Xəbərlər

İranın yeni prezidenti kim ola bilər?

İbrahim Rəisinin təyyarə qəzasında ölümündən sonra İranda prezidentlik uğrunda əsas mübarizə İslam Respublikası parlamentinin keçmiş və indiki spikerləri Əli Laricani və Məhəmməd Baqir Qalibaf arasında gedə bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin biznes qəzeti “Ekonomim” analitiklərin proqnozlarına istinadən məlumat yayıb.

İranda prezident seçkiləri iyunun 28-nə təyin edilib. Türkiyənin hökumətyönlü “Hurriyet” qəzeti yazır ki, Ankara hələ də fəlakətin texniki səbəblərə görə baş vermə ehtimalının yüksək olduğuna inanır. Eyni zamanda, digər variantlar da nəzərdən keçirilir.

Yerli ekspertlər təyyarə qəzasının daxili siyasi mübarizənin nəticəsi ola biləcəyini istisna etmirlər. Bununla bağlı “Hurriyet” qeyd edir ki, Rəisi İranın ali dini lideri Əli Xamneyinin postuna ən çox ehtimal olunan namizədlərdən biri hesab olunurdu. Ancaq bəzi qruplar İranın ruhani liderinin oğlu Müctəba Xameneyini onun varisi kimi görmək istəyirlər.

İran tərəfi isə rəsmi formada qəzanın səbəbləri barədə açıqlamalar verməkdən çəkinir. Hazırda araşdırma aparılır və araşdırmanın nəticəsinin elan olunacağı bildirilib.

Qeyd edək ki, prezident postuna namizədlərdən 66 yaşlı Laricani 2008-2020-ci illərdə İran parlamentinə rəhbərlik edib. 62 yaşlı Qalibaf 2020-ci ildən İran parlamentinin sədridir.