Xəbərlər

Almaniya XİN Türkiyənin Hannoverdəki Baş Konsulluğuna hücumu pisləyib

Almaniya Xarici İşlər Nazirliyi Türkiyə Respublikasının Hannoverdəki Baş Konsulluğuna hücumu qətiyyətlə pisləyir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

“Almaniya hökuməti Türkiyənin Hannoverdəki Baş Konsulluğuna dünənki hücumdan xəbərdardır. Biz bunu ən sərt şəkildə qınayırıq. Türkiyə tərəfi ilə əlaqə saxlayırıq. Ümid edirik ki, cinayətkarlar tez bir zamanda aşkar edilərək cəzalandırılacaqlar”, – Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

“Hazırda təşkilatçılar barədə məlumatım yoxdur. Araşdırma aparılır”, – o əlavə edib.

Qeyd edək ki, çərşənbə günü səhər saatlarında Türkiyənin Xarici İşlər Nazirliyi respublikanın Hannoverdəki baş konsulluğuna hücumla bağlı Almaniya hakimiyyətinə Türkiyə vətəndaşlarının və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb. İdarənin məlumatına görə, martın 26-na keçən gecə terror təşkilatı tərəfdarları Türkiyənin Baş Konsulluğunun girişinə hücum ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Türkiyə Xarici İşlər Nazirliyi qeyd ki, tamamilə sıradan çıxarılmaqda olan PKK terror təşkilatı Avropadakı türk icmasına qarşı fəaliyyətini gücləndirir.

Türkiyə mətbuatının yazdığına görə, Hannoverdə bir qrup PKK tərəfdarı bu təşkilata dəstək yürüşü keçirib. 12 iştirakçı Baş Konsulluğa gələrək binanın girişindəki pəncərələri sındırmağa cəhd ediblər.