Xəbərlər

Ermənistan Aİ daxil olmaq üçün referendum keçirə bilər

Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) daxil olmağın mümkünlüyü məsələsini referenduma çıxara bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Latviyaya səfəri zamanı bildirib.

“Cəmiyyətimizin bir qərarı var: Avropa İttifaqının bir hissəsi olmaq. Bir neçə gün əvvəl parlamentimizdə Ermənistanın Aİ-yə üzv olması üçün referendumun keçirilməsi ilə bağlı müzakirələr aparıldı. Düşünürəm ki, nə vaxtsa biz də yaxın gələcəkdə Aİ-yə üzv olacağıq. Bunun üçün referendum keçirmək niyyətimiz var və mən əminəm ki, xalqımız buna “hə” deyəcək”, – Simonyan qeyd edib.

Bundan əvvəl Ermənistanda qızğın anti-Rusiya bəyanatları ilə tanınan dörd siyasi partiya Baş nazir Nikol Paşinyana müraciət edərək, Aİ-yə üzvlük məsələsi ilə bağlı ölkədə ümumxalq referendumunun keçirilməsini tələb ediblər. Onlar qərbyönlü siyasi və ictimai qüvvələrin iştirakı ilə parlamentdə dinləmələr də keçiriblər.

Ermənistan son vaxtlar Rusiyanı guya 2020-2023-cü illərdə Azərbaycanla münaqişələr zamanı ona kömək etməməkdə ittiham edib. İrəvan bunu əsas gətirərək Avropa İttifaqı və ona üzv olan ölkələrlə əlaqələri intensivləşdirib. Rusiya dəfələrlə vurğulayıb ki, Moskva həmişə müttəfiqlik öhdəliklərini yerinə yetirib.