Bu məqalə Türk dünyasının böyük bilgəsi, filosof-mütəfəkkiri Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyinə ithaf olunur.
Əli bəy Hüseynzadənin turançılıq fəlsəfəsində ikinci məsələ Turan mədəniyyətinin nüvəsi olan türklərin qədim zamanlarda, əsasən, təbiətə və onun sirlərinə pərəstişdən ibarət bulunan “şamanizm”ə (əslində, qamlığa) və tanrıçılığa inanmalarını izah etməkdir. Onun fikrincə, “şamanizm” bəzi Qamların ya da “şaman”ların şarlatanlığı sayəsində sonralar bütpərəstlik dərəcəsinə düşdüyü zamanlarda belə, bu bütpərəstlik həmin dövrlərdə bir o qədər qaba olmayıb Misir, yaxud da Yunan qədim məzhəbləri kimi xurafat səviyyəsinə enməmişdir (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.64). O, türklərin ilkin inanclarında oda olan sitayişlərini şaman, ya da qamlarla bağlayıb İranlıların gəlişindən sonra ortaya çıxan zərdüştilərin atəşpərəstliyə aid olmamasına diqqət çəkmişdir: “Nura pərəstiş guya İyzədə (Hörmüzə – F.Ə.) pərəstiş demək olduğundan Zərdüşt məzhəbinin başçıları tərəfindən axırda qaba bir atəşpərəstliyə çevrildi. Atəşpərəstlik isə zatən yuxarıda qeyd olunan şaman (əslində, Qamlıq – F.Ə.) məzhəbində də var idi. Bir çox adətimiz bu dövrlərdən qalmadır. Məsələn, axır çərşənbələrdə atəş yandırıb üzərindən atılmamız və sairə” (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.55).
O yazırdı ki, Şamanizmdən sonra türklərin əsas dini-fəlsəfi təlimi “Göy Tanrı” olmuşdur. Bəzi “şaman”ların yanlış əməlləri nəticəsində “şamanizm” bütpərəstliyə çevrilsə də, ancaq “şaman” bütpərəstliyi uzun sürməmiş və Tanrıçılıq dini yaranmışdır: “Fəqət şu təəddüd ilahə ilə bərabər, Türk oğuzlarda vəhdaniyyəti-rəbbaniyyə fikrinə bir meyil bulunduğuna sahibüssəma mənasına gələn və ilahülilahə olması möhtəmil olan “Tanrı”, yəni Gög Tanrı və yaxud sadəcə “Gög” denilən Allaha dəlalət ediyor. Qədim türklərin ruha etiqadları var idi. Orxon abidəsinə görə, ruh bir quş şəklində təsəvvür olunuyordu. Mövtayı dəfn etmək adəti dəxi talibi-diqqətdir” (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.64).
Hüseynzadənin də yazdığı kimi, bu gün türklərin, o cümlədən Azərbaycan türklərinin Yaz bayramında təbiət ünsürləri (od, su, torpaq və hava) ilə bağlı keçirdiyi mərasimlərin kökü, mənşəyi də zərdüştliyə deyil, şamanizmə/qamlığa gedib çıxır (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.55). Tanrıçılıqdan sonra isə İslam istisna olmaqla türklərin əksəriyyəti başqa dinlərə ciddi şəkildə meyil və istedad göstərməmiş, göstərənlər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq müsəlman türklər həm İslam aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-saxlamışlar (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.57). O yazırdı: “Türk qəvaidi o qədər sadə, o qədər gözəl və məntiqə müvafiqdir ki, onunla ülfət edən türk heç bir vaxt anı tərk eləyib ərəbin qəvaidini qəbul edəməyəcəyi aşkar idi. İştə bu növ səbəblərdəndir ki, türklər dini-mübini-İslamı öz ruh və mənəviyyatlarından nəban etmiş kimi bir şövqi-əzim ilə dərağuş edib onun qəvi bir nigəhbanı olmuş olduqları halda, əsla ərəbləşmədilər və qövmiyəti-nəcibəyi-əsliyyələri mühafizə edə bilib, ancaq o yolda tərəqqiyyata məzhər olmağa başladılar” (Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?”, s.226).
Hüseynzadənin Turançılıq fəlsəfəsi ilə bağlı üçüncü məsələ İslam dininə tapınmış türklərin həm müsəlman aləminin mühüm bir istinadgahına çevrilməsini, həm də öz tayfa və milliyyətlərini qoruyub-saxlamasını, bu zaman ərəblərdən (samilərdən) və iranlılardan (ariyanlardan) fərqliliklərini ifadə etməkdir. Ona görə buna birinci səbəb ərəblər kimi türklərin də böyük bir millət olub, eyni zamanda Ərəbistandan uzaq yaşamaları göstərilsə də, əsas ikinci səbəbdir ki, türklərin dilinin əsasını Turan dil ailəsi, ərəblərin dilini isə Sami dil ailəsi təşkil edir (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s.57). Bu məsələ ilə bağlı Azər Turan yazır: “Tarixən bir dində qərar tuta bilməyən türklərin etiqad dünyasında davamlı sabitlik islamiyyətin zühurundan sonra baş verdi. Başqa dinlərə meyil etməyən türklər milli kimliklərini, etnik yapılarını yalnız İslam dininin vasitəsilə qoruya bildilər, digər tərəfdən də islamlaşsalar da, ərəbləşmədilər. İslamı qəbul edəndən sonra milliyyətlərini qoruya bilməyib ərəbləşən Şimali Afrika, Suriya və Mesopotomiya (Əlcəzirə) xalqlarından fərqli olaraq türklərin öz milli varlığını qoruyub saxlaya bilməsinin tək səbəbini Hüseynzadə hər şeydən əvvəl, Türk dilinin qüdrətində görürdü. Əli bəyin qənaətinə görə, Turan və Saminin siyasi və məfkurəvi çarpışması öncə dil meydanında baş verib. Türk dilinin qaydası Sami dillərinin qaydasına o qədər zidd olub ki, Saminin qamusundan, lüğətindən götürdüyü gen-bol sözlərə rəğmən, Turanın ahəngi Saminin ahəngini həzm edə bilməyib” (Azər Turan “Əli bəy Hüseynzadə”, s.96–97).
Deməli, Hüseynzadə birmənalı şəkildə Turanın Ariyanlar və Samilərlə yanaşı, böyük bir əzəmətə malik olmasını ifadə etmişdir. Türklərlə farsların adət-ənənələri arasındakı fərqləri də otaya qoyan Turançılığın ideoloqu bildirirdi ki, Qacarlarda yaşayan türklərin böyük qismi də məhz Turana bağlı Azərbaycan türkləridir. Əli bəy Hüseynzadə “Füyuzat” jurnalında “İran-Turan” məsələsinə aydınlıq gətirmək üçün yazırdı ki, Firdovsinin “Şahna 1mə”də “İran”ın tarixi və “İran”ı idarə edən sülalələrlə bağlı bəhs etdiyi əfsanələr qədim hind hekayələrindən götürülmüşdür: “Bu hekayələrin nəhayət, Hindistandan uzaqlaşdırılan Zərdüşt tərəfindən İrana gətirildiyi zənn olunuyor. Çünki Pişdadiyan əsatiri hökmdarlarının adları daha əvvəl qədim hind tarixində keçiyor” (Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.111).
Hüseynzadə bu bilgini tanınmış Türk alimi Şəmsəddin Saminin “Qamusi-Elam” əsərindən götürmüşdür. Samiyə görə, Zərdüşt brəhmənlərin dinindən ayırılıb yeni məzhəb icad etdiyindən, vətənindən uzaqlaşdırılmış və o, İrana gəlmiş şah Gəştasib tərəfindən himayə olunmuşdur. İranda yaşayan Zərdüşt qədim hind əsatirlərini (“Cəmşid”, “Zöhhak”, “Firudin” və b.) “iranlı”lara öyrətmiş, bu əsatirlər Zərdüştün tarixi kitabı “Zənd Avesta”da da əks olunmuşdur (“Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.220). Deməli, Ş.Sami kimi Ə.Hüseynzadə də zərdüştiliyi birmənalı şəkildə Hind–İran, Hind–Avropa mədəniyyətinə aid etmişdir. O, “Siyasəti-Fürusət” əsərində isə yazırdı ki, Mənuçöhr, Nuzər və Əfrasiyab (Astiyaq) Turan ya da Midiya padşahları olduqları halda, yalnız Kirlər, Daralar, Kambizlər İran hökmdarları olublar (Əli bəy Hüseynzadə “Siyasəti-Fürusət”, s.66).
Bütün bunlarla yanaşı, o da digər türk aydınları kimi qavram olaraq bu ölkədən bəhs edərkən Qacarlar, Əfşarlar, Səfəvilər, Səlcuqlarla yanaşı, onlara sinonim olaraq “İran”, “İran milləti”, “iranlı”, “İran tarixi” anlayışlarından da istifadə etmişdir. Həmin dövrün təbliğatının nəticəsi olaraq digər aydınlarımız kimi bu anlayışlardan istifadə edən turançılığın ideoloqu, eyni zamanda bir Türk aydını olaraq “İran”a, “İran milləti”nə olan sevgisinə aydınlıq gətirməyə çalışmışdır: “Bizim kimi ümum sair türklərin İrana olan məhəbbəti İranın şimalən həm türk, həm müsəlman, cənubən də ancaq müsəlman bulunduğu üçündür, yoxsa sadə farslıq üçün deyildir. İran farsları ilə bərabər bədəniümumi İslamda bir üzv bulunduqca bizim ona riayətimiz bir kamaldır. Lakin farslar İranı özləri ilə bərabər vücudi-İslamdən ayrı bir şey hesab etməyə və məzahibi-İslamiyyənin heç birinə qənaət etməyərək, yenidən Zərdüştü “təqdisə” və mədəniyyətini əhyaya qalxışdıqca bizim onlarla heç bir əlaqəmiz olamaz. “Füyuzat”ın tutduğu yol türklük, müsəlmanlıq və avropalılıqdır. Türk hissiyyatı ilə mütəhəssis, İslam dini ilə mütədəyyin və Avropa mədəniyyəti-hazirəsilə mütəməddin olmaqdır. Yoxsa farslaşmaq, Zərdüştün sönmüş mədəniyyəti ilə mədəniləşmək deyildir. Şəhərimizdə farsi lisanında çıxaraq üstü örtülü bir Şərq bürokratiyası qoxusu nəşr edən “Həqayiq” məcmuəsi “Həblülmətin” cərideyi-mötəbərəsindən ibrət alıb anlamalı idi ki, farslığın, fars lisanının, fars əfkarının meydani-ictahidi İranın cənubi ilə Bəlucistan və Hindistandır, yoxsa Azərbaycan, Qafqaz, Rusiya və ələlümum Baykal gölündən Afrika səhrayi-kəbirinə qədər imtidad edən Türk aləmi-müəzzəmi deyildir” (Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.180).
Birincisi, Hüseynzadənin bu fikirlərindən belə bir nəticə çıxartmaq olar ki, türklərin, Türk aydınlarının “İran”a olan sevgisi “İran”ın quzeyinin türk-müsəlman güneyindəki farsdillilərin isə müsəlman olmasına görədir. Əgər farsdillilər nə zamansa islamlıqdan imtina edərək zərdüştlüyə dönərlərsə, türklər birmənalı şəkildə onlardan ayrılacaqlar. Başqa sözlə, Hüseynzadə “İran mədəniyyəti” adı altında zərdüştlük maskasına bürünmüş fars şovinistlərinə demək istəyirdi ki, farslarla türkləri bir arada tutan “ortaq vətən” ya da fars mədəniyyət, fars dini (zərdüştlük), fars dili deyil, bu məsələdə əsas rol oynayan İslam dini və İslam mədəniyyətidir. Əgər farslar türklərlə onları birləşdirən əsas bağdan – İslam dini və İslam mədəniyyətindən uzaqlaşıb zərdüştlüyə, fars mədəniyyətinə üz tutmaq niyyətindədirlərsə Türklər onların yoluyla getməyəcəkdir, çünki türklərin öz yolu vardır (Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.184).
“Atəşi-Zərdüştü heç bir vaxt təqdis edəmiyəcəyiz. Biz Zərdüştə Budda və Konfusi ilə bərabər ancaq hörmət edə biləriz” (Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.185) deyən, Hüseynzadə şiəlik-cəfərilik məzhəbinin də “İran”ın, fars mədəniyyətinin adına çıxılmasına qəti etiraz edirdi. O yazırdı: “Şimdi şiə məzhəbini burada zikr etməməkdən istidlal edə bilərəm ki, onu İran ixtiraatından ədd ediyorsan! Lakin yanılyorsan, zikr etdiyin dörd məzhəb (hənəfilik, şafilik, hənbəlilik, maliklik – F.Ə.) ixtiraatdan mədud olamayacağı kimi, şiəlik də nə ixtiradır və nə də İran ixtirasıdır. Haqq bildiyimiz bu beş məzhəbin beşi də islamiyyətin ibtidayi – zühuruna qərib zamanlarda ya çox az sonra övsuq və o vaxt əldə bulunan mənbələrə istinadən ictihad yoluyla təşəkkül etmiş məzhəblərdir. Ona görə də, ixtira deyil, ictihaddır! Onların cümləsi zahirən cüzi ixtilafat ilə bərabər, batinən eyni məqsədə xidmət edirlər. Həblülmətin – İslamdan ayrılmazlar” (Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.184).