Xəbərlər

ABŞ üç ölkəyə 95 milyard dollar yardım ayırıb

ABŞ Senatı keçən həftə Nümayəndələr Palatasının qəbul etdiyi İsrail, Ukrayna və Tayvana maliyyə yardımı nəzərdə tutan qanun layihəsini qəbul edib.

“Füyuzat”ın məlumatına görə, qanun layihəsi artıq ABŞ prezidenti Co Baydenin imzalanması üçün təqdim edilib.

Senator Çak Şumer açıqlamasında deyib:

“Bu gecə biz Vladimir Putini Amerikanın qətiyyətini şübhə altına aldığı günə peşman etdik. Bu gecə, altı aydan çox gərgin işdən sonra Senat Amerikanın təhlükəsizliyini və demokratiyanın gələcəyini qorumaq üçün Konqresin illər ərzində qəbul etdiyi ən mühüm tədbirlərdən biri olan milli təhlükəsizliyə əlavə qanun layihəsini qəbul etdi. Qanun layihəsi indi prezident Baydenin masasına gedəcək”.

Qeyd edək ki, ümumilikdə 95 milyard paketin 61 milyard dolları Ukraynaya, 26 milyard dolları İsrailə, 8 milyard dolları isə Hind-Sakit okean regionuna ayrılıb.