“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri təkqütblü dünyanın divarlarını dağıtmağa, bir çox münaqişələri və ərzaq qıtlığını aradan qaldırmağa qadirdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Astanada keçirilən ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında deyib.
“Biz təkqütblü dünyanın divarlarını dağıtmaq, insanları qida ilə təmin etmək, sosial bərabərsizlik, ərzaq və resursların çatışmazlığı səbəbindən yaranan bir çox ziddiyyətləri və münaqişələri aradan qaldırmaq qüdrətinə sahibik”, – o bildirib.
Lukaşenko qeyd edib ki, məsələn, ərzaq təhlükəsizliyi sahəsində problemlər təkcə iqlim dəyişikliyi və təbii fəlakətlər kimi ənənəvi amillərdən deyil, həm də süni maneələrdən, o cümlədən mineral gübrələrə, avadanlıqlara, bitki mühafizə vasitələrinə, tədarük marşrutlarına qarşı qanunsuz sanksiyalardan irəli gəlir.
ŞƏT-in beynəlxalq mövqeyindən danışan Lukaşenko əlavə edib: “Biz təşkilatımızın nüfuzunun artması, onun müttəfiqlərinin və tərəfdarlarının dairəsinin genişlənməsi üçün hər cür səy göstərməyə çalışacağıq”.
O bəyan edib ki, ŞƏT tərəfdaşlarının artıq enerji, nəqliyyat və logistika, maliyyə və sənaye əməkdaşlığı sahələrində qarşılıqlı faydalı layihələri var.
“Əgər biz platformamızda aydın qaydalar hazırlasaq, hər kəs, o cümlədən ŞƏT-in məsuliyyət regionundan kənarda olanlar bundan faydalanacaq”, – Lukaşenko söyləyib.
Belarus prezidenti həmçinin hesab edir ki, ŞƏT çərçivəsində əməkdaşlıq həm də mədəniyyətlərin qarşılıqlı zənginləşməsidir və bu, xalqların yaxınlaşmasına gətirib çıxaracaq.