Dünya tarixində müharibələr dedikdə, adətən illərlə davam edən döyüşlər, böyük ordular, dağıdılmış şəhərlər və milyonlarla insanın taleyi göz önünə gəlir. Lakin tarixdə elə bir müharibə var ki, onun başlanması ilə başa çatması arasında cəmi 38 dəqiqə olub. Söhbət 1896-cı il avqustun 27-də Böyük Britaniya ilə Zənzibar Sultanlığı arasında baş vermiş İngiltərə-Zənzibar müharibəsindən gedir. Qarşıdurma Ginnesin Rekordlar Kitabında qeydə alınan tarixin ən qısa müharibəsi hesab olunur. Maraqlısı budur ki, cəmi bir saat belə davam etməyən bu müharibə yüzlərlə insanın həyatına son qoyub. Müharibənin başlanmasına səbəb Zənzibarda hakimiyyət uğrunda yaranan mübahisə idi. Hadisələrdən əvvəl Zənzibar Şərqi Afrikanın Hind okeanında yerləşən mühüm ticarət mərkəzlərindən biri idi. Böyük Britaniya isə bölgədəki siyasi və iqtisadi təsirini genişləndirməyə çalışırdı. 1890-cı ildə Britaniya Zənzibar üzərində protektoratlıq qurmuşdu.
1896-cı il avqustun 25-də Zənzibarın sultanı Həməd bin Tuvaini qəfil vəfat etdi. Onun ölümündən sonra əmisi oğlu Xalid bin Bərqaş hakimiyyəti ələ keçirərək özünü yeni sultan elan etdi. Lakin Britaniya hakimiyyətə özünün dəstəklədiyi başqa namizədin – Həmud bin Məhəmmədin gəlməsini istəyirdi. Beləliklə, Zənzibarda taxt-tac uğrunda mübarizə qısa müddətdə beynəlxalq siyasi qarşıdurmaya çevrildi. Britaniya tərəfi Xalidə hakimiyyətdən çəkilməsi və sarayı tərk etməsi üçün ultimatum verdi. Ona 27 avqust səhər saat 09:00-a qədər vaxt tanındı. Lakin Xalid tələbi qəbul etmədi və saray ətrafında müdafiə qüvvələri yerləşdirdi. Britaniya isə artıq hərbi əməliyyata hazırlaşmışdı. Kral Donanmasının beş hərbi gəmisi Zənzibar limanında mövqe tutmuşdu. Avqustun 27-də səhər saat 09:02-də Britaniya hərbi gəmiləri kral sarayını atəşə tutmağa başladı. Sarayın taxta konstruksiyaları qısa müddətdə alovlandı, müdafiə mövqeləri dağıdıldı və Zənzibarın hərbi imkanları ciddi şəkildə zəiflədi. Britaniya donanmasının üstünlüyü qarşısında sultanlığın qüvvələri müqavimət göstərə bilmədi. Atəşə tutulan obyektlər arasında sultanın sarayı ilə yanaşı, limandakı hərbi mövqelər də var idi. Zənzibarın kral yaxtası Glasgow da Britaniya gəmilərinin atəşi nəticəsində batırıldı.
Müharibənin ən maraqlı məqamlarından biri isə sultanın taleyi idi. Xalid bin Bərqaş saraydan qaçaraq Almaniyanın konsulluğuna sığındı. Daha sonra almanlar onu gizli şəkildə Şərqi Afrikadakı Almaniya ərazisinə apardılar. Beləliklə, müharibə təxminən 38 dəqiqə ərzində Britaniyanın qələbəsi ilə başa çatdı. Bəzi tarixi mənbələrdə qarşıdurmanın 40 və ya 45 dəqiqə davam etdiyi də göstərilir. Tarixi məlumatlara görə, Zənzibar tərəfində təxminən 500 nəfər həlak olmuş və ya yaralanmışdı. Onların arasında mülki şəxslər də var idi. Britaniya tərəfində isə cəmi bir dənizçi yaralanmışdı. Qarşıdurmadan sonra Britaniyanın dəstəklədiyi Həmid bin Məhəmməd Zənzibarın yeni sultanı oldu. Bununla da Britaniyanın bölgədəki siyasi təsiri daha da gücləndi. Deməli, cəmi 38 dəqiqəlik hərbi qarşıdurma belə bir ölkənin siyasi gələcəyini, hakimiyyətini və müstəqilliyini dəyişə bilər.
Müəllif: Mədinə Məcidli



