Aktual

ABŞ – İsrail münasibətlərində gərginlik: Müttəfiq əlaqələr tarixə qovuşur, yoxsa… – ŞƏRH

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Vaşinqton administrasiyasının fələstinlilərə qarşı qanun pozuntuları ilə bağlı İsrail hökumətinə ünvanladığı tənqidlərlə bağlı İsrail Ordusu Radiosuna açıqlama verib.

“Füyuzat”ın məlumatına görə, Dini Sionizm Partiyasının lideri Smotriç ABŞ administrasiyasının İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin fələstinlilərə qarşı irqçi ifadələrini pisləyən bəyanatına sərt sözlərlə reaksiya verib.

Smotriç ABŞ-ın Əfqanıstan və İraqa hücumları zamanı yol verdiyi pozuntulara işarə edərək, onlara hücum edən hər kəsin ikiüzlü olduğunu bildirib.

“Mən amerikalılara və onların Əfqanıstan və İraqda etdiklərinə toxunmaq fikrində deyiləm. Onlar bizə əxlaq və ya insan haqlarını öyrədə bilməzlər. Bu, göz ardı edilə bilməyən ikiüzlülükdür”, – Smotriç deyib.

İsrailli nazir bu sözləri bir müddətdir davam edən və köhnə müttəqfiqlər ABŞ ilə İsrail arasındakı ziddiyyətlərin pik həddə çatdığını göstərir. Maraqlıdır, bu köhnə müttəfiqlik dağılırmı?

“Füyuzat” bununla bağlı politoloq Yusif Bağırovun fikirlərini öyrənib. O bildirib ki, ABŞ və İsrail arasında zaman-zaman bu cür gərginliklər yaşanır:

“Bu yeni bir şey deyil. Xatırlayırsınızsa, hələ 2016-cı ildə ABŞ-ın o zamankı dövlət katibi Con Kerrinin “Qüds həm İsrail, həm də Fələstinin paytaxtı olmalıdır və İsrail öz təhlükəsizliyini təmin etmək naminə Fələstin ərazilərinin işğalına son qoymalıdır” bəyanatından sonra tərəflər arasında gərginlik yaşanmışdı. İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ dövlət katibi Con Kerrinin açıqlamasına cavab olaraq “İsraillilərin hər hansı xarici ölkə liderlərinin sülhün əhəmiyyəti barədə mühazirələrinə ehtiyacı yoxdur” cavabı isə bu gərgin münasibətləri daha da dərinləşdirmişdi. Daha sonra 2021-ci ildə ABŞ–İran danışıqları zamanı İsrailin İrana hər hansı güzəştə getməməyi və sanksiyaları daha da sərtləşdirməklə bağlı çağırışına ABŞ-dan mübət cavab gəlmədiyi üçün münasibətlərdə yenidən soyuqluq yaranmışdı.

Bu il isə İsraildə məhkəmə islahatları ilə bağlı məsələdə yenidən tərəflər arasında problemlər yaşanmağa başladı. Məhkəmə tənzimlənməsi ilə bağlı qərara etiraz olaraq keçirilən aksiyaların ABŞ tərəfindən də dəstəklənməsi və ABŞ prezidenti Co Baydenin “Bu yolda davam edə bilməzlər” deyə açıqlaması, eləcə də ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və dövlət katibi Antoni Blinkenin məhkəmə islahatları ilə bağlı narahatlıqlarını ifadə etməsi Netanyahunun sərt reaksiyası ilə nəticələnmişdi. Netanyahunun “İsrail xarici təzyiqlərə əsaslanaraq qərarlar verən ölkə deyil” açıqlamasının ardınca İsrailin hakim ortağı, ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin də Baydenə “İsrail ABŞ bayrağındakı ulduzlardan biri deyil” deməsi gərgin olan münasibətləri daha da gərginləşdirmişdi”.

Politoloq qeyd edib ki, bu gərginlik fonunda İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu ölkədə davam edən etirazlarla bağlı sosial media hesabından açıqlamalar verərək ABŞ-ı ittiham edib və İsraildəki etirazların arxasında ABŞ Dövlət Departamentinin dayandığını bildirib:

“İndi də ABŞ-ın İsrail hökumətinə qarşı tənqidi və bu tənqidlərə cavab olaraq maliyyə naziri Bezalel Smotriçin “Heç bir xalq onilliklər ərzində terrora qarşı ekzistensial müharibəni yəhudi millətindən daha təmiz və diqqətlə aparmayıb. Mən heç amerikalıların Əfqanıstan və İraqda necə hərəkət etdikləri barədə danışmıram. Onların bizə insan haqları haqqında moizə oxuması böyük ikiüzlülükdür” açıqlaması iki ölkə arasında münasibətlərdə yenidən gərginlik elementlərinin olduğunu deməyə əsas verir.

Amma bütün bunlara baxmayaraq, hökumətlər arasındakı gərginlik bu iki ölkə arasında ittifaqın zəifləməsi demək deyil. Hökumətlər arasında zaman-zaman hər nə qədər gərginliklər ortaya çıxsa da, bu ümumilikdə ölkələrin müttəfiqliyinə xələl gətirməyib və bundan sonra da gətirəcəyini düşünmürəm”.

Yusif Bağırov əlavə edib ki, İsrail prezidenti İsaak Hersoq da son Ağ Ev səfəri haqqında danışarkən bunu təsdiqləyib: “Hersoq bildirib ki, Oval kabinetdə Co Baydenlə danışdım və dedim: “İki şeyi başa düşməyən düşmənlər var. Mübahisəli məsələlərimiz olsa belə, münasibətlərimiz bütün bu mübahisələrdən üstündür”.

Həqiqətən də, ABŞ–İsrail münasibətləri iki ölkə arasındakı bütün mübahisələrin fövqündə dayanır və bu cür hallar tarixi müttəfiliyin sona çatması anlamına gəlməməlidir”.