fürsətdən yararlana biləcəklərini biləndə, İzabelə göstərdikləri mehribanlığın həddi-hüdudu qalmadı. Bir-bir onun belinə qollarını dolayır, onu kənara çəkirdilər. Hərəsinin ona pıçıldamaq istədiyi bir sözü, açacağı bir sirri vardı.
“İzabel mənim rəfiqəmdir”.
Hamı balaca Kelviləri unutmuşdu, onlar da kənara çəkildilər. Artıq dinləyəcəkləri nəsə qalmamışdı.
Gündən-günə daha çox uşaq Börnellərin evinə gəlib balaca evciyi görürdü və onun şöhrəti bütün məktəbə yayılmışdı. Evcik hamının söhbət mövzusuna, hər kəsin ürəkdən arzuladığı bir şeyə çevrilmişdi. Hamı eyni şeydən danışırdı:
– Börnellərin kukla evini görmüsən?
– Elə qəşəngdir!
– Sən hələ görməmisən? Doğrudan?!
Hətta nahar vaxtı da hamı yalnız ondan danışırdı. Balaca qızlar şam ağaclarının altında oturub qoyun əti sendviçlərini və üzərinə kərə yağı çəkilmiş iri qarğıdalı kökəsi dilimləri yeyirdilər. Kelvilər isə hər dəfə mümkün qədər onlara yaxın oturmağa çalışırdılar. Bizim Elz də Lildən yapışaraq qulaq asırdı. Onlar qəzetə büküb özləri ilə gətirdikləri, kağızı iri qırmızı ləkələrlə islanmış mürəbbəli sendviçlərini yeyə-yeyə söhbətləri dinləyirdilər.
– Ana, – Keziya bir dəfə soruşdu, – Kelviləri də dəvət edə bilərəm? Heç olmasa, bircə dəfə?
– Əlbəttə, yox, Keziya.
– Axı niyə?
– Get, oyun oyna, Keziya. Özün hər şeyi yaxşı bilirsən.
Nəhayət, onlardan başqa hamı evciyi görmüşdü. Mövzu da artıq əvvəlki marağını itirməyə başlamışdı. Nahar vaxtı idi. Uşaqlar şam ağaclarının altında bir yerə toplaşmışdılar. Yeməklərini bükdükləri kağızdan çıxarıb yeyən Kelvilərə baxanda qızlar onlara sataşmaq istədilər. Bacılar həmişə başqalarından ayrı dayanır, həmişə də söhbətlərə qulaq asırdılar. Emi Koul pıçıltı ilə söhbətə başladı:
– Lil Kelvi böyüyəndə qulluqçu olacaq.
– Vayy. Nə pis oldu! – İzabel Börnell dilləndi və Emiyə göz vurdu.
Emi mətləbdən xəbər tutduğunu bildirmək üçün udqundu və belə məqamlarda həmişə bu cür davranan anasını yamsılayaraq İzabelə başı ilə işarə etdi.
– Doğrudur, doğrudur, doğrudur, doğrudur, – deyə o, ard-arda təkrarladı.
Lena Loqanın gözləri qıyıldı.
– Gedib özündən soruşum?
– Mərc gəlirəm ki, soruşa bilməzsən! – deyə Cessi Mey bildirdi.
– Pahh! Ondan qorxacam? – Lena cavab verdi.
O, birdən bərkdən ciyildədi və digər qızların qarşısında rəqs etməyə başladı:
– Baxın! Bura baxın! İndi görün nə edəcəyəm!
Sonra bir ayağını sürüyərək, əlini ağzına tutub xısın-xısın gülə-gülə onlara tərəf getdi. Lil başını qaldırdı və yeməyinin qalanını cəld büküb yığışdırdı. Bizim Elz də çeynəməyi dayandırdı. Görəsən, nə baş verəcəkdi?
– Lil Kelvi, düz söhbətdir ki, sən böyüyəndə qulluqçu olacaqsan? – Lena ciyiltili səslə qışqırdı.
Ölü sükut çökdü. Amma Lil cavab vermək əvəzinə, sadəcə özünün axmaqcasına, xəcalətli təbəssümü ilə gülümsədi. Deyəsən, bu sual onu heç narahat etməmişdi. Lena üçün nə böyük məyusluq! Qızlar xısın-xısın gülüşdülər. Lena buna dözə bilmədi. Əllərini belinə qoyub sürətlə irəli atıldı.
– Sənin atan həbsdədir! – o, kinlə fısıldadı.
Bu söz qızları elə həyəcanlandırdı ki, sevincdən özlərinə yer tapa bilmirdilər. Kimsə uzun bir ip tapdı və onlar ip atlamağa başladılar. Onlar heç vaxt o səhər olduğu qədər hündürə tullanmamış, bu qədər cəsarətli hərəkətlər etməmişdilər. Dərsdən sonra Pat Börnellərin dalınca kabrioletlə gəldi və onlar evə yola düşdülər. Evdə valideynləri qonaq qəbul edirdilər. İzabel ilə Lotti qonaqları sevirdilər və paltarlarını dəyişmək üçün yuxarı qalxdılar. Keziya isə sakitcə, heç kimə hiss etdirmədən arxa tərəfə keçdi. Orada heç kim yox idi və o, evin arxasında yellənməyə başladı. Bir az sonra yolda iki balaca nöqtə gördü. Onlar getdikcə böyüyür, Keziyaya yaxınlaşırdılar. İndi o, nöqtələrdən birinin öndə, digərinin isə onun ardınca, bir-birinə yaxın yeridiyini seçə bilirdi. Bir qədər də keçdi və onları aydın gördü: Kelvi bacıları idi.
Keziya yellənməyi dayandırıb darvazadan sürüşərək yerə düşdü, sanki qaçıb getmək istəyirdi. Amma tərəddüd etdi. Kelvilər yaxınlaşırdılar. Yanlarında isə uzun kölgələri uzanıb yol boyu sürünürdü; kölgələrin başları hətta yol kənarındakı qaymaqçiçəkləri ilə örtülmüş yamacın üstünə düşürdü. Keziya yenidən darvazaya dırmaşdı. Qərarını vermişdi. Həyətlərindən çıxıb yola tərəf keçdi.
– Salam, – deyə yanından keçən Kelvilərə səsləndi.
Onlar o qədər heyrətə gəldilər ki, yerlərindəcə dayandılar.
Lil özünün axmaq təbəssümü ilə gülümsədi. Bizim Elz isə gözlərini Keziyaya zillədi.
– İstəsəniz, gəlib kukla evinə baxa bilərsiniz, – Keziya təklif etdi və sanki əyləci basırmış kimi ayağının baş barmağını torpağın üstü ilə sürüşdürdü.
Amma elə bu vaxt Lil qızardı və cəld başını buladı.
– Niyə ki? – Keziya yenidən dəvət etdi.
Lilin heyrətdən ağzı açıq qalmışdı, sonra dilləndi:
– Ananız anamıza deyib ki, bizə sizinlə danışmaq olmaz.
– Həə…
Keziya nə cavab verəcəyini bilmədi. Sonra dedi:
– Bunun əhəmiyyəti yoxdur. Yenə də gəlib kukla evinə baxa bilərsiniz. Gəlin. Heç kim görməyəcək.
Amma Lil başını daha möhkəm buladı.
– Doğrudan, baxmaq istəmirsiniz? – Keziya soruşdu.
Bu zaman kimsə Lili ətəyindən dartdı. Lil dönüb baxdı. Bizim Elz iri, yalvarış dolu gözləri ilə ona baxırdı; qaşlarını çatmışdı, baxmaq istəyirdi. Lil bir anlıq tərəddüd edib Keziyaya baxdı. Amma bizim Elz yenə onun ətəyindən dartdı. Və irəli addımladı. Keziya onlara yol göstərdi. İki sahibsiz pişik kimi onun ardınca həyəti keçib balaca evciyin dayandığı yerə gəldilər.
– Budur! – Keziya sevinclə səsləndi.
Bir anlıq sükut yarandı. Lil bərkdən nəfəs alır, az qala fınxırırdı; bizim Elz isə sanki yerə mıxlanmışdı.
– Mən sizin üçün açım, – Keziya mehribanlıqla dedi.
O, qarmağı açdı və qızlar içəri boylandılar.
– Bura qonaq otağıdır, bura yemək otağı, o tərəf isə…
– Keziya!
Üçü də diksindi.
– Keziya!
Bu, Beril xalanın səsi idi. Onlar dönüb baxdılar. Arxa qapının ağzında Beril xala dayanmışdı; elə baxırdı ki, sanki gördüklərinə inana bilmirdi.
– Balaca Kelviləri həyətə dəvət etməyə necə cürət etmisən?! – o, qəzəblə çığırdı. – Yaxşı bilirsən ki, onlarla danışmağa icazən yoxdur. Rədd olun, uşaqlar, rədd olun buradan! Elə indi! Bir də bura qayıtmağa cürət etməyin! – Beril xala qışqırdı.
O, həyətə çıxıb onları toyuqları qovurmuş kimi qovdu.
– Dərhal rədd olun buradan! – deyə soyuq və təkəbbürlü səslə bağırdı.
Qadının sözünü iki dəfə təkrarlamasına ehtiyac qalmadı. Utancdan yanaqları alışıb yanan, bir-birinə qısılaraq büzüşən bacılar uzaqlaşdılar. Lil anası kimi özünü yığışdırmış, balaca Elz isə çaşqınlıq içində qalmışdı. Onlar geniş həyəti keçib ağ darvazanın arasından güclə çıxdılar.
– Səni yaramaz, sözə baxmayan qız! – deyə Beril xala Keziyaya acıqlı şəkildə qışqırdı və o, balaca evciyin qapısını bərkdən çırpdı.
Həmin gün onun Villisi yazırdı ki, əgər Beril həmin axşam onunla “Pulman’s Bush”da görüşməsə, o, evin ön qapısına gəlib bunun səbəbini soruşacaq! Amma indi o balaca Kelviləri qorxudub qovmuş, Keziyanı da yaxşıca danlamışdı. Buna görə sakitləşmişdi. Dəhşətli gərginliyi çəkilib getdi və o, zümzümə edə–edə evə qayıtdı. Börnellərin gözündən uzaqlaşandan sonra Kelvi bacıları yol kənarındakı iri, qırmızı su borusunun üstündə dincəlmək üçün oturdular. Lilin yanaqları hələ də qızarmışdı. O, lələkli papağını çıxarıb dizinin üstünə qoydu. Xəyala dalmış halda hasarlanmış biçənək sahələrinə, kiçik çayın o tayına, akasiya ağaclarına baxırdılar. Loqanların inəkləri də sağılacaqları vaxtı gözləyərək həmin ağacların altında dayanmışdılar.
Görəsən, bu qızlar nə düşünürdülər?
Bir azdan bizim Elz bacısına yaxınlaşdı. O, əsəbi xanımı artıq unutmuşdu. Barmağını uzadıb bacısının papağındakı lələyi sığalladı və nadir hallarda üzündə görünən təbəssümlə gülümsədi.
– Mən o balaca lampanı gördüm, – astadan dilləndi.
Və hər ikisi yenidən sükuta qərq oldu.




