Ədəbiyyat • Füyuzat 150 • Xəbərlər

Con Qolsuorsi yaradıcılığında estetik və sosial reallıq

“ZADƏGAN YAZIÇI”NIN HƏYAT FƏLSƏFƏSİ VƏ REALİST YARADICILIQ KREDOSU

on Qolsuorsi (1867–1933) XX əsr ingilis və dünya ədəbiyyatının ən nəhəng simalarından biridir. Onun yaradıcılığından söhbət düşəndə əksər yazıçı, tənqidçi və elm adamları “zadəgan yazıçı” istilahına müraciət edirlər. Bu ifadədə həm onun nəsil ağacına, həm də yazıçı kimi davranış və məfkurəsinə, həyata baxışına işarə var. Con Qolsuorsi İngiltərədə son dərəcə zəngin, adlı-sanlı ailənin övladı olub. Bircə faktı deyək ki, Con Qolsuorsi 1932-ci ildə Nobel mükafatının təqdimetmə mərasimində beyin xərçəngi səbəbindən iştirak edə bilməyib. Ancaq yazdığı Nobel mühazirəsində yazıçılıq, xalq, ictimai sinif və təbəqələşmə haqqında elə sözlər işlədib ki, bu cümlələr mərasimdə səslənsəydi, şübhəsiz, böyük qalmaqal yarada bilərdi. O, həyatı və insanları sevirdi. Realist idi, bəlkə də, dünyanın son realist yazıçısıydı. Qələmə aldığı hekayələr, “Forsaytlar haqqında saqa” adlı çoxcildli romanları, pyes və şeirləri geniş ictimai maraq doğurur.

Dörd yandan əsən küləklər

Con Qolsuorsini bizim tədqiqatçılardan “məhəbbət nasiri” adlandıranlar da var. Diqqət edək: “…Bütün bu əsərlərin meydana gəlməsində Ada (Qolsuorsinin həyat yoldaşı – S.M.) sadəcə yazıçının ilham pərisi deyil, həm də ikinci müəllif kimi iştirak edir. Con yazdıqlarını səhifə-səhifə ona oxumağa yalnız Adanın royalda canlı ifa etdiyi zərif melodiyaların sədası altında işləməyə öyrəşmişdi. Musiqi əsərləri ilə müqayisə etsək, onun romanları haqqında belə bir ifadə işlədə bilərik: sözləri Con Qolsuorsinin, musiqisi Adanındır… Bu orijinal yaradıcılıq tandemi Conun ömrünün sonuna qədər davam etdi. Təbiətən qürurlu, iddialı qadın olan Ada bütün ambisiyalarını içində boğaraq özünün zəka və emosiyalarını bütövlüklə sevimli ərinin xidmətinə həsr etməyi bacardı. Bu nikahdan övladları olmasa da, qarşılıqlı məhəbbət, bir də yaradıcılıq şövqü ilə ərsəyə gətirilən əsərlər onların ömür yolunun davamına çevrildi” (Abbasov İlham “Məhəbbət nasiri Con Qolsuorsi”, “Ulduz”, №06 (613), 2020, s. 75).

Ancaq təkcə bu fakt onun məhəbbət nasiri olması üçün kifayət deyildir. Con Qolsuorsinin bütün nəsr əsərlərinin lirik başlanğıcı var: o öz xarakteri və insani nəcibliyini məhz bu yolla ifadə edir və vurğulayırdı. Onun ədəbi taleyini səciyyələndirən bir ad da “Dörd yandan əsən küləklər”dir. Bunun dərin mənası var. Məsələ belədir ki, Con Qolsuorsinin yaradıcılığa başlamaq ehtirası digər böyük yazıçılardan çox fərqlənib. O, həmişə tələbəlik illərində gənclərin daxili sarsıntı bahasına yazdıqlarını kənardan müşahidə edib və bu, yazıçıda təəssüf hissi oyadıb. Ancaq düz otuz yaşında, yəni yazı haqqında düşünmədiyi günlərin birində həyat, gerçəklik və insan yaşantıları ilə bağlı onda daxili təbəddülat yaranıb, bunun içindən çıxa bilmədiyinə görə yazı sehrinə düşüb. Con Qolsuorsi yaradıcılığı boyu üç şeir kitabı, iyirmi roman, iyirmi yeddi pyes, yüz yetmiş üç hekayə, yeddi yüz məktub və bir çox başqa ədəbi eskizlər yazıb. O özünü realist sayaraq obrazın doğruluğunu “əsl sənət”lə müqayisə edirdi. Qolsuorsinin reallığın təsvirinə olan sevgisi əsərlərində öz əksini tapırdı: yazıçı tez-tez bir sıra aktual sosial problemlərə – feminizmin əhəmiyyəti, senzuraya qarşı mübarizə, məhkəmə sistemində islahatların aparılmasının zəruriliyinə toxunurdu.Qolsuorsi təkcə nasir deyil, həm də dramaturq kimi uğur qazanmışdır. Onun “Ədalət” pyesi Uinston Çörçilə güclü təsir bağışlamışdı. Əsərdə qaldırılan məsələlər – əsasən, kasıblara qarşı zülmlər siyasətçini həbsxana sistemində islahatlara sövq edib.

Əsərlərinin tərcüməsi və ədəbi həqiqətlər

Con Qolsuorsinin əsərlərinin tərcüməsində pərakəndəlik müşahidə edilir. Qeyd edək ki, onun ən məşhur “Forsaytlar haqqında saqa” əsəri hələ də dilimizə çevrilməmişdir. Bununla belə, nasir və tərcüməçi Kamran Nəzirli Qolsuorsi əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsinə adekvat yanaşmış, müəllifin üslubunu saxlamağa çalışmışdır. Qeyd edək ki, Qolsuorsinin realist yaradıcılığı onun özünəməxsus poetik sistemi ilə səciyyələnir. İrihəcmli seriyalarda romanlar arasında körpü yaratmaq məqsədilə xüsusi texnikadan yararlanırdı. Belə ki, “Forsaytlar haqqında saqa” iki intermediya ilə bağlanan üç romandan ibarətdir və əsrin əvvəlində – modernizm, I və II Dünya müharibələri dövründə varlı orta sinfə mənsub ingilis ailəsinin üç nəslinin həyatından bəhs edir. 20-ci illərin caz mədəniyyəti bu roman seriyasında mükəmməl bədii həllini tapıb. Onun Azərbaycan dilinə tərcümə edilən əsərlərinin əsas cəhəti Qolsuorsinin həyat və sənət fəlsəfəsini dolğun şəkildə əks etdirməsidir.

Con Qolsuorsi həyatı psixoloq kimi araşdırır, təhkiyənin sehrli gedişləriylə insan qəlbinin, xüsusən qadın ürəyinin kimsənin aça bilmədiyi dərinliklərinə sirayət etmək istəyirdi. Qeyd edək ki, bu cəhət Kamran Nəzirli, Həmid Piriyev və digər tərcüməçilərin mətnlərində yetərincə öz əksini tapmışdır.

Müəllifin “Qadın baxışı” adlı hekayəsinin ekspozisiya hissəsində ortaya atılan detal – qəbiristan müdirinin qəfildən məzarlıqda bir qadınla rastlaşması və baxışlarının toqquşması bir-­iki ştrixlə nəql edilir. Burada detalın mahiyyəti qoca qadının baxışlarının qəribəliyindədir. Realist nəsrdə modernizmdən fərqli bir əsas cəhət var: qəhrəmanın həyat hekayəsi hansısa kor düyünü xatırladır. Əsas olan bu düyünün açılması, hekayənin məlum olmasıdır. Məhz bu andan sonra həm qəhrəman, həm də nəsr aləmi ilə bağlı bütün hərəkətlər proqnozlaşdırıla bilir. Bu hekayədə də düyün qadının qəribə və sirli baxışıdır. Bu bilməcəni açmaq üçün qəbiristanlığın direktoru o zaman dostunu müayinə etmiş həkimin evinə yollanır. Həkim, şübhəsiz ki, ad çəkmədən (realist hekayədə bu da əsasdır, sirri, düyünü tam açmırsan, əsas hekayətin mahiyyətidir – S.M.) bütün əhvalatı direktora danışır. Unutmaq olmaz ki, direktorun qoca qadınla rastlaşdığı gün dostunun iyirmiyaşlı oğlunun dəfniydi. Məlum olur ki, dostu ömrünün ahıl çağında çox cavan bir qadınla ailə qurubmuş. Cənab Qodvin ölüm yatağındadır, missis Qodvin yüz verstlərlə məsafə qət edib ərinin görüşünə gələn qadını içəri buraxmır. Qadın həkimə başa salır ki, o özbaşına gəlməyib, cənab Qodvin ona üzük göndərib, bunun mənası “gəl görüşək” deməkdir. Üzük detalı çox maraqlıdır, o həm qadınla kişinin həyatlarını birləşdirməsi, həm də “bizi ölüm də ayıra bilməz” mənasına gəlir. Həkim aşağı düşən kimi qadın ilk olaraq cənab Qodvinin sağalmağına ümidin olub-olmadığını soruşur.

Təhkiyəçi bu gün dəfn ediləcək iyirmiyaşlı gəncin kimin uşağı olmasını da sirr saxlayır. Qoca Qodvin, bəlkə, üzüklə çağırdığı qadına bu sirri açacaqdı? Məlum deyil. Hekayə intizarla bitir. Qadın kişinin çarpayısına yetişəndə qoca Qodvinin huşu özünə gəlsə də, hər iki qadına baxıb canını tapşırır. Yəni Con Qolsuorsinin həyat və ölüm dilemması, əslində, çox dərindir, hekayə və romanlara sığmayan məsələdir.

Realist üslub sferası

Qolsuorsi realist üslubda zəngin ifadə texnikasına malik idi. Onun müxtəlif mətnlərində həm kəskin süjet xəttinə, həm də hadisələrin birdən gərginləşib boşalmasına, sadə kompozisiya quruluşuna rast gəlmək çətin deyildir. Ümumən XX əsr nəsrinin bütün gözəl xüsusiyyətləri, demək olar, Qolsuorsinin hekayə və romanlarında, xüsusən “Forsaytlar haqqında saqa”da cəmlənmişdi. Onun ədəbiyyat və həyata münasibətini bütün nəsr mətnlərindən çıxarmaq mümkündür, ona görə ki Qolsuorsi sadə dillə yazırdı. Onu, əsasən, qəhrəmanlarının taleyi, xarakteri, bu və ya digər vəziyyətə reaksiyaları və bütün bunların nəhayətində insanın həyata və əksinə təsirini araşdırmaq maraqlandırırdı. Müəllifin “Yapon heyvası” hekayəsindən sanki sevgili həyat yoldaşının çaldığı pianonun incə səsləri eşidilir. Burada biz hansısa effekti alındırmaq üçün belə bir həyat faktından istifadə etmirik. Hekayədə yaz səhərininaçılmasından, qaratoyuğun kollar arasından gələn səsindən bəhs edilir. Mister Nilson səhər yeməyindən qabaq parka çıxır. Əllərini arxasında birləşdirərək gəzişir, səhərin bu çağında hər şey onun qəlbinə toxunur, gah uzaqdan, gah da yaxından eşidilən qaratoyuğun nəğməsi, ağacların arasıyla addımlayarkən burnuna gələn qəribə qoxu onu bir an dərindən düşünməyə vadar edir. Burada qonşusu ilə rastlaşır, yaxın münasibətləri olmasa da, salamlaşırlar. Bu cənabların ikisi də səhərin gətirdiyi yeni və cilvəli, həm də çox həyəcanverici qoxulardan məst olublar, ilk dəfədir ki, məhz bu hava onları daha çox susmağa vadar edir.

Dünyada elə çiçəklər, elə ağaclar var ki, onların qarşısında susmamaq mümkün deyil, həm də dünyada nadir qoxular var ki, sən onu ciyərlərinə çəkib yaddaşında, şüuraltında xatirə kimi saxlamalısan. Bu zərif intonasiyalı hekayədə mistik aura mövcuddur. Hekayədə həyat və ölüm bir-birindən dünyalarca uzaqda yerləşir, amma onların həniri həmin kolların arasından eşidilən qaratoyuq nəğməsinə də bənzəyir. Diqqət edək: “Nə gözəl səhərdir! – düşündü. – Parkda da təkəm… Ancaq mən hiss edib gəldim və…” Fikrini tamamlamamış yanındakı eynən onun kimi əllərini dalında çarpazlayıb dayanan və ağaca baxıb gülümsəyən adamı gördü. Pərt olan mister Nilson gülümsəməyi kəsib tanımadığı adama yanakı baxmağa başladı. Bu onun qonşusu, Sitidə yaxşı tanınan mister Tan­dram idi. Beş ildi o, burada yaşayırdı. Mister Nilson o saat vəziyyətin naqolaylığını anladı: onlar hər ikisi evli idi və indiyəcən ikilikdə qalıb söhbət etmək imkanları olmamışdı. Hərəkətinin düzgünlüyündən şübhələnsə də, mister Nilson: “Gözəl səhərdir!” – deyə mızıldandı. Mister Tandram da: “Bəli, bəli, ilin bu vaxtı üçün möhtəşəmdir!” – dedi. Mister Nilson qonşusunun səsində bir az həyəcan hiss edib ona dik baxmağa başladı. Mister Tandramla təxminən eyni boydaydılar. Onun da yumru, çəhrayı yanaqları, səliqəli qara bığları və aydın, boz gözləri vardı. O da qara geyimdə idi. Mister Nilson qonşusunun da əlində səhər qəzetini tutduğunu gördü və hərəkətini izah etməyin labüdlüyünü duyub soruşdu:– E… Bilmirsiniz, bu hansı ağacdır?Mister Tandram cavab verdi:– Elə mən də sizdən bunu soruşmaq istəyirdim.O, ağaca yaxınlaşdı. Mister Nilson da həmçinin.– Bəlkə, üstündə yazılıb, – mister Nilson dedi.Bayaq qaratoyuğun oturduğu yerin yaxınlığında asılmış yazını birinci Mister Tandram gördü və bərkdən oxudu:– Yapon heyvası.– A! – mister Nilson dedi. – Belə də düşünürdüm. Nə tez çiçəkləyir!– Hə, çox tez, – mister Tandram da razılaşıb əlavə etdi, – elə bil bu gün havada nəsə var.Mister Nilson dedi:– Qaratoyuq oxuyurdu” (Con Qolsuorsi “Yapon heyvası”).

İndi isə Qolsuorsinin həyata baxışının, bir realist yazıçı kimi ədəbi dünyagörüşünün əsas məqamlarını anlamaq üçün onun “Ədəbiyyat və həyat” essesinə diqqət yetirək. Qeyd edək ki, esse ingilis dilindən yazıçı Kamran Nəzirli tərəfindən dilimizə çevrilib. Bədii tərcümənin adekvatlıq prinsipinə uyğun olaraq Con Qolsuorsinin üslub manerasını, əsasən, saxlamış, onun cümlələrinin sintaksis havasını mükəmməl şəkildə çatdıra bilmişdir.Bu essesində Con Qolsuorsi ənənəvi “Ədəbiyyat nədir?” sualına cavab axtarır və sırf realist üslublu yazıçı kimi həyatdan, müşahidələrindən nümunələr gətirir. İlk növbədə ədəbiyyatın torpaq üzərində iz buraxmamasından danışır. İlan səhrada belə qıvrıla-qıvrıla izlər salsa da, külək və qasırğa o izləri bir gün yerli-dibli pozur. Ancaq zaman keçdikdən sonra ilanın qum üzərində qalan skeletinə baxın.

Yazıçı qeyd edir ki, bu sümüklərin hər biri digərindən kəskin fərqlənir, ancaq mahiyyətcə quruluşlarında elə incəlik var ki, bu, fərqli şeyləri bir yerə yığıb. Qolsuorsiyə görə, ədəbiyyat elə bu incəlikdir, bu quruluşdur. Başqa bir müşahidəsini də bölüşür: “Bir neçə il bundan qabaq Nyu-Yorkda olarkən nəhəng sümüklü dinozavr gördüm, qəribə quyruğu və xırda ağzı vardı; yox, canlı deyildi, hərçənd bəzən ondan da xırda ağızlı, heyrətamiz heyvanlar görürsən. Bizə muzeyi göstərən professordan soruşdum:– Ser, bu nəhəng heyvanın ağzı çox xırdadır, görəsən, o doya bilirdimi?Professor mənə qərəzlə baxdı, sanki demək istəyirdi: “Mən də elə bunu sizə izah eləmək istəyirdim”.

Deməli, ədəbiyyat haradasa iri skeleti və quyruğu olan dinozavra bənzəyir, quyruğunun uzunluğunun sonu yoxdur, ağzı da çox xırdadır və daim həyatdan dadır” (Con Qolsuorsi “Ədəbiyyat və həyat”).

Orijinala sadiqlik və adekvatlıq

Qeyd edək ki, Con Qolsuorsinin “Alma ağacı” romanı da K.Nəzirli tərəfindən orijinaldan tərcümə edilib. Romanın epiqrafında belə qeyd olunub: “Alma ağacının çiçəkləri və baharın zəri…” – Evripidin “İppolit” pyesindən bir misra (Qilbert Mürreyin tərcüməsi). Bu bircə cümlə romanın bütün mətninin mahiyyətini özündə cəmləyir. Əsər real hadisələrdən bəhs edir. Şüb­həsiz ki, orijinal mətndəki bəzi cümlələr və idiomlar tərcümə prosesində müəyyən çətinliklər yaradıb, tərcüməçi isə bu zaman adekvatlıq prinsipindən istifadə edib. O, ayrı-ayrı paraqrafları və bütöv mətnin mənasını elə tutub ki, tərcümə ilə orijinalı tutuşdurduqda bircə söz belə öz yuvasından kənarda görünmür. Bu roman hekayələri ilə müqayisədə daha həcmli olduğuna görə bəzi qənaətləri söyləmək mümkündür. Əvvəla, onu deyək ki, “Alma ağacı” romanında Con Qolsuorsinin ədəbiyyat və həyat konsepsiyası, yəni bədii yaddaşın zaman üfüqündə izini saxlaması məsələsi tamamilə ifadə edilib. Mətni oxuduqda qəribə auranın şahidi oluruq: bu, Con Qolsuorsinin üslub və təhkiyə dərsidir.

Onun prinsiplərindən ən ümdəsi həyat adlı kitabı oxuyarkən düzgün nəticənin çıxarılmasıdır. Con Qolsuorsinin ədəbi irsi sübut edir ki, bu gün tez-tez işlədilən səs-küylü reklam xarakterli ifadələr keçicidir; əsas məsələ sənətkarın zamanın axınında dərin iz qoya bilməsidir. Onun bütün hekayə və romanlarından keçən qırmızı xətt məhz budur. Həyatı və ədəbiyyatı sonsuz sevgi ilə bağlayan yazıçı ömrünün son anında belə bu sədaqətini qorumuşdur. Qolsuorsinin ölümündən sonra Adanın mücrüdən tapdığı son şeir də məhz bu böyük eşqin və sənət fəlsəfəsinin əbədi xatirəsi idi.

Samirə Məmmədli