Xəbərlər

Ağdamda minaya düşən var, vəziyyəti ağırdır

Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli kəndi ərazisində aprelin 2-də mina hadisəsi baş verib.

“Füyuzat”ın məlumatına görə, bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıblar.

Bildirilib ki, 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”, – məlumatda qeyd olunub.

Həmçinin TƏBİB-dən verilən məlumata görə, minaya düşən Ağdam sakininin vəziyyəti ağırdır.

Ona sağ baldırın aşağı 1/3 hissəsinin amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.