Vaşinqton: “Nömrə Bir Paytaxt”
İki ilə yaxındır ki, “Fuyuzat.az”da ölkə daxili və xaricində səfər etdiyim şəhərlərlə bağlı səyahət yazıları yazmağa başladım. Bu günə qədər, əsasən, Azərbaycan, Türkiyə, Avropa kimi yaxın coğrafi ərazilərdən yazırdım. Bu yazılar seriyasında isə Amerikanı Vaşinqton, Klivlend, Louisvillevə Denver çərçivəsində yazacağam. Türkiyədə doktorantura təhsili alarkən Amerikada magistr və doktorantura təhsili almış müəllimlərimdən biri: “ABŞ çağdaş dünyanın Romasıdır. Mütləq görməlisiniz”, – deyərdi. Bu yazıları tarixin yaddaşına köçürməklə yanaşı, əsasən, tələbələrim və gənc nəsil üçün yazıram və deməliyəm ki, mütləq ABŞ-yə səfər etmək üçün çalışmalısınız. Gələ bilməsəniz belə, ABŞ-yə gəlmək üçün müraciət prosesi, sənədləşmə və s. bütün digər dövlətlərdən fərqlilik ərz edəcək və sizə yeni nələrsə öyrədəcəkdir. Qısası, Amerikanı görmək lazımdır!
Bu yazıda proqram haqqında giriş və Vaşinqton təəssüratlarımı yazacağam.
Bu il 1940-cı ildən etibarən ABŞ Dövlət Departamenti Təhsil və Mədəniyyət bürosu tərəfindən təşkil edilən Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramına (IVLP) seçildim. Belə ki, artıq 85 ildir təşkil edilən proqram dünyanın müxtəlif regionlarından ölkələrinə xidmət etmək potensialı olan elm adamlarını, ekspertləri, jurnalistləri, diplomatları və s. ixtisaslarına uyğun intensiv 3 həftəlik kursa cəlb edir. Proqramın məzunları arasında dövlət və hökumət başçıları daxil olmaqla, elm adamları, siyasətçilər və s. var. Proqramda iştirakçılara ABŞ-nin Qlobal Məzunlar Assosiasiyasına üzv olmağa da imkan yaradır.
Beləliklə, 14 fevral – 7 mart tarixləri arasında baş tutacaq ilk ABŞ səfərim başladı. Bu il iştirak etdiyimiz proqram “ABŞ Xarici siyasəti və qlobal çağırışlar” mövzusuna həsr edilmişdi.
Bildirməliyəm ki, səfərin bir digər xüsusiyyəti odur ki, bu il Amerika Birləşmiş Ştatlarının yaranmasından (4 iyul, 1776) 250 il ötür. Belə bir tarixi bayram ərəfəsində ABŞ-da (Vaşinqtonda) olmaq xüsusi olaraq dəyərlidir. Digər tərəfdən ABŞ prezidenti Donlad Trampın təşəbbüsü ilə Davos İqtisadi Forumunda elan edilən və Azərbaycanın da qurucular arasında olduğu “Sülh Şurası”nın (Board of Peace) da inaqurasiya toplantısı da məhz bizim Vaşinqtonda olduğumuz ərəfədə baş tutdu. Qısası, Vaşinqton səfərim tarixi bir mərhələyə təsadüf etdi.
ABŞ səfəri “Lufthansa” hava şirkətinə məxsus təyyarə ilə Frankfurta, oradan da ABŞ-nin “United Airlines” hava yolu şirkətinə məxsus təyyarə ilə Vaşinqtona uçuşla tamamlandı.
Təxminən 20 saatlıq uçuşdan sonra “United Airlines” ə məxsus təyyarə Dulles hava limanına endi. Sonra iki saata yaxın pasport kontrol növbəsi gözləməyimə baxmayaraq, növbə mənə çatanda sürətlə keçdim. Növbə uzandıqca hərhalda ABŞ-yə daxil ola bilmədən geri dönəcəyik deyə düşünməyə başlamışdım ki, polis məmuru sənədlərimə qısa baxışdan sonra Vaşinqton torpağına daxil olmağıma icazə verən möhürü basdı…
ABŞ-yə səfər etdikdən sonra ilk öyrəndiyiniz yeniliklərdən biri bütün xidmətlərə bəxşiş (tip) verməli olduğunuz və qiymətlərin baha olmasıdır. Taksi xidməti ilə bu yeniliyə öyrəşməyə başladıq. Hava limanından təxminən 40 dəqiqəlik Vaşinqtonun şimal-qərb bölgəsində səfirliklərin yerləşdiyi bölgədə tarixi Çörçil (1906) otelinə yerləşdim.
Ancaq ilk andan etibarən bizi peşəkar bir komandanın gözlədiyini də hiss etməyə başlamışdım. Üç həftə ərzində bizə rəhbərlik edəcək Vendi, Con və Karlosun peşəkarlığı, səmimiyyəti və punktuallığı öyrəşmə və adaptasiya prosesini daha asan, sürətli etdi. İlk gələn iştirakçı olaraq bazar gününü şəhəri gəzməyə həsr etdim. Həftəlik təşkil edilən və orqanik məhsulların satıldığı bazarda 9 dollara orqanik çörəyi gördükdə Vaşinqtonun bahalıqda heç də Bakıdan geri qalmadığına təkrar təcrübə etdim… Təbii olaraq bu mənim azərbaycanlı baxışımdır..
Məlum olduğu kimi Amerika Birləşmiş Ştatlarında hər bir ştat mütəşəkkil özünəməxsus federal sistemə sahibdir. Belə ki, Vaşinqtonda olan vergi ilə Klivlenddəki vergi arasında fərq ola bilər. Federal sistemə baxmayaraq, ölkənin paytaxtı dünyadakı digər paytaxtlardan fərqlənir. Vaşinqtonun prezidenti də toxunulmaz edən özünəməxsus statusu var. Belə ki, Vaşinqton Virciniya və Merilend ştatlarından alınan toprlaqlar əsasında Potomak çayı sahilində salınmışdır. Lakin Virciniya torpaqları sonradan geri verilmişdir. Məlumat üçün bildirim ki, yeni və prezidenti toxunulmaz edəcək özünəməxsus statusa sahib paytaxt fikri 1783-cü ildə Filadelfiyada baş verən üsyan nəticəsində ortaya çıxmışdır. Yeni paytaxt fikri Ceyms Madisonun 1788-ci ildə nəşr edilən “Federalist No.43” kitabı ilə edilmişdir. Nəticədə, Vaşinqton konstitusiyanın 1 maddə, 8-ci bəndinə əsasən, müəyyən ştatların torpaq verməsi və konqresin razılığı ilə ABŞ-ın paytaxtı olmuşdur.
Bazar günü iştirakçılar gəlməyə başladı. Bu il iştirakçılar Azərbaycan, Türkiyə, Ermənistan, İtaliya, İsveç, Malta, Slovakiya, Almaniya, Luksemburq, Polşa, İspaniya, Latviya, Çex Respublikasından seçilmişdi. İştirakçılar peşə olaraq akademiyadan, dövlət qurumlarından, jurnalistika, qeyri-hökumət təşkilatı kimi müxtəlif sahələrdən seçilmişdi.
Ümumən qeyd etməliyəm ki, komandalarda bir-birindən dəyərli iştirakçılar var idi. Təşkilatçılar sadəcə bir peşədən iştirakçılar cəlb etmək əvəzinə, müxtəlif peşə sahələrinə yönəlmişdilər ki, bu mənim üçün də çox faydalı oldu. İştirakçılar arasında Bolonya Universitetinin professoru, öz ölkəsinin Müdafiə, Xarici İşlər Nazirliklərindən çalışanlar da var idi. Beləliklə, onlarla vaxt keçirtmək mənim üçün son dərəcə faydalı və öyrədici oldu.
16 fevral günü rəsmi bayram olduğundan heyətlə tanışlıqdan sonra qrup rəhbərlərimiz Vendi, Con və Karlos ilə birgə şəhər turuna yollandıq. Vaşinqtonda Ağ Ev, Konqres, Linkoln Memorial, Luter abidəsi kimi bütün beynəlxalq qonaqların gəzmək istəyəcəyi yerləri gördük. Turist rəhbəri olaraq təyin olunan və əslən yaxın şərqdən olan Lea Aridanınmöhtəşəm izahı şəhər turunu daha maraqlı etdi. Lakin Ağ Evin önünə gəldiyimizdə təmir bərpa işləri ilə əlaqədar geniş çəpərləmənin olduğunu gördük. Bir çox iştirakçılar Ağ Evin məşhur çəpərlərinin önündə şəkil çəkdirə bilmədiyi üçün məyus oldu. Lakin dünyanın gedişatını, dövlətlərin daxili siyasətə daha çox fokuslandığını düşündükdə bu da anlamlı bir xatirə oldu. Əslində, Ağ Evlə bağlı xatirəni daha maraqlı etmiş oldu.
Xaricdə səfərlərim çərçivəsində kitab mağazalarını, sənət əsərlərinin nümayiş edildiyi və satıldığı məkanları, muzeyləri gəzməyi xüsusi olaraq önəmsəyirəm. Vaşinqtonda ilk gündə bir neçə kitab mağazasını gəzdim. İkinci əl kitab mağazalarının birində siyasətə, fəlsəfəyə, tarixə dair kitab axtararkən Tramp dövrü ABŞ və dünyasını anlamaq üçün anlamlı “Millətçi canlanma” (“The Nationalist Revival”) kitabını aldım. Səfər ərəfəsində oxuduğum və fəlsəfə təhsili almış bir jurnalist tərəfindən yazılmış kitab Tramp ABŞ-sini və dünyasını anlamaq üçün faydalı oldu. Ümumən Vaşinqtonda həm ikinci əl, həm də yeni kitabların satıldığı xeyli kitab mağazası var idi. Ankara səfərimdə gördüyüm kimi insanlar yemək məkanlarına daxil olduqları kimi, kitabçıları da doldururdular. Vaşinqtondakı bir həftə ərzində bir neçə kitab mağazasını gəzmək fürsətim oldu.
Şəhəri gəzərkən memarlığın harmoniyası ilə yanaşı, köhnə binaların mühafizə edildiyini də müşahidə etmək mümkün olur. Ümumən sonra olduğumuz digər şəhərlərdə də köhnə binaların mühafizə edildiyini, hətta bununla məşğul olan qurumların olduğunu gördük.
17 fevraldan etibarən intensiv Vaşinqton proqramımız başladı. İlkin olaraq proqramın təşkilində mühüm rolu olan Beynəlxalq Meridian Mərkəzində (Meridian International Center) olduq. Bizi çox yaxşı qarşıladılar. Sonra ard-arda Müharibə Departamenti, Dövlət Departamenti, Konqres Araşdırma Servisi, ABŞ Dövlət Kommersiya Departamenti, Amerika Sahibkarlıq İnstitutu vəABŞ-nin özəl universitetlərindən olan Amerika Universiteti ilə Vaşinqtondakı rəsmi görüş və toplantılarımız tamamlanmış oldu. Amerika Universitetində akademik heyətlə görüşlə yanaşı, Amerika və Avropanın müxtəlif ölkələrindən olan tələbələrlə görüşmək də xüsusi maraqlı oldu.
Burada xüsusi olaraq Azərbaycanın Vaşinqtonda tanınmasına yer ayırmaq istəyirəm.
İllər əvvəl müstəqil Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarına təyin edilmiş ilk səfiri olaraq uzun illər xidmət etmiş prof. Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabını oxumuşdum. Həmin kitabın sətirlərindən 90-cı illərdə Vaşinqtonda Azərbaycanın adının, yerləşdiyi coğrafiyanın belə bilinmədiyini xatırlayırıq. Ancaq “IVLP 2026” çərçivəsindəki səfərim zamanı Vaşinqtonda Azərbaycan adının dövlət qurumları, düşüncə mərkəzləri, universitetdə tələbə və professorlar tərəfindən tanındığını gördüm. Belə ki, Amerika Universitetində olarkən bir magistr tələbəsinin təsadüfən Azərbaycanda milli kimliyin formalaşması mövzusunda magistr dissertasiyasını yazdığını öyrəndim. Qısası, Azərbaycan Vaşinqtonda tanınmaqla yanaşı, etibarlı tərəfdaş (reliable) olaraq qəbul edilməyə başlanıb. Bu isə öz növbəsində Azərbaycan və ümumən region üçün olduqca əhəmiyyətlidir. Ümid edirəm ki, bu münasibətlər institutlaşaraq gələcəyə ötürülə bilər.
Bu böyük zəfərlə ərazi bütövlüyünü tamamlamış, lakin hələ gənc və böyük təhdidlər qarşısında zəif olan Azərbaycan və region üçün olduqca əhəmiyyətlidir. 9 avqust 2025-ci ildə Vaşinqtonda baş tutan sammitin təsiri özünü göstərmişdir. Azərbaycan artıq ABŞ departamenti ilə birbaşa iqtisadi-siyasi əlaqə qurmaq imkan və qabiliyyətini qazanmışdır.
Mövzu ABŞ xarici siyasəti və qlobal çağırışlar olduğundan və qonaqların əksəriyyəti də məhz Avropadan qatıldığı üçün Vaşinqton səfərimiz çərçivəsində avropalı iştirakçılar ilə amerikalı mütəxəssisslər arasında çox maraqlı və faydalı müzakirələrə şahid olduq. Cənubi Qafqaz artıq Vaşinqtonda bilinir və qəbul edilir. Dəhlizin reallaşması əlaqələri daha da möhkəmləndirəcəkdir.
Ümumən ABŞ II Dünya müharibəsindən sonra Avropanın inşasında xüsusilə təhlükəsizlik nöqteyi nəzərindən aparıcı rol oynayıb. Avropa birliklə iqtisadi, mədəni inşanı öz öhdəsinə götürmüş, ABŞ isə təhlükəsizliyin təminində xüsusi rol oynamışdır. Bu günlərdə isə Tramp administrasiyası ilə Brüssel arasında gərgin müzakirələr gedir. Bu bizim Vaşinqtonda görüşlərimizdə də özünü göstərdi. Amerikalı mütəxəssislər və avropalı iştirakçılar arasında olduqca faydalı müzakirələr (bəzən fikir ayrılığı da) oldu. İştirakçıların, əsasən, Avropadan olması, həm də Cənubi Qafqazın ABŞ siyasətinə yeni daxil olduğunu nəzərə alsaq, bu normal idi. Digər tərəfdən Vaşinqtondakı görüşlərdə Türkiyənin Amerika tərəfindən ciddi bir tərəfdaş kimi qəbul edildiyini də müşahidə etdim.
Vaşinqtondan hələlik bu qədər…

İkinci əl kitab mağazası: məşhur “New York Times” qəzetinin 15 fevral, 2026 nömrəsi. Kağızın ömrü sürətlə azalır…

Vaşinqtonda həftəlik əl işlərinin, tarixi sənədlərin satıldığı bir bazar. Köhnə bir Danimarka xəritəsi…

Linkoln Memorial.

Ağ Ev.

Müharibə Departamenti (Pentaqon).

”IVLP 2026” iştirakçıları və təşkilatçılarla Meridian Beynəlxalq Mərkəzinin baş ofisində.

“IVLP 2026” iştirakçıları – Konqres Kitabxanasında.

Meridian Beynəlxalq Mərkəzində “Federalizm” seminarından.

ABŞ Dövlət Departamenti.

Kapitol

“IVLP 2026″ iştirakçıları ilə Amerikan Universitetində

“IVLP 2026” – ABŞ Xarici Siyasəti programının üç həftə bizimlə Amerikanı gəzən möhtəşəm qrup rəhbərləri – soldan sağa Con, Vendi və Karlos



