İran ABŞ-ın 6 il əvvəl nüvə sazişindən çıxmasından sonra nüvə fəaliyyətlərini sürətləndirməyə davam edir. 3 ildə 60 faiz saf zənginləşdirilmiş uran ehtiyatlarını 14 dəfədən çox artırıb.
“Füyuzat”ın məlumatına görə, 2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri olan ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (5+1) arasında Tehranın nüvə fəaliyyətlərini tənzimləyən və fəaliyyətə nəzarət edən saziş imzalanıb.
Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlanan nüvə sazişi Tehrana uranı 3,67 faiz zənginləşdirməyə davam etməyə və maksimum 300 kiloqram uranı özündə saxlamağa imkan verir.
Müqavilə İrana beynəlxalq bazarda 300 kiloqramdan çox uran satmağa və əvəzində təbii uranı almağa imkan verir. Razılaşmadan əvvəl İran uranı maksimum 20 faiz saflıqda zənginləşdirirdi.