16–17 noyabr 2026-cı il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lənkəran şəhərində “Ailə, qadın və uşaq məsələlərinin mediada” mövzusunda təlim proqramı keçirilib.
“Füyuzat” xəbər verir ki, təlim proqramı Dövlət Komitəsinin 2024–2026-cı illər üzrə Kommunikasiya Strategiyasının icrası məqsədilə təşkil olunub.
Proqramın əsas məqsədi gənc jurnalist kadrların ailə, qadın və uşaq məsələləri sahəsində bilik və bacarıqlarının artırılması, gender həssaslığının formalaşdırılması, eləcə də media nümayəndələri arasında peşəkar və məsuliyyətli jurnalistika prinsiplərinin təşviq edilməsindən ibarət olub.
Təlimdə Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və ADA Universitetinin III kurs tələbələri iştirak ediblər.
Təlim proqramının açılış mərasimində Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Sevil Rəsulzadə çıxış edərək iştirakçılara proqramın məqsədi və gündəliyi barədə məlumat verib. O, həmçinin Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti və görülən işlər barədə danışıb.
İki günlük təlim proqramı təşkilati inkişaf və gender üzrə ekspert, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Məryəm Məcidova, eləcə də media eksperti, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli tərəfindən aparılıb.
Təlimlər çərçivəsində mediada gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, uşaq hüquqları və uşaqların təhlükəsizliyinin təmin edilməsi, məişət zorakılığı, erkən nikahlar, gender əsaslı zorakılıq, ailə dəyərləri və digər aktual sosial məsələlərin işıqlandırılması istiqamətində mövzular əhatə olunub.
Eyni zamanda, həssas qruplarla bağlı informasiyaların hazırlanması və təqdim edilməsi zamanı etik prinsiplərə riayət olunması, şəxsi həyatın toxunulmazlığının qorunması, xüsusilə uşaqların mənafeyinin üstün tutulması, stereotiplərdən uzaq media dili və məsuliyyətli jurnalist yanaşmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Təlim çərçivəsində nitq mədəniyyəti, ədəbi dil normalarına riayət edilməsi, eləcə də peşəkar kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi məsələləri əhatə olunub.
İnteraktiv formatda təşkil olunan təlimlər zamanı iştirakçılar qrup işlərində və praktiki tapşırıqlarda iştirak edib, real media nümunələri üzərində müzakirələr aparıblar. Təlimçilər tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.
Proqram çərçivəsində iştirakçıların asudə vaxtının səmərəli təşkili və Lənkəranın turizm potensialı ilə tanışlığı məqsədilə Xanbulan gölünə və “Citrus Valley” turizm məkanına ekskursiyalar da təşkil olunub.
Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim edilib.



