Xəbərlər

Azərbaycanlı musiqi müəllimi Ankarada “Vəfa” mükafatına layiq görülüb

Ankarada fəaliyyət göstərən “Səda” musiqi kurslarının təsisçisi və musiqi müəllimi Aytən Rəhimova “Vəfa” mükafatına layiq görülüb.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyədə 24 noyabr – Müəllimlər Günü münasibətilə Mamak Bələdiyyəsinin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə müəllimlərin əməyi və təhsildəki rolu qeyd olunub.

A.Rəhimova 2022-ci il sentyabrın 17-də Ankarada təsis etdiyi “Səda” Musiqi Kursunun rəhbəri kimi, başda fortepiano olmaqla, müxtəlif musiqi alətləri üzrə tədris fəaliyyətini davam etdirir.

Türk dünyasının mədəni dəyərlərinin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində fəallıq göstərən A.Rəhimova Azərbaycan musiqisinin, muğam ənənəsinin, musiqi mədəniyyətinin və sənət tarixinin araşdırılmasına və təbliğinə xüsusi önəm verir.

Mədəniyyət sahəsindəki fəaliyyəti ilə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verməyə çalışan A.Rəhimova milli musiqimiz, muğam, mədəniyyət və incəsənət mövzularında qələmə aldığı məqalələr vasitəsilə bilik və təcrübəsini türk oxucularla da bölüşür.