Xəbərlər

Orban fon der Leyenin əleyhinə səs verib

Macarıstanın baş naziri Viktor Orban Ursula fon der Leyenin yenidən Avropa Komissiyasının rəhbəri seçilməsini dəstəkləməyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Telex” nəşri məlumat yayıb.

Nəşrin Brüsseldəki diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Orban Portuqaliyanın keçmiş baş naziri Antonio Kostanın Avropa Şurasının prezidenti vəzifəsinə namizədliyini dəstəkləyib və Estoniya baş naziri Kaya Kallasın Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri vəzifəsinə namizədliyi ilə bağlı səsvermədə bitərəf qalıb.

“Macarıstanın baş naziri iclasa son bir neçə gündür dediyi mövqeyə sadiq qalaraq gəlib: o, üç namizədlə bağlı razılaşmanı, xüsusən də fon der Leyenlə bağlı razılaşmanı qəbul edə bilməz”, – nəşr qeyd edib.

Əlavə edilib ki, Orban bunu Avropa Parlamentinə son seçkilərdə sağçı partiyaları dəstəkləyən avropalı seçicilərin aldadılması hesab edir. Buna görə də, o, von der Leyenin əleyhinə səs verib, Kostaya “hə” deyib və Kallasın namizədliyində bitərəf qalıb.

İyunun 27-də Aİ dövlət və hökumət başçıları növbəti beş il üçün icmada rəhbər vəzifələrə təyinatları təsdiqləyiblər. Avropa Şurasının hazırkı prezidenti Şarl Mişel qeyd edib ki, onu bu vəzifədə Kosta əvəz edəcək, fon der Leyen daha bir müddətə vəzifəsində qalacaq, Cozep Borrelin əvəzinə isə Kallas Avropa diplomatiyasına rəhbərlik edəcək.

Məlum olduğu kimi, İtaliyanın baş naziri Giorgia Meloni də Orban kimi Aİ-də kadr məsələlərinin belə bir “paket həlli” ilə razılaşmadığını bildirib. O, Kosta və Kallasın əleyhinə səs verib və fon der Leyenin namizədliyində bitərəf qalıb.