Təqvimdəki vərəqlərdə günlər bir-birini əvəzlədikcə ömrümüzdə dəyişən sadəcə tarixlər olmur. İllər həm bizi, həm də ruhumuza toxunan nəğmələri dəyişir. Bəzən eşidəndə illərlə yanından ötüb keçdiyimiz mahnı gözlənilmədən içimizdəki bir qapını açır. Yaxşı melodiyası var deyə dinlədiyimiz mahnıların səsləri ilə birgə sözləri də fərqli məna qazanmağa başlayır. Bu yaxınlarda Azərbaycan radiosunun 100 illiyi ilə bağlı konsert proqramında “Rast” qrupunun illər öncə səsləndirdiyi “Qayıdıram” nəğməsini eşidəndə yeni məna daşıması kimi:
Yenə evə mən qayıdıram
Göz yaşımı mən gizlədirəm.
Uşaqlıqda aldığı ən kiçik yarada belə ağlayaraq evə qaçmağı adət edən qız ən böyük yarasını göz yaşlarını kölgələyən təbəssümündə gizlədir. Belə anlarda “Anasını itirən ağlayar, bu səni gücsüz etməz” kimi kənardan eşidilən səslər bəzən içindəki yaranı daha da dərinləşdirir. Ancaq bu sualı özünə də verirsən. Doğrudan da, niyə göz yaşları indi gizlənir? Bəlkə də onun sənə əmanət etdiklərinə ağrını yenidən yaşatmamaq üçün. Hər baxışda, hər sözdə o boşluğu xatırlatmamaq, başqalarının yükünü bir az da ağırlaşdırmamaq üçün göz yaşları geri çəkilir. Başqa bir səbəb də var. Axı göz yaşlarını dindirən insan yoxdur. İndi onları içdən-içə oxudub dilə gətirən də elə doğmandır. O doğmalıq səsin titrəyişində, yarımçıq qalan cümlələrdə, gözün ucu ilə tutulan bir baxışda özünü büruzə verir. Göz yaşlarının ünvanı da kimsəsiz qalan o sevgiyə sığınır:
Yenə qaldım yuxusuz
Hərdən göylər də qalar ulduzsuz
İsindirməz məni kimsəsiz sevgi.
Beləcə, səni izləyib yol yoldaşın olan melodiya dostuna çevrilir. “Tək getmə, ürəyin xarab olar” deyilən o ünvanda hava soyuq olanda belə özünə qayıdırmış kimi hiss etdiyin üçün üşümürsən. Sanki ilk dəfə yox, çoxdan tanıdığın bir yerə – əsl evinə gəlirsən. Bütün dünyadan qopursan. Dünyanın bu üzü sənin üçün səssiz-sözsüz aləmə dönür. Ancaq ziyarətin bitməlidir. Hardan qayıtdığını bilməmələri üçün üzünə sakit bir ifadə çəkib geri dönməlisən. Nəğmədə deyilən o soyuq dünyaya qayıtmalısan. Verilən sözləri tutmaq üçün. Onu olmadığı dünyada yaşatmaq üçün…
Qayıdıram soyuq dünyaya
Qayıdıram sənsiz, sözsüz sənə görə
Yenə mən…
Müəllif: Günel Natiqqızı



