Arktika qlobal istiləşməyə fərqli reaksiya verən üç atmosfer zonasından ibarətdir. Helsinki Universitetinin alimləri apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər. Tədqiqat 2003–2024-cü illərdə Arktikadakı səkkiz stansiyada aerozolların müşahidəsi zamanı toplanmış məlumatlara əsaslanır.
“Füyuzat” xəbər verir ki, nəticələr “Nature Geoscience” jurnalında dərc olunub.
Tədqiqatçılar yerüstü ölçmələrin nəticələrini peyk məlumatları ilə birləşdirərək kompüter təhlili vasitəsilə üç zona müəyyən ediblər: Yüksək Arktika, dəniz Arktikası və kontinental ərazilər.
Qrenlandiya və Kanada Arktika arxipelaqının daxil olduğu Yüksək Arktikada istiləşmə və dəniz buzlarının sahəsinin azalması buludların əmələ gəlməsi üçün zəruri olan hissəciklərin yaranmasını sürətləndirə bilər. Tədqiqatın müəlliflərinin hesablamalarına görə, XXI əsrin sonuna qədər bu zonada həmin hissəciklərin konsentrasiyası 3–16 faiz arta bilər.
“Barens və Norveç dənizlərinin daxil olduğu dəniz Arktikasında isə əksinə, bulud damcılarının əmələ gəlməsinə şərait yaradan hissəciklərin konsentrasiyasının 15–31 faiz azalacağı proqnozlaşdırılır. Yeni aerozolların yaranması üçün əlverişli şərait olsa da, bu hissəciklər lazımi ölçüyə qədər böyüməyə macal tapmaya bilər”, – deyə alimlər müəyyən ediblər.
Kontinental Arktikada isə vəziyyət, ilk növbədə, hava axınlarının digər bölgələrdən gətirdiyi maddələrdən asılıdır. Burada atmosferin tərkibinə Avropa, Sibir və Şimali Amerikadakı sənaye müəssisələrinin tullantıları, meşə yanğınları və kənd təsərrüfatı fəaliyyəti təsir göstərir.
Aerozol hissəcikləri bulud damcılarının əmələ gəlməsi üçün əsas rolu oynayır. Onların miqdarının dəyişməsi buludların xüsusiyyətlərinə, Yer səthinə çatan günəş işığının miqdarına və atmosferdə saxlanılan istiliyin həcminə təsir edir.
Müəlliflərin fikrincə, iqlim modelləri hazırlanarkən bu üç zona arasındakı fərqlər nəzərə alınmalıdır. Bu, planet üzrə orta göstəricidən təxminən dörd dəfə sürətlə istiləşən Arktikada baş verəcək dəyişiklikləri daha dəqiq proqnozlaşdırmağa imkan verəcək.



