Xəbərlər

Rusiya Aİ-nin Ermənistandakı missiyasının daimi ola biləcəyindən narahatdır

“Rusiya Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşən missiyasının Ermənistanın razılığı ilə daimi ola biləcəyindən narahatdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, Qərb ölkələrinin Ermənistandakı missiyası onların məqsədlərinə xidmət edir: “Biz həm də narahatıq ki, İrəvanın razılığı ilə bu missiya nəinki genişlənər, hətta müvəqqətidən daimiyə dönmək təhlükəsi ilə üz-üzədir”.

Mart ayında Ermənistan Parlamenti Avropa İttifaqı ilə 2023-cü ilin noyabrında Aİ-nin Azərbaycanla sərhəddə missiyasının statusu haqqında imzalanmış sazişi ratifikasiya edərək müşahidəçilərə imtiyazlar verib.

Qaluzin qeyd edib ki, Aİ-nin Ermənistandakı missiyasında kanadalı nümayəndələrin görünməsi de-fakto NATO-nun Cənubi Qafqaza daxil olması deməkdir.

“Məlum olduğu kimi, bu ilin aprelində missiyada Kanada nümayəndələri peyda olub. Bu, de-fakto NATO-nun Cənubi Qafqaza məqsədyönlü girişi idi”, – Qaluzin deyib.

O qeyd edib ki, Rusiya tərəfi daim İrəvan və digər regional tərəfdaşlarla Aİ missiyası mövzusunu müzakirə edir.