Aprelin 12-də Avropa İttifaqının (Aİ) maliyyə nazirləri Varşavada icmanın müdafiə qabiliyyətini gücləndirmək üçün artıq elan edilmiş digər təşəbbüslərə əlavə olaraq yeni hökumətlərarası müdafiə fondunun yaradılmasını müzakirə edəcəklər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.
“Avropa Müdafiə Mexanizmi (EDM) dövlət borcunun səviyyəsini artırmadan külli miqdarda pul cəlb edəcək ki, bu, bir çox yüksək borcu olan ölkələri narahat edir. Təklif müəlliflərinin fikrincə, fond müxtəlif müdafiə ləvazimatları ala, onlardan istifadəyə görə haqq götürə, həmçinin kreditlər verə biləcək. Fond, həmçinin, Böyük Britaniya, Ukrayna və Norveç kimi icmanın üzvü olmayan dövlətləri də qəbul etməyi planlaşdırır. EDM strateji imkanlara diqqət yetirməlidir, ordular üçün lazım olan bahalı hərbi infrastruktur və avadanlıqlar hazırda tez-tez ABŞ tərəfindən təmin edilir”, – məlumatda bildirilib.